19 Oktyabr 2021 16:15
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düz bir il bundan əvvəl Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı. Şanlı Azərbaycan Ordusu Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzulini işğalçılardan azad edib, uzun fasilədən sonra bu ərazilərdə öz suverenliyini təmin edərək Azərbaycan bayrağı qaldırdı.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərərək düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti - Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Rəşadətli ordumuz Ermənistan ordusunu darmadağın etməklə, erməni mifologiyasına son qoydu, “yenilməz Ermənistan ordusu” məğlub oldu. Şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır. Artıq hər şey geridə qalıb. Düşməni müasir hərb tarixinə yazılan döyüş üsulları ilə məğlub edərək beynəlxalq hüququn çağırışlarını təmin edən qalib Azərbaycan vardır. Ötən bir il ərzində işğaldan azad olunmuş şəhər və kəndlərimizin bərpası ilə bağlı cənab prezidentin bilavasitə nəzarəti ilə böyük işlər görülür. Elə bu yaxınlarda işğaldan azad olunmasının 1 ili tamam olan Füzuli rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülür.

Belə ki, Horadiz qəsəbəsinə şəhər statusu verildi və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzi müəyyən edildi. Böyük sosial infrastruktur layihələri icra edildi - 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikildi. Fərdi evlərin bərpası işləri görüldü. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib.

Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyulmuşdur. Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.

Görülən bütün işlərin bir məqsədi var: keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına qaytarılması. Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. Beş kəndi birləşdirən bu layihə gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaqdır.

Beləliklə, Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş ərazilərdə icra olunan layihələr Azərbaycanın potensialının göstəricisidir.


Müəllif: Əhliman Əmiraslanov