20 Oktyabr 2021 15:43
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aydındır ki, Azərbaycan və Ermənistan arasında müəyyən proses gedir. Düşünmürəm ki, Ermənistan indi sülh sazişi bağlamağa hazırdır. Amma fəal təmaslar var. Məsələn, iki ölkənin xarici işlər nazirləri, din xadimləri arasında görüş oldu. Eləcə də deputatlar Avropada bir araya gələrək müzakirələr etdilər. Eyni zamanda hər iki ölkənin qeyri-hökumət təşkilatları və ekspertləri Tiflisdə müzakirələr apardı. Yəni müəyyən proseslər gedir”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Musabəyov ehtimal edir ki, hazırda masada iki vacib məsələ var: “Biri nəqliyyat xətlərinin açılmasıdır. Axı söhbət ancaq xətlərin açılmasından getmir. Orada müəyyən iş görülür, yol çəkilir, maliyyə xərclənir. Bizə vacibdir ki, xətlərin açılmasına dair qərar verilsin. Qərarların verilməsi ilə işin görülməsi arasında ilyarım vaxt gedəcək. Odur ki, bu məsələ vacibdir. İndi hər iki ölkənin baş nazirlərinin müavinləri Moskvada müzakirə aparırlar. Burada nəqliyyat məsələsi əsas olacaq. Mümkündür ki, orada müəyyən müsbət addımlar gözlənildiyi üçün Bakı müəyyən jest edir. Çünki Paşinyan üçün həyati məna kəsb edən Azərbaycanın ələ keçirdiyi diversantlar məsələsidir. Diversantların valideynləri daim Paşinyanı narahat edir. Odur ki, müəyyən proses gedir və buna qarşılıq olaraq jestlər edilir.

İkinci məsələ isə sərhədlə bağlı ilkin razılaşmanın əldə edilməsi məsələsidir. Əlbəttə, müəyyən xətt var və bu de-fakto tanınır. Bəli, bizim Gürcüstanla sərhədlə bağlı imzalanan sənədimiz yoxdur, amma baş ağrısı da yoxdur. Ermənistanla sərhəd məsələsi də razılaşdırılmalı, gərginliyin aradan qaldırılması, atəş açılmaması kimi məsələlər ortada ola bilər, yəni sərhəd xəttinin SSRİ xəritəsi əsasında müəyyənləşdirilməsi, sonra delimitasiya, demarkasiya işlərinin aparılması. Əlbəttə, bu, vaxt tələb edən məsələdir. İlkin olaraq hansı xərtəni əsas kimi götürmək, ekspert qrupları, xəritəçilərin işləməsinə nail olmaq lazımdır ki, gərginlik də aradan qaldırılsın. Düşünürəm ki, bu iki istiqamətdə işlərin başlanılması gözlənilir”.


Müəllif: Nemət