7 Oktyabr 2021 19:28
2 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bölgədə yaratdığı yeni reallıq, geosiyasi konfiqurasiya bir çox ölkələri narahat edir. Belə narahatlıq qonşu dövlətlər tərəfindən biruzə verilirsə, bu təəssüf doğurur. Bu mənada İranın yeni Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın Rusiyaya səfəri və oradakı davranışları, mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər təəccüb və ironiya ilə qarşılanıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun fikrincə, İranın təcrübəsiz yeni xarici işlər naziri Moskvada həmkarı Sergey Lavrovla görüşdə özünü apara bilməyib: “Hələ yeni olduğu üçün adi etiket və protokol qaydalarına sahib olmayan iranlı nazir özünü mətbuat nümayəndələrinin qarşısında çıxılmaz duruma salıb”.

Deputat qeyd edib ki, iranlı nazir Moskva hava limanında jurnalistin “pas-sualı”ndan sonra Azərbaycandan şikayətlənməsi fonunda onun təcrübəsizliyi daha açıq nümayiş olunub: “Diplomatik-etik qaydaları bilməyən, bir ölkəyə düşər-düşməz başqa ölkədən şikayət etməklə özünü gülünc vəziyyətə salan İranın yeni XİN rəhbərinin bundan sonrakı fəaliyyəti suallar yaradır. Eyni zamanda iranlı jurnalist Lavrova “pas-sual”ı tam əks nəticə verib. Beləliklə, rusiyalı nazir iranlı həmkarını pərt edib. Bu zaman ortaya çıxan mənzərə daha ironik olub. Sanki Lavrov iranlı həmkarına yeni diplomatik, etiket qaydaları öyrədirmiş kimi bir mənzərə yaranıb”.

Vüqar İskəndərova görə, Azərbaycana qarşı təsdiqlənməmiş uydurmalar səsləndirən İran XİN-nin rəhbərinin boşboğazlığı beynəlxalq arenada ciddi qəbul edilməyib: “Əslində bu vəziyyətdə onun özü də məsələnin fərqində olmayıb. Elə buna görə də, Abdullahiyan Moskvada biabırçı duruma düşüb”.


Müəllif: Tapdıq Qurbanlı