18 Oktyabr 21:55
967

“Ərdəbil lotusundan fərqli olaraq şah deyirdi ki, İran yatmış şirdir, Azərbaycan onun başıdır və bu baş kəsilsə, İran yaşaya bilməz”.

Teleqraf.com-un suallarına Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Sabir bəy, son zamanlar İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik səngimir. İran tərəfinin davranışlarına səbəb nədir?

- Qafqazda Azərbaycan Respublikasının mövcudluğu İranın yuxusunu çoxdan qaçırıb. İndi yox, 1918-ci ildə Azərbaycan adında dövlətin yaranmasından İran narahat idi. Çünki o zaman İranın dörd əyalətindən biri Azərbaycan adlanırdı. İran şahının dediyinə görə, Azərbaycan İranın başıdır. İranın ən gözəl torpaqları, mühüm faydalı qazıntıları İran Azərbaycanındadır. Həm də İran Azərbaycanı yalnız Təbriz, Ərdəbil, Qəzvin, Zəncan və digər şəhərlərdən ibarət deyil. İran Azərbaycanı Araz çayından Kənkər körfəzinə qədər olan ərazidən ibarətdir.İndi qonşuluqda Azərbaycan dövlətinin olması İranın canına qorxu salır. Çünki bu Azərbaycan inkişaf etdikcə, dünyada tanındıqca o biri Azərbaycanın da bir millət kimi öz haqqını əldə etməsi məsələsini ortaya çıxaracaq.

İkincisi, 1918-ci ildə İran bir türk dövləti, Qacarların hakimiyyətini sürdürdüyü ölkə idi. Bu dövlətdə fars dilində danışılsa da, 1925-ci ilə qədər türk dövləti idi. 1925-ci ildən hakimiyyətə gələn Pəhləvilərin də kökü türkdür, amma farslaşmış türklərdir.

Nəhayət 1945-1946-cı ildə İranda milli hökumətin qurulması və bu hökumətin demokratik dəyərləri ortaya qoyması, xalqların hüquqlarını tanıması, Avropa səviyyəsində universitet və məktəblər açması İran tarixinin unudulmaz dövrü olmaqla yanaşı, bunu İran yaxşı xatırlayır. Odur ki, Azərbaycan dövlətinin olması, inkişafı fars rejiminin xeyrinə deyil. Həm də İran dövlətində əhalinin az qala yarısı türklərdir. Orada mollalar hakimiyyətə gəldikdən sonra verdikləri bir sıra vədləri yerinə yetirmədilər.

Mən, İranın Ali dini lideri Seyid Əli Xameneiyə yazdığım məktubda da qeyd etmişdim ki, sizdə islam və din deyilən şey yoxdur, sizdə din və İslam fars şovinizminə xidmət edən vasitədir. Nəhayət onu da qeyd edim ki, İran deyilən Pəhləvilərdən başlayan dövlət Britaniya-Amerika layihəsidir. Bu layihə ilə İranı türklərin əlindən alaraq hind-avropalıların, yəni farsların əlinə verməklə yan-yana iki türk dövlətinin mövcudluğu aradan qaldırıldı. Burada da ən yaxşı vasitə İranı digər islam dövlətlərindən ayırmaq, İslamda parçalanma yaratmaq üçün radikal şiəliyi inkişaf etdirmək, din dövləti yaratmaq planları ortaya çıxdı. Ona görə də, İran öz xalqının iradəsindən asılı deyil. Əslində miladdan əvvəl 6-cı əsrdə Əhəmənilər dövlətini yəhudilər yaratmışdı. Amma 2500 ildən sonra orada din rejimli dövlət də Britaniya və ABŞ-ın layihəsi idi. Burada məqsəd İslam dünyasında parçalanma yaratmaq idi. Baxın görün, İranın Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Yəmən və bir sıra müsəlman ölkələri ilə münasibətləri necədir? Bütün bunlar islam aləmində birliyin yaranmasına imkan vermir.

Azərbaycan torpaqları işğal olunanda İran bayram edirdi. O torpaqları ermənilərlə birlikdə dağıtmış, evlərin hamısını talan edərək aparmışdı. İran Araz çayı üzərində qurulan layihələri sevinclə Ermənistanla davam etdirmək istəyirdi. Təsəvvür edin ki, İranda 150 minə qədər erməniyə bütün haqlar tanınır, amma 40 milyona yaxın azərbaycanlıların heç bir hüququ yoxdur. İndi Azərbaycan gücləndikcə İranın narahatlığı artır. İran bizdən daha çox öz içindəki türklərdən qorxur. Biz Araz boyu ərazilərimizi işğaldan azad edərkən o tərəfdəki millətimiz bizi alqışlayır, sevincindən ağlayır, Allaha dua edirdilər.

Digər məqam odur ki, İranın yeni Prezidenti İbrahim Rəisi hakimiyyətə gəldikdən sonra daxildə narahatlıq yaranıb. İran da bu narazılığı pərdələmək üçün qonşularla problem yaradır. Əslində bu gün İrandan kənarda olan müxalifət qüvvələri gecə-gündüz ölkələrində nələrin baş verdiyini yazırlar. Amma İran fikri yayındırmaq üçün Azərbaycanı hədəf seçmək istəyir. Məncə, bu, mənasızdır, İrana heç nə qazandırmaz, əksinə, daxildən onu daha da zəiflədir. Nəzərə almaq lazımdır ki, biz İrana xarici müdaxilələri qəbul etmirdik, orada Əfqanıstan və ya Suriya taleyinin yaşanmasını istəmirik. Əksinə, istəyirik ki, normal vəziyyət olsun, insanlar normal yaşasın. Əslində istərdik ki, burada Avropa Birliyinə bənzər bir birlik yaransın. İran, Türkiyə, Suriya, Pakistan, Cənubi Qafqaz ölkələri və s. Yollar açılsın, insanlar getsin-gəlsin, hörmət və sayğı şəraitində ticarət inkişaf etsin. Amma təəssüflər olsun ki, İran silahlanmaq, nüvə və atom bombası əldə etmək istəyi ilə öyünür, uzunmənzilli raketlərini sınaqları keçirir və s. Üstəlik bizi qınayır ki, İsrail bizə köməklik edir. Əvvəla, İsrail 30 ildir ki, dünyada erməni yalanını ifşa edir, onun işğalçı olduğunu qeyd edir. Mən ABŞ-dakı yəhudi lobbisinin bizə dəstək verdiyini, haqqı müdafiə etdiyini görmüşəm. Bəli, dinlərimiz ayrı olsa da, haqqı müdafiə edir. İndi bu dindən istifadə edən, adını şiə qoyub erməni xristianlarından fərqlənməyən bir dövlətin mövqeyinə necə "hə" deyə bilərəm? İddia edirlər ki, İsrail Araz boyu gələrək guya İran üçün problem yaradır. İsrail haradadır? Biz İranın xatirinə İsraildə səfirliyimizi açmamışıq. Halbuki səfirliyimizi açmalıyıq. Hansı tərəfdən baxırsan, bax İranın mövqeyindən bizə qarşı müsbət dəyişiklik olmur. İranın “Səhər” adlı kanalı hər gün Azərbaycanı aşağılayır. Bir ara bizə “Bakı dövləti” deyirdi, hətta “Aran dövləti”, “Bakı hökuməti” adlandırırdı. Yəni Azərbaycanın adını dilinə gətirməyi özünə sığışdırmırdı. Azərbaycanda prezident başda olmaqla hamını haqsız yerə təhqir edərək xalqın gözündən salmağa çalışırdı. Bu kanal hətta mənim üçün ölüm fətvası verdirmişdi. Haqdan, hüquqdan, dindən, Allah yolundan uzaq bir şey... Bunlar din dövlətidirsə, heç olmasa din qanunlarından istifadə etsinlər. Bunlar da yoxdur.

- Demək istəyirsiniz ki, Qarabağı azad etməyimizdən sonra daha çox narahat olmağa başlayıblar?

- Qarabağ azad edildikdən sonra indi İsrail bəhanəsini ortaya ataraq təzyiq göstərmək istəyir. Həmçinin Ermənistan üzərindən Qarabağdan çıxmayan erməni separatçılarına yardım etmək niyyətləri ortadadır. Yəni Azərbaycan təzyiq altında saxlanılsın, başı özünə qarışsın, Cənubi Azərbaycanla əlaqələrimiz zəifləsin, itsin. Amma əksinə olur. İran bu cür davranışları ilə oradan yaşayan qardaşlarımızın haqq-hüququ dilə gətiriləcək, onlarla əlaqələrin yaxşılaşdırılmasına çalışılacaq.

Həm də son 30 ildə bunlar Azərbaycanın işğal edilən ərazilərindən, evlərin sökülüb aparılmasından tutmuş ərazilərimizin əkilməsinə qədər çox faydalanıb. Əslində erməni və fars riyakarlığı bir-birinə çox bənzəyir. Ötən gün baxıram, hansısa kənddə dağın başında qalan 5-6 erməni Ağdamı göstərib deyirlər ki, əkin yerlərimiz orada qaldı və s. Deməli, bunlar 30 il gəlib torpaqlarımızı əkiblər və indi elə bilirlər ki, ərazilərimiz bunların torpağıdır.

İranın indiki rejimi deyil, Qacarlar zamanında Rusiya ilə vuruşanda Azərbaycan parçalanıb, Azərbaycanın yarısı Rusiyanın nəzarətinə keçib, yarısı qalıb o tərəfdə. Biz bir yerdə olsaydıq ora həmişəlik türk dövləti olaraq qalacaqdı. İndi parçalanmışıq, İran hər şeydən əli üzüləndə iddia edir ki, o Azərbaycan bizim ərazimizdir. Əslində biz onların ərazisi deyilik, İran da farsistan deyil. İran deyilən məmləkətdə bir xeyli başqa millətlər də yaşayır. Ən çoxu da türklərdir. İran min illərlə türklərin dövləti olub. Başqa sözlə, biz deyil, onlar bizim ərazilərimiz və dövlətlərimizdir. Əgər iddia lazım olarsa, biz belə iddialar bizim tərəfimizdən qaldırıla bilər.

- Bundan sonra İran-Azərbaycan münasibətləri necə olmalıdır, siz bunu necə təsəvvür edirsiniz, gərginlik aradan qalxacaqmı?

- Mənə elə gəlir ki, gərginlik aradan qalxacaq. Çünki İranda hamı Ərdəbil lotusunun səviyyəsində deyil ki... Gizli kəşfiyyatlarının nümayəndələri hərəsi bir əyalətdə ayətullah papağı qoyub lotuluq edirlər. Ərdəbildəki Amuli deyir ki, şirin quyruğu ilə oynamasınlar. Bu adam başa düşmür. 1945-1946-cı illərdə İran şahı deyirdi ki, İran yatmış şirdir, Azərbaycan da onun başıdır, bu baş kəsilsə İran yaşaya bilməz. İndi Amuli də deyir ki, Araz qırağında bizim quyruğumuzla oynamasınlar. Halbuki bunun quyruq dediyi İranın başıdır. Bu adamın başı quyruqda işləyir. Belə adamları ortaya ataraq iki dövlətin münasibətlərini pozmaq yaxşı fikir deyil. Məncə, İranın içində bu situasiyanın gərginliyi və yolverilməzliyini, habelə hər iki dövlət üçün yaxşı heç nə vəd etmədiyini düşünənlər var. Əslində İranı Azərbaycanın üzərinə qaldırmaq istəyənlər Ermənistanı və Qarabağdakı erməni separatçılarını dəstəkləyən, İrəvan ilə Bakı arasında problemlərin birdəfəlik həllini istəməyən qüvvələrdir. İran başa düşmür ki, öz havasına oynamır. İran Fransanın, ATƏT-in Minsk Qrupunun digər ölkələrinin havasına oynayır. Niyyət başqa bir yoldan Azərbaycanın öz problemlərinin həll olunmasına maneə olmaqdır. Bir daha qeyd edim ki, İranda kifayət qədər ağıllı adamlar da var. Məncə, İranın dini lideri belə şeylərə yol verməz. O, kifayət qədər təcrübəli adamdır. Bu, bizimlə yanaşı İrana da sərf etmir. Odur ki, gərginliyin zamanla nizama düşəcəyinə inanıram.

- Amma bəzi ekspertlər hesab edir ki, bu mərhələdən sonra İran dayanmayacaq. Hətta dayandığını sözdə nümayiş etdirsə də, əməldə Azərbaycana qarşı fəaliyyətini davam etdirəcək...

- Dayanacaq. İran son 30 ildə Azərbaycana qarşı fəaliyyətini sürdürür, bu müddətdə Azərbaycan üçün molla, seyid, din xadimləri yetişdirir, din partiyası və sair hazırlayır. Bunların hamısının şahidi olmuşuq. Burada adi qeyri-hökumət təşkilatı səviyyəsində dini qurumun başçısı İranda rəsmi görüşlərə gedəndə bir də görürsən ki, İranın yüksək səviyyəli şəxslərinin kabinetindən çıxır. Çünki oradan maliyyələşirlər, talehləri bir-birinə bağlıdır. Əlbəttə, son 30 ildə öz missionerlərini yetişdirib. Amma Azərbaycan dünyəvi dövlətdir, belə şeylər alınmaz. Başqa sözlə, 30 ildir ki, Ocaqnejad gözümüzün qarşısında din maskası taxmışdı, amma şeytan fəaliyyəti göstərirdi. Bunu hamımız görürdük və bilirdik. Azərbaycanı sevməyən bir adam idi. Bəlkə də sevirdi, ancaq İran nöqteyi-nəzərindən... Müstəqil Azərbaycanı onlar sevmirlər. Azərbaycanlı olduqlarına görə, bəlkə də qanları imkan vermir ki, bizə daha çox düşmənçilik etsinlər, lakin din pərdəsi altında ziyanlar vurublar. Yetişdirdikləri din adamları da var və Azərbaycan onlardan xilas olmalıdır.

- Zəngəzur dəhlizi Tehranda niyə narahatlığa səbəb olur?

- Burada çox şeylər var. Bu dəhliz vasitəsilə Azərbaycan və Türkiyə arasında əlaqələrin gücləndirilməsi, bəzi Tehran rəhbərlərinin fikrincə, İranın ziyanınadır. Sonradan bu dəhlizin İran-Ermənistan arasında problem yaradacağını düşünürlər. Əslində bu dəhliz köhnə Culfa-Təbriz dəmiryolunu bərpa edir, İranın Şimal-Cənub nəqliyyat dəhlizini gücləndirir. İran niyə bundan narahatdır? Halbuki Xəzərdə İran-Rusiya ticarəti və malları bizim suların üzərindən keçir. İran bu xətləri möhkəmləndirməlidir ki, müttəfiqi olan Rusiyaya daha çox çıxışı olsun. Zəngəzur dəhlizi ola bilsin ki, İranın Ermənistanla qurduqları qara niyyətləri bir qədər arxa plana atır, amma əslində həm İranın, həm də Ermənistanın xeyrinədir. İran bunu düşünməlidir. Hər halda İran normal şiə dövləti və qardaş ölkə olsaydı, bizə çoxdan təklif edərdi ki, yolunuz Ermənistan tərəfindən bağlanıb, gəlin sizə öz ərazimizdən 50 kilometrlik yol verim, siz də əvəzinə başqa ərazidən mənə yer verin. Beləcə Naxçıvana sərbəst gedib gəlin. Biz bunu da görmədik. Belə olsaydı, bizim münasibətlərimiz son dərəcə mükəmməl olardı.


Müəllif: Nemət