18 Oktyabr 2021 18:34
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkəmizin Moldovadakı Səfirliyində 18 Oktyabr - Müstəqilliyin Bərpasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Moldova parlamentinin vitse-spikeri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) fraksiya sədri Mihail Popşoy, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, Moldovada akkreditə olunmuş Bolqarıstan, Belarus, Litva və Rumıniyanın səfirləri, Türkiyə, Rusiya, Almaniya, Slovakiya və digər səfirliklərin əməkdaşları, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) sədri Elçin Bayramov, eləcə də Moldovada fəaliyyət göstərən icmaların rəhbərləri, üzvləri, həmvətənlərimiz və yerli media nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən səfirliyin önündə yeni yaradılmış bağçada Ulu Öndər Heydər Əliyevin büst-heykəli önünə gül dəstələri düzülüb.

Tədbirdə açılış nitqi söyləyən səfir Qüdsi Osmanov qonaqları salamlayıb, Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verərək 1991-ci ilin bu günündə ölkəmizin müstəqilliyinin bərpa edildiyini, bu dövrdə ölkəmizin çox gərgin və mürəkkəb proseslərlə qarşılaşdığını, bunun Ermənistanın Azərbaycana qarşı təcavüzünün güclənməsinə səbəb olduğunu və torpaqlarımızın 20 faizinin işğala məruz qaldığını bildirib. Səfir qeyd edib ki, 1993-cü ildə xalqın iradəsi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə ölkəmizdə sabitlik bərqərar olub, görkəmli dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə inkişafı və beynəlxalq əməkdaşlığını genişləndirməsi nəticəsində dövlət müstəqilliyimiz möhkəmləndirilib, ümummilli liderin davamçısı Prezident İlham Əliyevin uzaqgörən siaysəti nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. O, Ali Baş Komandan Prezident İlham Əliyevin siyasəti, qətiyyəti və müdrikliyi sayəsində bu gün müstəqilliyin bərpası gününün qalib ölkə olaraq ərazi bütövlüyümüzün bərpası şəraitində qeyd olunduğunu dilə gətirib və 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsininin daim ehtiramla yad edildiyini diqqətə çatdırıb.

Daha sonra səfir Q.Osmanov çıxışında Azərbaycan-Moldova münasibətlərindən söhbət açaraq gələcək əməkdaşlıq perspektivlərindən danışıb, burada yaşayan həmvətənlərimizi daim diqqətdə saxladığına görə Moldova rəhbərliyinə təşəkkürünü bildirib.

Moldova Parlamentinin vitse-spikeri, PAS-ın fraksiya sədri M.Popşoy çıxış edərək Moldova parlamenti və xalqı adından ölkəmizi və bütün azərbaycanlıları müstəqilliyimizin bərpasının 30 illik yubileyi münasibətilə təbrik edib. Vitse-spiker qeyd edib ki, bu il Moldova Respublikası da müstəqilliyinin 30 illiyini qeyd edib və qardaş ölkələrimiz 30 illik müstəqillik tarixində oxşar proseslərlə üzləşib. O, ölkərimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bununla da ölkələrimiz arasında təmasların möhkəmləndirilməsi ilə bağlı planların olduğunu vurğulayıb. M.Popşoy bildirib ki, hakim partiyanın fraksiya sədri olaraq, Moldovada yaşayan azərbaycanlıların təşkilatçılığı, fəallığı və səfərbərliyini hər zaman digər icmalar üçün nümunə göstərib. O, MAK-ın diaspor fəaliyyətində təcrübəli yaşlı nəslin yerini istedadlı gənc nəslə ötürməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Diaspor təşkilatımızın səmərəli fəaliyyətinin ümumilikdə ölkələrimiz arasında münasibətlərin genişlənməsinə müsbət təsir göstərdiyini bildirən M.Popşoy yüksək səviyyəli əməkdaşlığın, günü-gündən möhkəmlənən müstəqilliyin xalqlarımızın rifahına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Öz növbəsində, tədbirdə Belarus Respublikasının Moldovadakı səfiri Anatoliy Kalinin çıxış edərək dövlət müstəqilliyimizin ölkədəki stabilliyə, iqtisadi inkişafa zəmin yaratması baxımından qiymətli və vacib olduğunu dilə gətirib. Belarus səfiri qeyd edib ki, Azərbaycanın inkişafı onu regionun, Cənubi Qafqazın aparıcı ölkəsinə çevirib. O, Azərbaycan xalqının zəhmətkeş və qürurlu olduğunu bildirib. Azərbaycan-Belorus münasibətlərindən söhbət açan səfir Azərbaycanı dost ölkə adlandırıb və iki ölkə arasında ticarət dövriyyəsinin, bütün sahəhələrdə ikitərəfli təmasların, beynəlxalq əməkdaşlıq çərçivəsində qarşılıqlı dəstəyin bunun göstəricisi olduğunu qeyd edib. Səfir MAK-ın Moldovadakı fəaliyyətinin burada yaşayan belorus icması üçün də nümunə olduğunu diqqətə çatdırıb. Sonda A.Kalinin dövlət müstəqilliyinin bərpasının 30 illik ildönümü münasibətilə Azərbaycan rəhbərliyini və xalqımızı təbrik edərək, xoş arzularını bildirib.

Bundan əlavə, tədbirdə Türkiyə Respublikasının Moldovadakı Səfirliyinin əməkdaşı Özlem Okuyucu təbrik nitqi ilə çıxış edərək Türkiyənin ölkəmizin müstəqilliyini tanıyan ilk ölkə olduğunu, bunun iki qardaş ölkə arasında xüsusi münasibətlərin mövcudluğunun göstəricisi olduğunu bildirib, “bir millət - iki dövlət” ideyası altında Azərbaycanın daim yanında olduğunu vurğulayıb. Sonda o, müstəqillik uğrunda və Vətən müharibəsində şəhid olanlara başsağlığı diləyib.

Sonda tədbirdə çıxış edən MAK-ın sədri Elçin Bayramov müstəqilliyimizin bərpası gününün ilk dəfə olaraq bu il ərazi bütövlüyünü bərpa etmiş qalib xalq olaraq qeyd etdiyimizi bildirib və MAK-ın daim Vətənimizin uğurları, həqiqətləri, adət-ənənələrinin təbliği istiqamətində çalışacağını vurğulayıb.

Tədbir çərçivəsində ölkəmizin müstəqillik tarixinə həsr edilmiş fotolardan ibarət sərgi təşkil edilib, sözügedən sərgi qonaqlar tərəfindən böyük maraqla izlənilib.

Eyni zamanda, tədbirdə qonaqlara Azərbaycan mətbəxinin milli təamları təqdim olunub.

Ölkəmizin Moldovadakı Səfirliyində Müstəqilliyin Bərpasının 30-cu ildönümünə həsr edilmiş tədbir Moldovanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.


Müəllif: Teleqraf.com