18 Oktyabr 2021 19:14
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Füzuliyə səfəri, orada verilən mesajlar, əsası qoyulan mühüm layihələr, yaşayış kompleksləri işğaldan azad edilən ərazilərdə qısa zamanda görülən işlərin miqyasını bir daha gündəmə gətirib. Dövlətimizin əsas hədəfi azad edilmiş ərazilərdə qısa zamanda bütün sosial-iqtisadi infrastrukturun bərpasına nail olmaq, o bölgədən olan vətəndaşlarımızın öz yurd-yuvalarına qayıdışını təmin etməkdən ibarətdir.

Bunu Telelqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun fikrincə, Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlardan biri hesab edilir: “Çünki ermənilərin 30 il ərzində qurduğu güclü müdafiə xətti darmadağın edildi. Bu Azərbaycan əsgərinin, zabitinin şücaəti və qəhrəmanlığı sayəsində mümkün olub. Eyni zamanda Füzulinin işğaldan azad edilməsi tarixi, strateji və psixoloji əhəmiyyət kəsb edir. Füzuli istiqamətində ermənilərin bir neçə istehkam xəttindən ibarət güclü müdafiə sistemi qurmasına baxmayaraq Azərbaycan Ordusunun təzyiqinə davam gətirə bilmədi”.

Millət vəkili hesab edir ki, Füzulinin azad olunması Azərbaycan Ordusunun, cəmiyyətin özünə inamını daha da möhkəmləndirdi: “Ermənistan tərəfi isə Füzulinin azad edilməsi ilə ciddi psixoloji sarsıntı keçirdi. “Yenilməz” erməni ordusu haqqında “mif” darmadağın oldu. Məhz Füzulinin azad olunması ilə Azərbaycan Ordusunun şanlı Zəfər yürüşünə mühüm yol açıldı”.

Cavid Osmanov bildirib ki, 30 ilə yaxın işğalda qalmış digər ərazilərimiz kimi Füzuli ermənilər tərəfindən güclü dağıntıya, vəhşiliyə məruz qalıb: “Erməni vandallığının qurbanı olan Füzuli şəhəri yerlə-yeksan edilib. Hazırda Füzuli rayonunda bərpa və yenidənqurma işləri böyük sürətlə icra edilir. Sözsüz ki, qarşıya çıxan ən böyük çətinlik ərazinin minalanması, infrastrukturun tamamilə dağıdılmasıdır. Buna baxmayaraq artıq şəhərin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıb. Şəhərin bərpa prosesinə start verilib. Füzuli Beynəlxalq Hava Limanı, Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlinin qoyulması, Füzuli-Şuşa, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarının çəkilməsi mühüm əhəmiyyətə malikdir”.


Müəllif: Tapdıq Qurbanlı