22 Oktyabr 2021 10:03
3 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elşad müəllim, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi ilə bağlı məsələ gündəmdədir. Hazırda bu istiqamətdə olan prosesləri necə qiymətləndirirsiniz?

- Yekun sülh sazişinin imzalanacağı gün çox uzaqda deyil. Proseslər olduqca dinamikliklə cərəyan etməkdədir. Azərbaycan işğaldan azad etdiyi torpaqlarında sürətlə tikinti, quruculuq işlərini həyata keçirir. Artıq Füzuli Beynəlxalq Hava Limanı istifadəyə hazırdır. Ona beynəlxalq hava limanı statusu verilib. İşğaldan azad olunmuş torpaqlarımızın dünyaya açılan bir qapısı olan Füzuli hava limanı digər istiqamətlərdə strateji kommunikasiya imkanlarını təqdim edir. Yəni Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aktiv şəkildə etibarlı, keyfiyyətli nəqliyyat kommunikasiyasını yaratmaqdadır. Bir neçə gün öncə MDB dövlət başçılarının toplantısında da Rusiya Prezidenti Vladimir Putin belə bir ifadə işlətdi ki, “pis sülh yaxşı müharibədən yaxşıdır”. Təbii ki, Putinin bu yanaşması ətrafında müzakirələr aparmaq mümkündür. Amma əslində Putin bu ifadəni üzünü Ermənistana tutaraq işlətdi.

- Ermənistanın post-münaqişə dövrü ilə bağlı davranışları Rusiyanın mövqeyində hansı şərtləri diktə edir?

- İlk növbədə Putində aydın təsəvvürlər mövcuddur ki, yekun sülhü imzalamaqdan yayınan ölkə Ermənistandır. Azərbaycan öz praktiki addımları, davranışları, mövqeyi ilə yekun sülh sazişi imzalamağa hazır olduğunu hər zaman bildirir. Bunu Azərbaycan Prezidenti də bir neçə dəfə bəyan edib. Ermənistana sülh sazişi imzalamaq mesajları ötürülüb. Ermənistan isə hər vasitə ilə bu sülh sazişini imzalamaqdan yayınmağa çalışır. Kənar dairələrin də bu istiqamətdə Ermənistana aşkar təsirləri olub.

- Qərbin Ermənistanı sülhdən uzaqlaşdırmaq cəhdləri nə dərəcədə realdır?

- Bu mənada ABŞ və Fransanı ayrıca qeyd etmək lazımdır. Onların da Ermənistana təsiri əsasən ona hədəflənib ki, o, yekun sülh sazişini imzalamasın. Yəni həmin dairələr sanki münaqişənin hələ də davam etdiyi təəssüratını yaratmağa çalışırlar. Ermənistanı yeni təxribatlar törətməyə sövq ediblər. Artıq olmayan münaqişənin tənzimlənməsi məsələsinin ATƏT-in Minsk Qrupu formatında müzakirə olunmasının vacibliyini önə çəkməyə çalışıblar. Təbii ki, bütün bunlar bir hədəfə hesablanıb, Ermənistan yekun sülh sazişini imzalamaqdan yayına bilsin. Yəni Qərbin bəzi dairələrinin təbirincə hələ münaqişə davam edirsə, deməli hansısa sülhdən söhbət gedə bilməz. Amma yaxşı bilirik ki, Azərbaycan öz gücü hesabına münaqişəni aradan qaldırdı. Bu gün sadəcə olaraq Ermənistanın xırda hərbi, siyasi təxribatlarından danışmaq üçün əsas ola bilər. Amma münaqişə əlamətləri artıq tarixə qovuşub.

- Ermənistanın sülhə səmimi yanaşacağına inanmaq nə dərəcədə məntiqlidir?

- Bu baxımdan Ermənistan hesab edir ki, imzalayacağı sülh sazişi onun hazırkı məğlub durumuna müvafiq olaraq maraqlarını ifadə etməyəcək. İşğalçılıq siyasəti həyata keçirən, ölkəmizə əsassız ərazi iddiaları irəli sürən Ermənistan təbii ki, hansısa marağının qorunmasından danışmaq üçün heç bir hüquqa malik deyil.

- Vladimir Putinin “pis sülh, yaxşı müharibədən yaxşıdır” mesajına erməni tərəfinin adekvat reaksiyası necə şərh olunur?

- Rusiya Ermənistanın sülh sazişi imzalamaqdan yayındığına işarə edərək mühüm mesajlar verir. Bu baxımdan da elə Putinin dediyi “pis sülh” ifadəsi də Ermənistana aiddir. Rusiya tərəfi yaxşı bilir ki, imzalanacaq sülh sazişi Ermənistan üçün pis olacaq. Çünki Ermənistan məğlub ölkədir. Ermənistanın 30 il boyunca həyata keçirdiyi işğalçılıq siyasəti tam fiaskoya uğradı. Bumeranq effekti ilə ermənilərin özünə ölümcül zərbə vurdu. Hesab edirəm ki, elə Putin Ermənistana yönəlik səsləndirdi ki, onun indiki vəziyyətində məqbul olmayacaq sülh sazişi müharibədən yaxşıdır. Çünki Ermənistan ağır məğlubiyyət durumuna uyğun olaraq sülh sazişi imzalayacaq. Bu sülh sazişi Ermənistan üçün yaxşı ola bilməz.

- Yekun sülh Azərbaycan üçün hansı əlverişli imkanlar yaradacaq?

- Azərbaycan qalib ölkədir. Torpaqlarını işğaldan azad edib. Özünün güc mövqeyini formalaşdırıb. Müvafiq olaraq tarixi təcrübələrdən də hər zaman gördüyümüz kimi güc mövqeyinə uyğun əlverişli sülh sazişini imzalayacaq. Bütün hallarda Azərbaycan ədalətli mövqedən çıxış edir. Azərbaycanın ədalətli möveyinin təmin edilməsi, təsdiqlənməsi və qorunması təcavüzkar Ermənistan üçün məqbul vəziyyət deyil. Sülh sazişi ətrafında son günlərdə daha intensiv müzakirələrin aparılması erməni baş nazirinin aşkar üzüyola mövqeyi sərgiləməyə başlaması bu sənədin yaxın günlərdə imzalanacağı barədə fikir söyləməyə əsas verir. Təcavüzkarlıq, işğalçılıq siyasətini həyata keçirən Ermənistan artıq real vəziyyətin tamam fərqli olduğunu dərk edir. Eyni zamanda kənar, qarışdırıcı qüvvələr Ermənistana yaxşı heç nə vəd edə bilmir. Sadəcə olaraq Ermənistandan istifadə edərək yenidən vəziyyəti gərginləşdirməyə çalışırlar. Bu, Ermənistanda dərk olunduqca bu ölkə sülh sazişini imzalamaq məcburiyyəti qarşısında qalacaq. Biz addımlarımız, strateji hərəkət və davranışlarımızla Ermənistanı sülh sazişini imzalamağa məcbur etməkdəyik.


Müəllif: Tapdıq Qurbanlı