23 Oktyabr 2021 10:09
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərdoğan və Putin arasında razılaşma əldə edilib, Zəngəzur dəhlizi açılacaq”

Teleqraf.com Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edir:

- Sərdar bəy, ötən gün Moskvada Azərbycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə növbəti görüş keçirilib, kommunikasiya xətlərinin blokdan çıxarılmasına dair məsələyə baxılıb. Bundan öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri, eləcə də deputatlar və ictimaiyyət nümayəndələri bir araya gəlmişdi. Sizcə, indi tərəflər arasında gedən danışıqların mahiyyəti nədən ibarətdir?

- Bildiyiniz kimi, bundan əvvəl üçtərəfli görüş baş tutmamamışdı. Daha doğrusu, Ermənistan tərəfi belə müzakirələrdən birtərəfli qaydada imtina etmişdi. Səhv etmirəmsə, əlimizdə olan erməni diversantların və ya sərhəddə Azərbaycan tərəfinin fəal olması ilə bunu izah etməyə çalışırdılar. Həm də Zəngəzur dəhlizinin açılmasına razılıq vermədikləri səbəbindən belə görüş və müzakirələrdə maraqlı deyildilər. Hətta Ermənistan Baş naziri Nikol Paşinyan elan etmişdi ki, beynəlxalq hüquqda belə məfhum yoxdur. Mənim qənaətimcə, Ərdoğan-Putin görüşündən sonra istiqamət bir qədər fərqli oldu. Mətbuatda gedən informasiyalardan aydın oldu ki, Ərdoğan və Putin arasında razılaşma əldə edilib.

Yəni Zəngəzur dəhlizinin açılması məsələsi razılaşdırılıb. Hətta dəhlizin təhlükəsizliyi yalnız Rusiya deyil, eyni zamanda Türkiyə tərəfindən mühafizə ediləcək. Ermənistanda son zamanlar anti-Putin dalğası da zənnimcə bu məqamla əlaqəlidir. Ehtimal edirəm ki, üçtərəfli görüşün baş tutması da ona dəlalət edir ki, Zəngəzur dəhlizinin açılmasına razılıq verilib və qısa müddət ərzində dəhliz açılacaq. Əks təqdirdə regionda kommunikasiyalar açıla bilməz. Kommunikasiyaların açılması həm də Zəngəzur dəhlizinin açılmasından asılı məsələdir. Onu da nəzərə alaq ki, Nikol Paşinyan son çıxışlarından birində açıq bildirdi ki, Azərbaycanla Naxçıvan arasında həm dəmiryolu, həm də avtomobil yolu olacaq. Məncə, bunlar təsadüfi məsələlər deyil.

- Azərbaycan və Ermənistan xarici işlər nazirləri son bir ayda iki dəfə görüşüb. Ümumən siz bu tendensiyanı necə qiymətləndirirsiniz?

- Qeyd edildiyi kimi, hətta qeyri-hökumət təşkilatlarının və hər iki tərəfin ekspertlərinin də birgə görüşü olub. Məncə, bu, ilkin olaraq xalq diplomatiyası mərhələsidir. Bundan sonra əsl rəsmi diplomatiya mərhələsi yaşanacaq. Bu da onu göstərir ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesinə start verilib. Münasibətlərin yoluna qoyulmasına hər iki tərəf razılıq verib. Eləcə də bu prosesdə Rusiya və Türkiyə arasında razılaşma var. Məncə, hər iki tərəfin müxtəlif səviyyədə nümayəndələri arasında görüşlər ilkin təmaslardır. Bundan sonra mümkündür ki, İlham Əliyevlə Nikol Paşinyan görüşəcək və digər rəsmi şəxslərin də bir araya gəlməsi mümkündür. Beləcə düşmənçilik aradan qalxacaq, sülh müqaviləsi imzalanacaq.

- Sizcə, Ermənistan sülh müqaviləsi imzalamağa, sərhədlərin qarşılıqlı şəkildə tanınmasına hazırdırmı?

- Bizdən fərqli olaraq Ermənistan bu prosesə daha ağrılı reaksiya verir. Əlbəttə, bizim cəmiyyətdə də sülh müqaviləsinə, barışığa mənfi yanaşanlar da var və bu, təbiidir. Nəzərə almaq lazımdır ki, bizim ortada şəhidlərimiz, qazilərimiz, onların ailə üzvləri var. Aydındır ki, onlar ermənilərlə barışığa müsbət yanaşa bilməz. Ancaq biz anlayırıq ki, siyasətdə əbədi dost və düşmən anlayışı yoxdur. Heç bu mümkün də deyil.

Bizim dövlət maraqlarımız tələb edir ki, Ermənistanla sülh müqaviləsi imzalayaq. Elə İrəvanın da maraqları bunu istəyir. Üstəlik Türkiyə və Rusiya da bunda maraqlıdır. Odur ki, burada baş verən məsələləri götürərək düşmənçiliyi əbədi davam etdirmək doğru olmaz. Məsələn, 1905-1915-ci illərdə ermənilərin bizim başımıza gətirdikləri son 30 ildən daha ağır və qanlı olub. O dövrdə 100 minlərlə dinc əhalini öldürüblər, qətlə yetiriblər. Amma bunun üzərindən 50 il keçməmiş ermənilərlə azərbaycanlılar dinc və yanaşı yaşamağa başladılar. Belə tarixi faktları digər nümunələrdə də çəkmək olar. Diqqət edin, ruslarla almanlar bir-birini az qalmışdı məhv edələr. Apardıqları müharibə zamanı 50 milyona yaxın insan öldürüldü. Amma buna baxmayaraq yenə dost kimi yaşayırlar. Hətta Rusiya Almaniyaya qaz xətti çəkir. Əlbəttə, bizim də yaralarımız təzədir. Şəhid ailələrini, qaziləri başa düşməliyik. Həm də axı onlar bilirlər ki, biz qalib dövlətik. Məhz bu oğulların sayəsində erməniləri məğlub edib sülhə məcbur edirik. Ermənistanın özündə də müharibədə itki verənlər bizimlə əməkdaşlığın əleyhinədir. Lakin dövlət maraqları, bölgənin təhlükəsizliyi məsələsi var. Bu maraqlar tələb edir ki, bu iki dövlət arasında mütləq sülh müqaviləsi imzalansın.

- Düşünürsünüz ki, Ermənistan buna hazırdır və bu prosesə başlanacaq?

- Məncə, gedəcək yox, artıq buna gedib. Bəs yuxarıda qeyd etdiyimiz görüşlər nə üçündür, hansı məqsədə xidmət edir?

- Bu addımların atılması Ermənistanda hansısa daxili təlatümlərə səbəb ola bilərmi?

- Ermənistanda etirazlar başlayıb. Məsələ onlara sızıb, bir neçə gün əvvəl mitinq keçiriblər və Vladimir Putinlə bağlı təhqiramiz şüarlar səsləndiriblər. Amma bu acizlikdən doğan acılıqdır, siyasi mövqe deyil. Çünki buna etiraz edənlər kiçik qüvvədir. Digər tərəfdən, Paşinyanın müxalifəti də Rusiyanın nəzarəti altındadır. Moskvadan Köçəryan və Sərkisyana komanda gəlsə ki, adamlarınızı yığışdırın və özünüz də susun, bu zaman müxalifət hakimiyyətdən daha çox razılaşmanı dəstəkləyəcək. Ermənistanda Paşinyan siyasətinə etraz edəcək, ona qarşı qüvvə qoyacaq siyasi təşkilat yoxdur. Nikol Paşinyan da Moskva nə desə onu da edəcək.

- Sülh sazişindən sonra Azərbaycan və Türkiyə tərəfindən Ermənistanın iqtisadi işğalı yaşana bilərmi?

- Rəcəb Tayyib Ərdoğan açıq qeyd edib ki, əgər Ermənistan Azərbaycanla sülh sazişi imzalasa, Azərbaycanın ərazi bütövlüyünü tanısa Ermənistanın qısa müddətdə inkişafı üçün nə lazımdırsa, olunacaq və dəstək veriləcək. Mənim qənaətimcə, sülh sazişi imzalansa və ermənilər Azərbaycana qarşı iddialarından əl çəksələr qısa müddət ərzində Ermənistan indiki ilə müqayisədə dəfələrlə inkişaf edəcək.

- Azərbaycan və Türkiyənin sayəsində?

- Pul, sərmayə hesabına. Üstəlik ermənilər həm işçi qüvvəsidir, həm də sənətkarlardır. Ermənistanın özünün də müəyyən resursları var. Qarşılıqlı faydalanma ilə hər bir tərəf divident götürə bilər. Ermənistan İstanbulun bir küçəsi boydadır. İnkişaf etmək istəyirsə, sülh sazişinə gəlməlidir.


Müəllif: Nemət