19 Oktyabr 2021 18:28
2 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika ölkələrinə səfərinə geniş yer ayırıb.

Teleqraf.com xəbər verir ki, fransız nəşrləri Türkiyə istehsalı dronlara da diqqət yetirib və Ankaranın bununla dünyanın çoxdan arzuladığı silahlara sahib olduğunu bildiriblər.

“Le Fiqaro” qəzeti Türkiyə liderinin səfərinə “Ərdoğan Afrikadakı varlığını gücləndirir” başlığı ilə manşetdə yer verib. Nəşr bildirib ki, Ərdoğan 2000-ci illərin əvvəllərindən Qərbin müstəmləkəçi güclərinin Afrikaya olan marağını itirdiyini təsbit edib. O, bunun nəticəsində əvvəldə Somalı, ardınca da Liviyadakı mövqelərini hiss ediləcək səviyyədə gücləndirib.

Məqalədə Türkiyə Hava Yollarının 1992-1994-cü illərdən Qərbin hərbi əməliyyat apardığı Somalinin paytaxtı Moqadişuya uçuş həyata keçirən yeganə böyük hava yolu şirkəti olduğu qeyd edilib. Qəzet Ərdoğanın Anqola və Nigeriyaya səfərindən sonra türk silahlarının bu ölkələrə satılması üçün heç bir maneənin qalmadığını yazıb.

Fransız nəşri vurğulayıb ki, Türkiyə istehsalı olan PUA-lar 2018-ci ildən PKK terrorçularının zərərsizləşdirilməsində mühüm rol oynayır. Eyni zamanda, Liviyada qiyamçı Xəlifə Haftar qüvvələri və rus muzdlularına qarşı əməliyyatlarda böyük uğurlara imza atdığına diqqət çəkilib. Fransız nəşri türk PUA-larının İdlibdə Bəşər Əsəd rejimini məğlub etdiyini və Qarabağdakı müharibədə Azərbaycanın Ermənistan üzərində qələbəsini təmin etdiyini yazıb.

“Bu PUA-lar dünya savaşlarında xəyalları qurulan silahdır. Bunlar döyüş təyyarələrindən 20 dəfə ucuzdur və heç bir pilotunun həyatını təhlükəyə atmır. Afrika, Yaxın Şərq və Orta Asiyada Türkiyənin təsiredici vektoruna çevriliblər. Ərdoğanın ABŞ, Çin və Rusiya kimi Türkiyədən daha güclü ölkələrlə toqquşmaya girmədən ağıllı şəkildə inkişaf etdirdiyi silahlardır. Ərdoğan indi bu gücü sayəsində Fransa kimi güclü ölkələrə də meydan oxumaqdan qorxmur”, - məqalədə bildirilib.

Fransız dövlət radio RFI-nın məlumatında Ərdoğanın Anqola, Nigeriya və Toqoya səfər edərək Afrika ilə əlaqələrini gücləndirmək istədiyi və iqtisadi sahənin Türkiyə və Afrika arasındakı strateji tərəfdaşlığın bir tərəfi olduğu deyilib.

“Le Monde” Türkiyənin Afrika ölkələri ilə ticarət həcminin 5 milyard dollardan 25 milyard dollara yüksəldiyinə diqqət çəkib. Qəzet qeyd edib ki, Ərdoğan 20 il ərzində 30 Afrika ölkəsinə səfər edib və Türkiyənin hazırda qitədə 43 səfirliyi var.

Nəşr Türkiyənin qitənin 60 şəhərinə uçuş təşkil etdiyinə də bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu