11 Oktyabr 2021 13:11
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müstəqilliyimizin 30 illiyini ərazi bütövlüyümüzün bərpası ilə qeyd edirik. Belə ərəfədə bu layihənin ortaya çıxarılması, məsələlərə aydınlıq gətirilməsi baxımından əhəmiyyətə malikdir”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə Müstəqillik Günü haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

O xatırladıb ki, bir neçə gündür layihə ətrafında ictimai müzakirələr gedir:

“Müzakirələr cümhuriyyət və ya istiqlal günü ifadəsinin olmasına dair fərqli arqumentlərlə əsaslandırılır. Amma bunlar bir-birinə qarşı qoyulmur, əksinə zəngin materiallar ortaya çıxarır”.

Məsimli bildirib ki, 1918-ci ildə dünyaya müraciətdə İstiqlal bəyannaməsi adlandırılıb, bunu edən xadimlər xaricdə mühacirətdə yazdığı məqalələrdə istiqlal ifadəsini daha çox işlədiblər: “Bu məntiqdən çıxış edərkən babalarımızın təcrübəsinə istinad etməklə Müstəqillik Günü ifadəsi doğrudur.

İkincisi, arada 70 il ərzində zaman etibarən fərqli olsa da, mahiyyətlə eynidir. 18 oktyabrın istiqlalın bərpası künü kimi qeyd edilməsi bir-birini tamamlayır”.

Əli Məsimli deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min, onun varisi olan Azərbaycan Respublikasının ərazisi 86,6 min kvadratkilometrdir: “Bu da bizə qarşı ərazi iddiaları irəli sürənlərə qarşı ciddi arquement verir.

Layihədəki üçüncü maddə ilə bağlı deyim ki, indi qüvvədə olan qanunvericilik sənədlərinə görə, 28 may qeyri-iş günü, 18 oktyabr iş günüdür. Məncə, bunlar bir yerə gətirilirsə, onların arasında fərq qoyulmamalıdır. Başqa sözlə, 18 oktyabr da qeyri-iş günü olmalıdır”.

Sonda deputat bildirib ki, mütəqilliyimizin bərpasında iştirak edən, xidməti olan insanlarla bağlı yəqin ki, qərarlar olacaq:

“Müstəqilliyimizin 10 və 20-ci illərində belə qərarlar olub. Yəqin ki, müstəqilliyimizin 30-cu illiyində də qərar olacaq. Hesab edirəm ki, o dövrdəki parlament üzvü olanların təqaüd məsələlərinə yenidən baxılması və müsbət həll edilməsi yaxşı olardı”.


Müəllif: Nemət