14 Oktyabr 2021 10:16
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Vətən müharibəsi dövründə Azərbaycana siyasi dəstək verən dost ölkələrdən biridir. Sözsüz ki, işğaldan azad edilmiş ərazilərimizdə də İtaliya şirkətlərinin iştirakı mühüm önəm kəsb edir. Çünki Azərbaycana dost, tərəfdaş olan ölkələr Qarabağdakı yenidənqurma prosesində yaxından iştirak edəcək. Bu gün qardaş Türkiyədən sonra İtaliya şirkətləri azad ərazilərdə mühüm layihələri icra edir. Məhz bu amil ölkələrimiz arasındakı münasibətlərdən xəbər verir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində başlıca rola malikdir:

“Mühüm enerji xətlərindın biri olan Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xətti işə düşüb. İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başlayıb. Bu onu göstərir ki, Azərbaycanın enerji ehtiyyatları, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu daha da gücləndirir”.

Millət vəkili hesab edir ki, Cənubi Qafqazda postmüharibə dövründə yeni reallıqlar formalaşıb: “Amma bir çox ölkələr yaranmış yeni reallığa adekvat olmağa, situasiyanı düzgün qiymətləndirməyə maraq göstərmir. Bu mənada İranın Azərbaycana münasibətdə böyük hörmətsizlik nümayiş etdirməsi təəssüf doğurur. Azərbaycan tərəfinin diplomatik etika qaydalarına uyğun təmkinli davranışı müqabilində qarşı tərəfin isterik addımları təəcüb yaradır. Eyni zamanda İrandan rəsmi şəxslərin, dindarların yersiz bəyanatlar verməsi, müxtəlif hədələr səsləndirməsi, Azərbaycan sərhədinə yaxın hərbi təlimlər keçirməsi məntiqə uyğun deyil”.

Aqil Məmmədova görə, Azərbaycanla diqtə dili danışmağın perspektivsizliyi və uğursuzluğunu hər kəs başa düşməlidir.


Müəllif: Tapdıq Qurbanlı