11 Oktyabr 2021 15:57
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elman müəllim, Prezident İlham Əliyev işğaldan azad olunmasının bir ili münasibətilə Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər etdi. Orada rayon ictimiyyəti ilə görüşdə siz də iştirak etdiniz, təəssüratlarınız necədir?

- Milli Məclisdə 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Seçki dairəsini təmsil edirəm. Xocavənd rayonu da mənim üçün doğma məkandır. Bura həmçinin Qarabağımızın gözəl guşələrindən biridir. O ərazilər öz tarixi, təbii ecazkarlığı ilə hər zaman diqqət çəkib. Prezident İlham Əliyevin də Hadrutun işğaldan azad olunduğu günü ora səfəri zamanı hadrutlularla, xocavəndlilərlə, Tuğ sakinləri ilə görüşündə bu ərazilərin ecazkarlığından, tarixindən bəhs etdi. Dövlət başçısı həmçinin orada gələcəkdə turizm mərkəzinin yaradılması ilə bağlı da xəbər verdi. Çünki Tuğ kəndi təbiətin bütün gözəllikləri ilə əhatə olunub.

- II Qarabağ müharibəsində Hadrutun azad edilməsi nələri dəyişdi?

- Şanlı Azərbaycan Ordusunun böyük şücaəti ilə tarixi Hadrut qəsəbəsi erməni tapdağından azad olundu. Bu, düşmənin demək olar ki, sarsılmasına, Azərbaycan ordusu qarşısındakı acizliyini daha açıq biruzə verməsinə səbəb oldu.

- Hadrut qəsəbəsi əvvəl hansı inzibati bölgüyə aid olub?

- Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar vilayətində ayrıca bir rayon idi. Qəsəbə də bu rayonun mərkəzi hesab olunurdu. Məhz 30 ilə yaxın ermənilərin də yaratdığı cinayətkar rejim Hadrutu da əhatə edirdi.

- Qəsəbənin strateji əhəmiyyəti necə qiymətləndirilir?

- II Qarabağ müharibəsində Azərbaycan ordusu şimaldan Talış, Suqovuşan, yuxarıdan keçmiş Hadrut rayonu, yəni Xocavənd rayonunun ərazisinin 50-60 faizi işğaldan azad edib. Bu, vacib bir məqamdır. Hörmətli Prezident də bunu xüsusilə qeyd etdi. Qəsəbə çox böyük strateji üstünlüyə, əhəmiyyətə malikdir. Məhz bu qəsəbənin rəşadətli ordumuz tərəfindən azad edilməsi düşmənə sarsıdıcı zərbə vurdu. Bununla da erməni işğalçılar məğlubiyyətin qaçılmaz olduğunı anladılar.

- Hadrutun yaranması tarixi hansı dövrə təsadüf edir?

- Hadrut qəsəbəsinin tarixi İran-Rusiya müharibələri dövrünə təsadüf edir. Bura kiçik bir kənd olub. O dövrdə rus “pristavlığı” burada yerləşib. Rus kazaklarının qarnizonu da burada olub. Çünki ərazi İranla sərhədə yaxındır. 1813-1828-ci ilə İran-Rus müharibələri dövründə Hadrutda bu məsələlərlə bağlı işlər görülüb.

- Tuğ kəndi Xocavənd rayonu ərazisində hansı tarixi önəmə malikdir?

- Tuğ kəndi qədim tarixə malikdir. Tuğ əski türk dilində "bayraq", "bayraqdar" deməkdir. Buradan adlı-sanlı, soylu, köklü nəsillər çıxıb, onlardan Məlikaslanovları da xüsusilə qeyd etmək olar. Bu ərazilər qədim türk yurdu kimi tarixə, mədəniyyətə malikdir. Tuğun tarixi bütövlükdə Xocavəndin, Qarabağın tarixi ilə eynilik təşkil edir.

- Ermənilər o əraziyə hansı dövrdə köçürülüb?

- Ermənilər bu əraziyə sonradan köçürülüb. Tarixə nəzər saldıqda biz orada ermənilərlə bağlı heç bir izə rast gəlmirik. Dövlət başçısının Tuğa səfəri zamanı biz yüksəklikdə yerləşən Alban məbədinə qalxdıq, ətrafa göz gəzdirdik və ərazininin tarixi, qədim türk toponimləri barədə söhbət açıldı. Sözsüz ki, 30 illik işğal dövründə orada erməniləşmiş, saxtakarlığa məruz qalmış abidələr var. Amma tarixi nə qədər dəyişsən də onun mahiyyətindən uzaqlaşdırmaq mümkün olmur. Çünki bütün nişanələr sübüt edir ki, ora bizim qədim türk məskənimiz olub. Ermənilər isə sonradan bu ərazilərə məkrli niyyət üçün köçürülüb.


Müəllif: Tapdıq Qurbanlı