21 Oktyabr 13:13
7 813

“İranın ən böyük dərdi Türkiyədir. Tehran bütün vasitələrə əl ataraq, Türkiyəni bölgədən uzaqlaşdırmağa çalışır. Çünki Türkiyə burda olduqca, İran buradakı olaylara qarışa bilməyəcək və bilmir. Azərbaycan Türkiyənin bölgədə iştirakında maraqlıdır, İranın yox. Türkiyə bölgədə varlığını təmin edəndən İranın əl-qolu bağlanıb. Türkiyənin buradakı varlığı İranı geri çəkilməyə vadar edir. Zəngəzur dəhlizinin Azərbaycan-Türkiyə birliyinə verilməsi, İranın bölgədən tamamilə sıxışdırılıb çıxarılması deməkdir. İranın mane olmaq cəhdlərinə baxmayaraq, artıq proses başlayıb və Tehran bunun qarşısını ala bilmir”.

Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, Gürcüstan və İranın “Altılıq” formatına cəlb edilməsindən söhbət getmir. Həm Gürcüstan, həm də İranın bu formata qoşulmaq imkanları problematik görünür, hələlik buna yaxın gəlmirlər. Hesab etmək olarmı ki, Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan yola bu iki ölkə olmadan davam edəcək?

- “Altılıq” formatı Qarabağdakı 44 günlük müharibədən sonra müzakirəyə çıxarılıb. Bu təşəbbüs də Azərbaycan və Türkiyə liderləri tərəfindən irəli sürülüb. Bu da ondan irəli gəlir ki, Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar yaratdı. Yeni reallıq bölgəyə yeni geosiyasi oyunçular da gətirdi. Bu yeni reallıqlar da region dövlətləri arasında yeni formatda əməkdaşlığın qurulması zərurətini yaradır. “Altılıq” da buna istinadən təklif olundu. Bu regionda da bölgənin aparıcı ölkəsi olan Azərbaycan, Gürcüstan və Ermənistan var. Eyni zamanda, bölgə ətrafındakı dövlətlər – Türkiyə, Rusiya və İran da bura daxildir. Rusiya və Türkiyənin dünya siyasətində və eləcə də bölgədə gedən proseslərdə hansı rolu oynadıqları hər kəsə bəllidir. Amma Gürcüstanın burada iştirakı bir qədər problemli görünür. Çünki Gürcüstanın Rusiya ilə ərazi münaqişəsi var. Gürcüstan bu münaqişə həll olunmadan Rusiya ilə bir masa arxasında oturmaq istəmir.

İrana gəldikdə, Tehran da bölgədə mövqeyini və nüfuzunu gücləndirmiş Türkiyəni qəbul etmək istəmir. İrana görə, Türkiyəni qəbul etsə, bu, həm də ABŞ və digər bir sıra Qərb dövlətlərinin də qəbul olunması demək olacaq. Buna görə də, bu formatın qurulması yönüdə müəyyən problemlərin olduğunu görürük. İran hələlik irəli addım atmır, əsassız iddia və ittihamlarla etiraz etməklə məşğuldur. Belə olan halda, “Dördlük” formatı irəli çıxır. Prezidentin də dediyi kimi, kim istəsə qoşula bilər, kim istəsə qoşulmaya. Yəni Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanın iştirakı ilə başqa bir format qurula bilər. Artıq Ermənistandan da bu yöndə müsbət mesajlar var. Belə desək, Ermənistanın 44 günlük müharibədə Azərbaycana məğlubiyyətindən sonra buna məcburdur.

Bir sözlə, hazırkı situasiyda “Dördlük” formatının qurulması daha labüd görünür. Əgər Ermənistan bu formata qoşulmaq istəyirsə, bunun üçün Azərbaycanla sülh müqaviləsi imzalamalıdır, ölkəmizin ərazi bütövlüyünü təsdiqləməlidir və Zəngəzur dəhlizi üçün yol açmalıdır. Hesab edirəm ki, Rusiyanın Azərbaycan və Türkiyə ilə anlaşması, eyni zamanda, Ermənistan üzərində olan müqayisəsiz təsirləri bu formatın qurulmasına zəmin yaradır. İran və Gürcüstan iştirak etməsə belə, bu formatın regionda böyük güc olacağını düşünürəm. İndi qalır bunun reallaşması, bunun üçün də Ermənistan irəli addım atmalı və Azərbaycana qarşı əsassız iddialarına son qoymalıdır. Təbii ki, Azərbaycan bu məsələdə Gürcüstanı da kənarda saxlamayacaq, ona lazım olan dəstəyi verəcək. Çünki Azərbaycanın Gürcüstanla strateji əhəmiyyətli münasibətləri və yaxın dostluq, qonşuluq əlaqələri var.

- Tiflisə gələn ABŞ müdafiə naziri Lloyd Ostin Rusiyanın “Altılıq” platformasında iştirakına etiraz etdi. O bildirdi ki, üç Cənubi Qafqaz ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan regional əməkdaşlığı inkişaf etdirməlidir. Sizcə, bu mümkündürmü, ABŞ bu yöndə üç dövlətə hansı dəstəyi verə bilər?

- ABŞ təkcə Rusiyanın yox, həm də Türkiyə və İranın da bu formatda iştirakına qarşıdır. Çünki bu gün ABŞ-ın adıçəkilən hər üç dövlətlər münasibətlərində kifayət qədər problemlər var. Xüsusən də Rusiyanın regiondakı varlığı ABŞ-a bu regionda geniş əl-qol açmasına imkan vermir. Amma ABŞ Türkiyə vasitəsilə bölgədə mövqe tuta və bunu gücləndirə bilərdi, amma Vaşinqton bunu da edə bilmir. Çünki ABŞ və Türkiyə arasında “S-400” və “F-35”-lərlə bağlı ciddi problemlər var. ABŞ-ın bu səbəblərdən Türkiyəyə təzyiq və sanksiyaları Ankaranı getdikcə Vaşinqtondan uzaqlaşdırır. Belə olan halda, ABŞ daha çox onu istəyərdi ki, hər üç Cənubi Qafqaz ölkəsi yeni regional format qursun və öz xarici siyasət vektorunu Rusiyaya yox, Qərbə yönəltsin. ABŞ belə bir təşəbbüsə dəstək verməyə hazırdır.

Gürcüstan Qərbə daha yaxındır, Ermənistan da Avropa ilə sövdələşir. Azərbaycan isə bu iki ölkədən fərqli olaraq, xarici siyasətdə balans – öz milli maraqlarını qoruyan siyasətinə üstünlük verir. ABŞ isə bunu istəmir, o istəyir ki, Azərbaycan da Qərbə və ya ona yönəlsin. Amma Azərbaycan bunu etmir, çünki milli maraqların müdafiəsi onun üçün dünya gücləri arasındakı rəqabətdən irəli gələn oyunlara qatılmaqdan daha önəmlidir.

- Ermənistan, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət üçtərəfli işçi qrupu bir müddətdir fəaliyyətini bərpa edib. Moskvada növbəti görüş keçirildi. Sizcə, işçi qrupunun qarşısına qoyulmuş Zəngəzur dəhlizinin açılması məsələsi hansı formada həllini tapa bilər?

- Hesab edirəm ki, artıq Ermənistan bu dəhlizin açılmasına hazırdır. Paşinyan da son açıqlamasında bildirdi ki, Naxçıvan və Azərbaycan arasında şose ilə yanaşı, dəmir yolu da açılacaq. Artıq bu dəhlizin açılması yönündə işlər gedir. Gec-tez bu dəhlizin işə düşəcəyini düşünürəm. İran isə buna mane olmaq üçün dəhlizin keçəcəyi Zəngəzur bölgəsində neytral zonanın yaradılması təklifini verdi. İranın Ermənistana təklifi bu oldu ki, həmin bölgədə İran hərbçiləri yerləşdirilsin, amma İrəvan buna etiraz etdi. İrəvan da anladı ki, dəhliz açılsa, bu, Ermənistanın xeyrinə olacaq. Dəhliz açılmasa, Ermənistanın dalandan çıxması, bölgədə reallaşdırılan beynəlxalq layihələrdə iştirakı mümkün olmayacaq. Əgər Ermənistan bununla bağlı üzərinə götürdüyü öhdəlikdən yayınacaqsa, buna alternativ yollarla məcbur ediləcək. Bu isə onun xeyrinə olmayacaq, yəqin ki, Ermənistanın özü də bunu istəmir. Amma hesab edirəm ki, Ermənistan rəhbərliyi bu dəhlizin xeyrini hesablaya bilir. Paşinyanın verdiyi son açıqlama da bundan xəbər verir.

Zəngəzur dəhlizinin açılması təkcə Ermənistanın yox, Rusiya, Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur. Artıq həm Bakı, həm Ankara, həm də Moskva buna razılığını bildirib. Buna görə də, Ermənistanın burada hansısa əks söz deyəcəyini düşünmürəm.

- İran niyə Zəngəzur dəhlizinə etiraz edir və bu işi pozmağa çalışır?

- İranın ən böyük dərdi Türkiyədir. Tehran bütün vasitələrə əl ataraq, Türkiyəni bölgədən uzaqlaşdırmağa çalışır. Çünki Türkiyə burda olduqca, İran buradakı olaylara qarışa bilməyəcək və bilmir. Azərbaycan Türkiyənin bölgədə iştirakında maraqlıdır, İranın yox. Türkiyə bölgədə varlığını təmin edəndən İranın əl-qolu bağlanıb. Türkiyənin buradakı varlığı İranı geri çəkilməyə vadar edir. Zəngəzur dəhlizinin Azərbaycan-Türkiyə birliyinə verilməsi, İranın bölgədən tamamilə sıxışdırılıb çıxarılması deməkdir. İranın mane olmaq cəhdlərinə baxmayaraq, artıq proses başlayıb və Tehran bunun qarşısını ala bilmir.

Türkiyə ilə yanaşı, Pakistanın da bölgədəki mövqeyini gücləndirməsi İranın təlaşını bir qədər də artırır. İran bu güclərlə bacara bilmir. İran öz imicini qorumaq üçün də bu dəhlizin açılmasına etiraz edir. Amma bunun qarşısını almaq İranın gücü daxilində deyil. Dediyim kimi, İran birbaşa Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün öz hərbi qüvvələrini Zəngəzurda yerləşdirmək istədi, amma Ermənistan bunu qəbul etmədi və bildirdi ki, lazım olsa, Rusiyadan kömək istəyəcək. Buna görə də, İran Rusiyaya üz tutdu, amma ondan da “yox” cavabı aldı. İran hara üz tutdusa, heç kimdən dəstək ala bilmədi. İranı heç kim yox, özü özünü təklədi.

Azərbaycan öz ərzilərini işğaldan azad etdikdən sonra İranın qanunsuz narkotrafikinin qarşısını aldı. Bunu Azərbaycan dayandırdı. Artıq İran digər yollardan da istifadə edə bilmir. Azərbaycan İranın hərəkətlərini hiss ediləcək səviyyədə məhdudlaşdırıb. Artıq İranın edə biləcəyi heç nə yoxdur. Hesab edirəm ki, bir müddət atılıb-düşdükdən sonra geri çəkiləcək, yeni reallıqlarla barışmalı olacaq. Çünki bu proyektdə yer alan dövlətlərin heç biri İranı dəstəkləmir. İranın yeganə çıxış yolu “Altılıq” formatına qoşulması və bölgədə reallaşdırılan layihələrə dəstək verməsindən keçir, bundan başqa yolu yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu