21 Oktyabr 2021 16:30
5 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran tərəfi nəhayət normal bir qərar verib. Aydındır ki, Azərbaycan tərəfinin icazəsi və razılığı olmadan hər hansı bir yük avtomobili ərazilərimizə daxil ola bilməz. Bu mənada İran tərəfinin yük avtomobillərinin Laçın dəhlizinə və ya Xankəndinə getməsini qadağan edən qərara normal baxıram.”

Bu sözləri Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Əlizadənin qənaətinə görə, İran tərəfinin bu addımı mövcud olan gərginliyin nisbətən azalmasına səbəb ola bilər.

Onun sözlərinə görə, gərginliyin düşməsini müşahidə edə bilərik: “Azərbaycan bir daha sübut etdi ki, heç kim onunla diktat və təzyiq dilində danışa, ona öz iradəsini qəbul etdirə bilməz. Hər halda münasibətlərin qaydaya düşməsi müsbət haldı. Bundan əvvəl İranın fəaliyyəti normal münasibətlərə mane olurdu”.

ASDP sədri qeyd edib ki, Azərbaycanın İrandan heç bir təmənnası yoxdur: “Heç kəs İranın qanunlarını pozmur. Xüsusilə də Azərbaycan. Azərbaycan da istəyir ki, İran Azərbaycan qanunlarını pozmasın. Bu qədər sadədir”.

Araz Əlizadə qeyd edib ki, guya Azərbaycanda İsrailin olması və anti-İran fəaliyyəti aparması əslində boş və əsassız iddialardır: “Aydındır ki, hər mollanın ağzına dəsmal bağlamaq mümkün deyil. Əsas odur ki, real addımlar olsun. Qənaətimcə, bundan sonra normal münasibətlər olacaq”.


Müəllif: Nemət