22 Oktyabr 2021 16:46
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan özünün ədalətli mövqeyini hər zaman müdafiə edib. Dövlətimiz heç kimə onunla diktə dilində danışmağa imkan vermir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Azərbaycan bütün qonşu dövlətlərlə bərabər müstəvidə münasibətlərini davam etdirmək niyyətindədir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Azərbaycan özünün xarici siyasətini müəyyənləşdirməkdə müstəqildir: “Ölkəmiz dost və müttəfiqlərini seçməkdə suveren hüqüqa malikdir. Azərbaycan hər zaman yaranmış səmimi münasibətlərə sadiqdir. Hazırda İran-Azərbaycan münasibətlərində müşahidə olunan müsbət meyllər də ölkəmizin haqlı tərəf olduğunu bir daha təsdiq etdi. Azərbaycan heç bir ölkənin onun suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verməyəcəyini bəyan edib”.

Deputat hesab edir ki, Azərbaycan haqlı olaraq İran iş adamlarının ermənilərin yaşadığı ərazilərlə qeyri-qanuni əlaqələrə son qoymağı tələb etmişdi: “Bu məqsədlə ilk növbədə diplomatik kanallarla müvafiq mesajlar göndərildi. Daha sonra isə İrana nota təqdim olundu. Azərbaycan bir daha sübut etdi ki, heç kim onunla diktə və təzyiq dilində danışa bilməz”.

Millət vəkilinə görə, İran-Azərbaycan münasibətlərində müşahidə olunan son proseslər həm də Ermənistana böyük zərbə oldu: “Ermənistan üçüncü tərəflərin dəstəyi ilə Azərbaycanın suveren ərazilərinə müdaxilə etmək imkanından məhrum oldu. Bütün bunlar isə Prezident İlham Əliyevin qətiyyətli siyasətinin məntiqi nəticəsində mümkün olub. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları bütün məsələlərdən üstündür”.


Müəllif: Tapdıq Qurbanlı