13 Oktyabr 2021 09:28
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, hazırda regionda baş verən siyasi prosesləri necə dəyərləndirirsiniz?

- Bütün proseslər Azərbaycanın yaratdığı real prosesə uyğun şəkildə davam edir. Bu reallıq yalnız Azərbaycanı dəyişdirmədi. Sadəcə olaraq bunu ilk zamanlarda hamımız hiss etmirdik. Çünki prosesin üzərindən çox da uzun bir zaman keçməmişdi. Çünki geosiyasi məsələlər bir anın içərisində dəyişmir. Məhz 44 günlük müharibə bu şərtləri diktə edir. Azərbaycan tamamilə yeni bir mərhələdə özünü dərk etməsi, regiondakı proseslərə təsir imkanı, yeni əlaqələrin formalaşmasına imkan yaradıb.

- Müharibədən sonra Azərbaycanın regiondakı nüfuzunu necə qiymətləndirmək olar?

- Heç kimə sirr deyil ki, bu gün Azərbaycan regionda söz, nüfuz və güc sahibidir. Ölkəmizin bu mövqeyi digərlərini də real situasiya ilə hesablaşmağa zəruri edir. Burada yalnız Ermənistan nəzərdə tutulmur. Ermənistan kapitulyasiya aktına imza atmış, məğlub bir ölkədir. O cümlədən, bölgənin digər aktorları real vəziyyətə adekvat olmalıdır.

- İranın Azərbaycanla bağlı son davranışları nəyə əsaslanır?

- 30 il ərzində İran Ermənistan vasitəsi ilə bu regionda nə istəyirdisə, onu da edirdi. İndi Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, sərhədlərimiz bərpa olunub. Qeyri-qanuni hərəkətlərin qarşısı alınıb. Ona görə də, bütün bunlar yeni münasibətlərin yaranmasına ehtiyac yaradır. Bu münasibətlərin formalaşması üzərində iş aparılmalıdır. Rusiya Azərbaycanla konstruktiv, dostluq əlaqələri qurmaqla regional kommunikasiyaların işlək hala gəlməsinə nail olmağa çalışır. Bununla region ölkələri ilə Rusiyanın mümkün əlaqələri daha da artacaq. Ancaq İran hələ də axtarışdadır. Təəssüflər olsun ki, Azərbaycana, onun inkişafına qarşı olan yanaşmalar imkan vermir ki, konstruktiv münasibət ortaya qoyulsun. 30 il ərazində gizlədilməyə çalışdıqları İran-Ermənistan əlaqələri bu gün yeni münasibətlərin formalaşması fonunda üzə çıxır. Dostluq, əməkdaşlıqdan faydalanmaq əvəzinə hədə, qorxu, təhdidlər və bu kimi davranışlar sərgilənir. Amma indiki halda müasir və güclü Azərbaycanın rolunu dərk etməmək artıq onlar üçün problemdir.

- Ermənistanın revanşist ritorikasının fonunda əməkdaşlıqda maraqlı görünməyə vadar edən amillər hansılardır?

- Ermənistan sözsüz ki, müharibədə məğlub olan dövlət kimi real mənzərədən çıxış etməlidir. Revanşist qüvvələrin olmasına baxmayaraq, real Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə olmadan bölgədə inkişafa nail olacağına inanmır.

- Paşinyanın Moskva səfərindən gözləntilər nədən ibarətdir?

- Ermənistanın siyasi rəhbərliyi mövcud şəraitə uyğun olaraq addımlar atmağa çalışır. Məhz Paşinyanın Moskva səfəri də buna hesablanıb. O, Azərbaycan və Türkiyə ilə əlaqələrə başlamazdan öncə öz himayədarından yeni təlimatlar almaq niyyətindədir. Yəni real addımlar atılacaqsa, bunun hansı formada olacağı ilə bağlı məsləhətləşmələrə ehtiyac duyurlar.

- Hazırda Gürcüstanın bölgədə vasitəçi roluna nə dərəcədə ehtiyac var?

- Gürcüstan hazırda konstruktiv bir mövqedə dayanıb. Bu gün Azərbaycan-Gürcüstan münasibətləri ən yüksək səviyyədə inkişaf edir. Bu nöqteyi-nəzərdən Azərbaycanla Gürcüstan münasibətləri yeni yaradılmış reallığa öz müsbət təsirini göstərmək əzmindədir.

- 3+3 platforması ilə bağlı real mənzərəni necə şərh etmək olar?

- Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platforması, yəni altılıq təşəbbüsü real şəkildə işləməyə başlayır. Bunun əlamətləri konfranslar, müzakirələr istiqamətində də ola bilər. Həmçinin hansısa formada konfrantasiyalar, təhdidləri də düzgün analiz etmək lazımdır. Bunlar da zamanında təhlil və analiz edilsə və qarşı tərəfə düzgün istiqamət verilsə, onlar da başa düşərlər ki, bu yoldan çəkinmək lazımdır. Məhz bu reallıq onu diktə edir ki, Azərbaycanla tamamilə başqa bir tərzdə danışmaq, davranmaq lazımdır.


Müəllif: Tapdıq Qurbanlı