13 Oktyabr 2021 19:00
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı da bu məqamları xüsusi vurğuladı.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Millət vəkili bildirib ki, dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının əsas məqsəd və prinsipləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etməklə tövsif olunur:

“Qoşulmama Hərəkatı böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinməyi tövsiyə edir. Dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etməkdə başlıca prinsipdir”.

Millət vəkilinə görə, Azərbaycan 2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv seçilməklə təşkilatın işində daim fəal iştirak edib:

“Azərbaycan 2019-cu ilin 25-26 oktyabrında Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi edib. 120 BMT-nin üzv dövlətinin yüksək səviyyəli nümayəndələrinin, o cümlədən 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Hərəkata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycana həvalə edilib. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi oldu”.

Sevinc Fətəliyeva Qoşulmama Hərəkatının Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın həyata keçirdiyi işğalçılıq siyasətinin ifşa olunmasında rolunu xüsusi vurğulayıb: “2020-ci il 29 sentyabr və 19 oktyabr tarixlərində BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr keçirilib. Oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Fransa tərəfindən bəyanatın layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb. Lakin bəyanat layihəsində Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş məlum 4 qətnamələrinə istinad öz əksini tapmamışdı. Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin layihəyə Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinadın daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr tərəfindən bu qəbul olunmamışdı. Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, Qoşulmama Hərəkatına üzv ölkələr prinsipial mövqe nümayiş etdirərək Təhlükəsizlik Şurasının qətnamələrinə istinadın yer almasında təkid edərək BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdirdi və nəticədə adı çəkilən bəyanat layihəsi rəsmən geri götürüldü”.

Deputat hesab edir ki, 2021-ci ildə QH üzvləri Azərbaycana müraciət edərək sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş etməsi mühüm əhəmiyyət kəsb edir: “Hərəkat üzvləri də yekdilliklə Azərbaycanın sədrliyinin daha 1 il, yəni 2023-cü ilə qədər uzadılması haqqında qərar veriblər. Hərəkat üzvləri tərəfindən Azərbaycanın sədrliyinin bir il uzadılmasına dair qərarın verilməsi təsadüfi deyil və bu QH üzvlərinin Azərbaycana olan etimadının, inamının növbəti təzahürüdür. Bu qərar Hərəkat üzvləri tərəfindən cənab Prezidentin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir”.


Müəllif: Tapdıq Qurbanlı