12 Oktyabr 2021 15:32
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışında mühüm məsələlər şərh olunub. Azərbaycanın Hərəkata sədrliyi dövründəki prioritetləri, gələcək fəaliyyətlə bağlı bir sıra təşəbbüslərlə çıxış etdiyi diqqətə çatdırılıb. Bütün dünya üçün başlıca təhdid olan pandemiyadan sonrakı dövr üçün Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə yüksək səviyyəli görüşün təşkili ilə bağlı təşəbbüslər irəli sürülüb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19-dan sonra daha yaxşı bərpa üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlanacaq: “COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli BMT Panelinin yaradılması diqqətə çatdırılıb. Bununla bağlı Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxış etmişdi. Eyni zamanda QH üzvlərinin parlamentariləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, gənclər şəbəkəsinin formalaşdırılması ilə bağlı mühüm təkliflər irəli sürülüb”.

Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarda, BMT-də Azərbaycanın Hərəkata sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər mühüm əhəmiyyət kəsb edir: “Bu, Azərbaycan Prezidentinin Hərəkatın beynəlxalq nüfuzunun güclənməsinə önəmli töhfəsi kimi qiymətləndirilir”.

Cavid Osmanovun fikrincə, Prezident İlham Əliyevin daha bir mötəbər beynəlxalq tribunadan Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qalmasını elan etməsi vacib, prinsipial mövqe kimi qəbul edilir: “Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsi Azərbaycana mühüm dəstək verdi. Bu, Azərbaycana, sülhə və təhlükəsizliyə olan yanaşmaları ortaya qoyan bir mövqe idi. Sözsüz ki, Azərbaycanın BMT-dən sonra ikinci ən böyük təsisatda Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyəti böyük maraqla izlənilir. Məhz bu amil Hərəkata üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin 2023-cü ilin sonuna qədər uzadılması barədə qərarını şərtləndirib. Birmənalı olaraq Azərbaycan dövlətinə olan bu cür qiymət Prezident İlham Əliyevin dünyadakı nüfuzu, onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir”.


Müəllif: Tapdıq Qurbanlı