21 Oktyabr 2021 11:10
2 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağdakı situasiya Azərbaycanın nəzarətindədir və bundan narahat olan qüvvələr var. Ən çox da Rusiya və İrandır. İranın faktiki biznesinin qarşısı alınıb. Həm Qarabağa gətirib nələrsə satırdılar, həm də kimlərsə narkotik biznesi ilə məşğul olurdu. İndi bunların qarşısı alındığından biz müəyyən təxribatların şahidi oluruq. Rusiyadakı erməni politoloqlar açıq bildirirlər ki, Qarabağda ermənilər yaşamaq istəmir, onlar qaçıb gedirlər. Bu, Rusiyanın gələcək siyasətinə təsir edəcək”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

Politoloq qeyd edib ki, hazırda Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırlıq görür: “İran bunu arzu etmir, çünki Zəngəzur dəhlizinin açılmasını istəmir. Amma Rusiya fərqli mövqedədir və dəhlizin açılmasını istəyir. Buradan artıq çıxan nəticə budur ki, “3+3” formatından biri yaxşı işləyir. Söhbət Türkiyə, Rusiya, Azərbaycandan gedir. Mümkündür ki, Ermənistan da bura gəlməklə “3+1” formatı ortaya çıxsın. Çünki Gürcüstanın Rusiya ilə problemi olduğundan bu platformaya gəlməyəcək. İranın da gəlməsi real görünmür. Mümkündür ki, “3+1” formatı daha real olsun. Qarabağdakı təxribatlar da bu proseslə bağlıdır. Rusiyada bir qrup bunda maraqlıdır, digər qrup isə yox.

Azərbaycandan kənarda olan bəzi şəxslər isə bu məsələləri bilmədiyi üçün onların ruporuna çevrilirlər. Ağrılı tərəf budur. Əlbəttə, insanlar ayıq olmalıdır. Bizim üçün vacibi dövlət maraqlarımızdır”.


Müəllif: Nemət