11 Oktyabr 2021 17:15
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir il əvvəl 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan sona qədər ləyaqətlə mübarizə apardı. Azərbaycan müharibə dövründə Ermənistanın yalnız hərbi infrastrukturunu hədəfə alır, mülki obyektlərə isə atəş açılmırdı. Lakin mənfur düşmən öz ənənəsinə və xislətinə sadiq qalaraq, 44 günlük savaşda da müharibə cinayətlərinə əl atdı. Düz 1 il əvvəl – 11 oktyabr 2020-ci il gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələri ikinci dəfə müharibənin aparıldığı bölgədən uzaqda yerləşən Gəncədə yerləşən çoxmənzilli yaşayış binalarını qadağan edilmiş raketlərdən atəşə tutdu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Ermənistanın bu hərbi cinayəti nəticəsində onlarla insan həlak olub və yaralanıb: “Düşmənin məqsədi insanlar arasında qorxu və panika yaratmaq, mübarizlik əzmini qırmaq idi. Amma Gəncə sakinləri və bütövlükdə xalqımız düşmənin bu təxribatlarına əzmkarlıqla cavab verdi. Hərbi əməliyyatlarda bir addım belə geri çəkilməyən ordumuz kimi xalqımız da ərazi bütövlüyümüzün bərpası istiqamətində vahid mövqe sərgilədi”.

Deputat vurğulayıb ki, Azərbaycan xalqı 30 il bu arzu ilə yaşayıb: “Heç bir güc bizi dövlət və xalq olaraq bu amalımızdan yayındıra bilmədi. Düşmən isə işğal dövründə olduğu kimi, 44 günlük müharibədə də hərbi cinayətlərini davam etdirdi. Bu, növbəti dəfə beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də IV Cenevrə Konvensiyasının “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının müddəalarını, eyni zamanda 2020-ci il 10 oktyabr tarixində elan edilmiş humanitar atəşkəs rejiminin kobud şəkildə pozulması idi”.

Könül Nurullayeva xatırladıb ki, ötən bir il ərzində Ermənistanın intensiv müharibə cinayətləri ilə bağlı çoxsaylı beynəlxalq təşkilatlara müraciətlər edilib: “Bütün faktlar Ermənistan hərbi-siyasi rəhbərliyinə qarşı müvafiq cəza tədbirlərinin görülməsi üçün kifayətdir. Gəncə terroru başda olmaqla Ermənistan bütün müharibə cinayətlərinə görə cavab verəcək. Azərbaycan 44 günlük müharibədə qalib gəldi və ərazi bütövlüyünü bərpa etdi. Amma Ermənistanın törətdiyi müharibə cinayətlərini unutmadıq və unutmayacağıq. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın qələbəsinin əslində nə qədər böyük əhəmiyyət daşıdığını görür. Eyni zamanda müharibə cinayətlərinin yolverilməzliyi bütün dünyaya nümayiş edildi”.


Müəllif: Tapdıq Qurbanlı