21 Oktyabr 2021 11:19
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müshibəni təqdim edirik:

- Elman müəllim, Azərbaycanın Ermənistana sülh təklifi və prosesin gedişini necə dəyərləndirirsiniz?

- Sözsüz ki, bu prosesin aparıcı qüvvəsi Azərbaycan dövləti və onun lideridir. Azərbaycan tərəfi uzun illərdir ki, öz mövqeyini ifadə edib. Amma bu təkliflər eşidilməyib. Bunun nəticəsində Azərbaycan öz pozulmuş ərazi bütövlüyünü bərpa etmək üçün Vətən müharibəsinə başlayıb. Bununla da dövlətimiz özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib. Hətta müharibə dövründə də Ali Baş Komandan İlham Əliyev tərəfindən sülhlə bağlı mühüm təkliflər, çağırışlar oldu. Azərbaycan hər zaman sülh tərəfdarı oldub. Əsas tələb də o idi ki, işğalçı dövlət öz ordusunu torpaqlarımızdan tamamilə çıxarsın. Müharibə bitdikdən sonra da Azərbaycan öz mövqeyindədir. Biz sülhpərvər dövlətik. Dövlət başçısı da bütün çıxışlarında bu amili xüsusi olaraq vurğulayır. Amma çox təəssüf ki, Ermənistan tərəfindən analoji adekvat yanaşma müşahidə edilmir. Ermənistan tərəfi müxtəlif bəhanələrlə bu prosesdən qaçmağa, müxtəlif absurd bəhanələr gətirməklə pozuculuq etməyə çalışır. Onlar özləri də bilir ki, iddia etdikləri məsələlərin heç biri reallaşmayacaq. Amma yenə də öz bəd niyyətlərindən imtina etmək istəmirlər. Məqsəd də odur ki, proses mümkün qədər ləngisin. Bütün bunlara baxmayaraq erməni baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizinin onlar üçün də əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, bu dəhliz vasitəsi ilə Ermənistan da İranla mümkün dəmir yolu əlaqaləri qurmaq imkanı qazanacaq. Azərbaycanın Naxçıvanla quru əlaqəsinin formalaşacağını da N.Paşinyan artıq etiraf edir. Həmçinin erməni tərəfi başa düşməlidir ki, onların başqa çıxış imkanları mövcud deyil. 3 dövlət 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında birgə sənədə imza atıb. Bu baxımdan hər bir dövlət öz imzasına hörmətlə yanaşmalıdır. Bu razılaşmalardan imtina etmək hansı fəsadlara gətirib çıxara bilər bunu N.Paşinyan da dərk etməmiş deyil. Eyni zamanda kommunikasiyaların açılmasından başqa Ermənistan üçün əlavə çıxış imkanları qalmayıb. Bu günlərdə erməni analitiklər hesablayıb ki, son 8 ayda Ermənistanı tərk edənlərin sayı hədsiz çoxalıb. Ona görə də, Ermənistanın bu kimi problemlərin yeganə həlli yolu olan sülh sazişini imzalamalı olacaq. Bu saziş qalib Azərbaycanın diktəsi ilə formalaşacaq.

- Hələ də bəzi qüvvələr Qarabağla bağlı müxtəlif fikirlər səsləndirirlər. Bunu necə əsaslandırmaq olar?

- Qarabağ məsələsi bundan sonra heç vaxt danışıqlarda müzakirə mövzusu olmayacaq. Bununla bağlı dövlət başçısının da konkret mövqeyi var. Amma sülh sazişinə qədər Azərbaycan ərazisində hələ də mövcud olan qanunsuz erməni silahlıları buranı tərk etməlidir. Bu şərtlər olmasa Azərbaycan sülh sazişini imzalamayacaq. Çünki ərazimizdə separatçıların tör-töküntüləri hələ də qalmaqdadır. Bu cür qanunsuz silahlıların Azərbaycan ərazisindən çıxarılması hər iki razılaşmada öz əksini tapıb. Bu şərtlərin icrasını da vasitəçi olaraq Rusiya öz üzərinə götürüb. Azərbaycan bu məsələdə də təkbaşına addım ata bilər. Bununla bağlı artıq bütün dünyaya bəlli olan 27-i sentybar 2020-ci ilin əks-hücum əməliyyatı təcrübəsi var. Bununla Azərbaycan BMT-nin məlum qətnamlərini təkbaşına icra etmiş olub. Ona görə də bu məsələləri tezliklə həll etmək üçün mümkün addımlar atılmalıdır. Amma ümumilikdə mümkün danışıqlarda və təmaslarda Qarabağla bağlı hansısa bir məsələnin gündəmə gətirilməsi qeyri-mümkündür. Azərbaycanın iradəsi hər kəs üçün aydındır.

- Avropa İttifaqının Azərbaycanla mümkün əlaqələr fonunda Ermənistanla əldə olunacaq razılaşmada yer almaq istəyi necə izah olunur?

- Dövlət başçısı da bu günlərdə Avropa İttifaqının nümayəndələri ilə görüşündə açıq şəkildə bəyan edib ki, Azərbaycan bu təşkilatla əməkdaşlıqda maraqlıdır. Amma Avropa İttifaqı bəzi hallarda ədalətsiz mövqe nümayiş etdirir. Ermənistana Aİ-nın 2,6 milyard dollarlıq maliyyə yardımı da onların prosesə necə yanaşdıqlarını göstərir. Belə olan halda münasibətlərə tarazlı yanaşmaq məsələləri bir daha gündəmə gəlir. Avropa İttifaqı demokratiyanın, insan haqlarının tərəfdarı olduğunu bəyan edir. Amma real fəaliyyətdə Azərbaycan ərazisində 30 il talançılıq, barbarlıq etmiş, xalqımıza qarşı soyqırım siyasəti həyata keçirmiş Ermənistana yardım edilir. Bu paradoksal bir haldır. İşğaldan azad edilən ərazilərdə Azərbaycan özü və tərəfdaşları ilə mümkün bərpa quruculuq işlərini icra edir. Aİ isə Ermənistana açıq maddi yardım edir. Belə olan halda qarşılıqlı səmimi əməkdaşlıqdan danışmaq bir qədər çətin olur. Amma bütün bunlara o qədər də əhəmiyyət vermək lazım deyil. İkili standartlar hər zaman olub. 30 il Azərbaycan bu ikili standartların nəticələrini daşımalı oldu. Ona görə də biz xalq, dövlət olaraq öz işimizlə azad etdiyimiz torpaqlarımızda quruculuq bərpa və Böyük Qayıdışı daha da yaxınlaşdırmaq üçün mümkün fəaliyyətimizlə məşğul olmalıyıq.


Müəllif: Tapdıq Qurbanlı