13 Oktyabr 2021 17:04
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İtaliya-Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir. Dost ölkə İtaliyanın Vətən müharibəsi dövründə Azərbaycana siyasi dəstəyi yaddan çıxa bilməz. Eyni zamanda bu gün İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərində yaxından iştirak edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı və sürətli bərpa və yenidənqurma işlərini böyük uğurla icra edir:

“Hazırda azad edilmiş ərazilərdə yol-nəqliyyat, enerji təchizatı, infrastruktur layihələrinin həyata keçirilməsi üçün bütün zəruri işlər görülür. Bu ərazilərdən 10 illərdir didərgin salınmış vətəndaşlarımızın tez bir zamanda öz torpaqlarına qayıtması prioritet vəzifə kimi müəyyən edilib. Dövlətimiz öz növbəsində bu istiqamətdə ciddi səylər göstərir və böyük resurslar səfərbər edir”.

Millət vəkilinə görə, bu gün Avropanın enerji təhlükəsizliyində başlıca önəmə malik olan Azərbaycan mühüm enerji layihələrinin reallaşmasında da maraqlıdır:

“Bu mənada Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin işə düşməsi mühüm əhəmiyyət kəsb edir. İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başlayıb. Azərbaycanın enerji ehtiyatları, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu sözsüz ki, dövlətimizin bütün sferalarda nüfuzunun daha da möhkəmlənməsinə zəmin yaradır”.

Ceyhun Məmmədov hesab edir ki, hazırkı geosiyasi durumda İranın Azərbaycana münasibətdə böyük hörmətsizlik nümayiş etdirməsi heç bir əsasa, izaha yer qoymayıb:

“Bütün bunların fonunda Azərbaycan diplomatik etika qaydalarına uyğun təmkinli davranış sərgiləyir. Amma bunun qarşılığında isterik addımlar, İrandan rəsmi şəxslərin, dindarların yersiz bəyanatları eşidlir. Sözsüz ki, Azərbaycan sərhədinə yaxın İranın hərbi təlimlər keçirməsi də heç bir məntiqlə uzlaşmır. Azərbaycan müstəqil və güclü dövlətdir. Ölkəmizlə təhdid dilində danışmaq, onu hansısa məsələlərdə güzəştə getməyə vadar etmək əhəmiyyətsizdir”.


Müəllif: Tapdıq Qurbanlı