16 Oktyabr 2021 15:37
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev MDB dövlət başçılarının videoformatda keçirilən konfransda çıxışında post-müharibə dövründə yaranmış yeni reallıqlardan bəhs edib. BMT TŞ-nın qətnamələrini Azərbaycanın öz gücünə təmin etməsi bir daha diqqətə çatdırılıb. Münaqişənin hərbi-siyasi yolla həll edildiyi vurğulanıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, 30 ilə yaxın işğalda olan Azərbaycan ərazilərində İran və Ermənistan narkotrafik marşurutu kimi istifadə edib:

“İşğal dövründə azərbaycanlılara məxsus əmlak, maddi-mədəniyyət nümunələri, tarixi-dini abidələr dağıdılaraq barbarlığa məruz qalıb. Məlum olub ki, işğal dövründə ermənilər azərbaycanlılara məxsus əmlakı iranlı işbazlara sataraq ərazinin talanmasına şərait yaradıblar. Həmçinin həmin bölgədə Ermənistan tərəfindən ekoloji terror həyata keçirib. Ərazinin ekoloji balansı pozulub. Meşə örtüyü, yaşıllıqlar, təbbi sərvətlər barbarcasına istismar edilib”.

Millət vəkili 44 günlük müharibədən sonra da Ermənistan tərəfinin səmimi olmadığını və beynəlxalq hüquq normalarına yenə əhəmiyyətsiz yanaşdığını söyləyib:

“Minalanmış Azərbaycan ərazilərinin xəritələrini qarşılıqlı razılaşma əsasında təhvil verən Ermənistan burada da hiyləyə əl atıb. Sonradan məlum olub ki, həmin xəritələrin dəqiqliyi 25%-ə qədərdir. Ölkə rəhbəri bununla bağlı da çıxışında mühüm məqamları diqqətə çatdırıb. Vurğulanıb ki, Ermənistan münasibətlərin yeni reallığa uyğun formalaşmasına, regionda əməkdaşlıq mühitinin və sülhün yaranmasında maraqlı deyil. Həmçinin erməni tərəfinin “hərbi əsir” məsələsində də spekuliyasiyaya yol verdiyi, həmin terrorçuların məlum razılaşmadan sonra diversiya, təxribat hərəkətlərini icra etmək üçün Azərbaycan ərazisinə keçdiyi faktdır”.

Azər Badamov hesab edir ki, Azərbaycan regionda davamlı sülhün və əməkdaşlıq mühitinin yaranmasının tərəfdarıdır: “Ölkəmizin yeni reallıqda bölgənin gələcəyi ilə bağlı konkret mövqeyi var”.


Müəllif: Tapdıq Qurbanlı