15 Oktyabr 19:30
275

Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı mövqeyə sahibdir. Ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar onun bölgədə aparıcı mövqeyə sahib olmasına imkan verib. 30 il ərzində ərazilərinin işğalda qalmasına baxmayaraq Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadiyyatının 70 faizinə sahib olub. Bu da dövlətimizin düzgün strategiya ilə inkişafına və hədəflərə doğru qətiyyətlə irəliləməsi sayəsində mümkün olub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib

O qeyd edib ki, MDB-nin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Prezidenti İlham Əliyevin qaldırmış olduğu məsələlər, irəli sürdüyü təkliflər mühüm əhəmiyyətə malikdir:

“Azərbaycan qalib dövlətdir. 44 günlük Vətən müharibəsi ilə ölkəmiz özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib. 30 ilə yaxın işləməyən beynəlxalq hüququ Azərbaycan təkbaşına təmin edib. Ermənistanın işğal siyasətinə son qoyulub. Bölgədə və qlobal miqyasda separatizmə sarsıdıcı zərbə vurulub. Bütün bunlar isə dünya birliyinin, sülhün, təhlükəsizliyin təminatında maraqlı olan dövlət və təşkilatların maraq dairəsindədir”.

Millət vəkili hesab edir ki, Azərbaycan bölgədə yaratmış olduğu reallıq özünün süveren əraziləri daxilində həyata keçirdiyi siyasət bir çoxları üçün narahatlıq ünvanına çevrilib: “30 ilə yaxın Azərbaycan torpaqları işğalda qalanda, pozulmuş ədalətə, məhv edilən dəyərlərə qarşı səsini çıxarmayanlar bu gün öz maraqları kontekstində Azərbaycanın daxili işlərinə dil uzatmağa çalışırlar. Bu mənada İranın işğalçı Ermənistanla 30 ilə yaxın Azərbaycanın nəzarətsiz ərazilərində həyata keçirdiyi qanunsuz əməllər diqqətdən yayınmayıb. Bu gün Azərbaycandan özünə təhlükə görən dövlətlər nədənsə, 30 ilə yaxın o bölgədə olan qanunsuzluqdan, qeyri-qanuni daşımalardan, qaçaqmalçılıqdan narahat olmurdu? Bütün bunlar isə sözsüz ki, Azərbaycan və bölgə xalqları üçün də diqqətlə izlənilən məsələlərdir”.

Ceyhun Məmmədovun fikrincə, Azərbaycanın yaratmış olduğu reallıq bölgədə inkişafa, sülhə və əməkdaşlığa hesablanıb: “Azərbaycan Ermənistanla dövlət sərhədləri və digər məsələlərin qarşılıqlı formada həllindən sonra əməkdaşlıq imkanlarında marağını ortaya qoyub. Məhz Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı Ermənistanı, İranı və bölgənin digər dövlətlərinin də maraqlarına xidmət edir. Ona görə də hazırda bölgədə yaranmış və formalaşacaq mühit Azərbaycanın təsəbbüslərinə əsaslanır”.


Müəllif: Tapdıq Qurbanlı