23 Oktyabr 2021 12:17
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Ağsaqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirk:

- Eldar müəllim, regionda post-müharibə dövrünün reallıqlarına uyğun baş verən prosesləri necə şərh edərdiniz?

- Ölkə başçısı işğaldan azad edilmiş bölgələrə səfərlərində və xarici media təmsilçilərinə vermiş olduğu müsahibələrdə post-müharibə dövrü ilə bağlı mühüm məsələlərə toxunur. Bu gün Azərbaycan qalib dövlətdir. Rusların belə bir deyimi var “qaliblər mühakimə olunmur”.

Amma biz bu gün haqlı qalibik. 30 illik ədalətsizliyə son qoymuş bir dövlətik. Azad olunan torpaqlar Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünə daxildir. Azərbaycan öz gücünə beynəlxalq hüququ təmin edib. BMT qətnamələrini ölkəmiz 44 günə icra edib. Sözsüz ki, Azərbaycanın haqlı mübarizəsinə dəstək olan dövlətlər olub. Bu gün də dost dövlətlər Azərbaycanın haqq işinə dəstək olduqları açıq şəkildə bəyan edirlər. Sözsüz ki, ölkəmizə edilən dəstək ancaq mənəvi, siyasi xarakter daşıyıb. Azərbaycan özünün hərbi gücünə pozulmuz ərazi bütövlüyünü bərpa edib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Ordumuz 44 günə pozulmuş ədaləti bərpa etməyə nail olub. 44 gündə Ermənistanın özü üçün yaratmış olduğu bütün “miflər” darmadağın oldu. Müharibə Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Amma bu gündə 10 illər özləri haqqında uydurmalar yaradan, “miflər” uyduran Ermənistanda revanşist qüvvələr mövcudur. Hazırda Ermənistanda elə bir xaos yaranıb ki, bu ölkənin gələcəyi haqqında düşünən sağlam, məntiqli siyasətçilər belə yoxdur. Məğlub Ermənistanda gedən siyasi çəkişmələr hakimiyyət davasıdır.

Müharibədə məğlubiyyətə uğrayan Nikol Paşinyan yayda keçirilən növbədənkənar seçkidə yenidən erməni cəmiyyətindən dəstək aldı. Çünki erməni cəmiyyəti yenidən onu müharibəyə səsləyən qüvvələr səs vermədi. Ermənistanda mövcud olan bütün siyasi qüvvələr isə ancaq öz şəxsi mənafelərini düşünür. Bu siyasi qüvvələrin heç birinin Ermənistanın gələcəyi ilə bağlı konkret mövqeyi yoxdur.

- Bölgənin gələcək inkişafı ilə bağlı 3+3 platformasının reallaşması üçün hazırkı prosesləri necə qiymətləndirirsiniz?

- Azərbaycan və Türkiyə prezidentlərinin təklif etdiyi bu mühüm və strateji layihənin reallaşması üçün artıq mühüm addımlar atılır. Artıq Gürcüstan da bu prosesə qoşulmağa hazır olduğunu bəyan edib. Rusiya və bölgənin digər dövlətləri də bu mühüm layihəyə öz töhvəsini verməsi ilə regionda yeni iqtisadi canlanma yarana bilər.

Sözsüz ki, Ermənistanın da Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməklə mühüm layihələrə qoşulması mümkündür. Çünki Ermənistanın gələcəyi, düşdüyü indiki ağır sosial-iqtisadi durumdan yeganə çıxış yolu Azərbaycan və Türkiyənin təklif etdiyi platformada yer almaqdan keçir. Ermənistan Zəngəzur dəhlizinin açılacağı tədqirdə əldə edəcəyi divindentləri dərk etməlidir. Olmayan tarix və “miflərlə” yaşamaqla uzun müddət dövlətçiliyi qoruyub saxlamaq mümkün deyil.

- Azərbaycan dost, tərəfdaş və müttəfqiləri birgə layihələri, hərbi əməkdaşlığı niyə başqaları üçün narahatlıq kimi başa düşülür?

- Azərbaycan özünə yaxın dost, müttəfiq dövlətlərlə birgə hərbi təlimlər və digər layihələr icra edir. Bu amil bütün dünya dövlətləri üçün də xarakterikdir. Ona gör də, bu cür əlaqələrdən başqalarının narahatlığı başa düşülən deyil. Azərbaycan müstəqil dövlətdir.

Dövlətimiz öz müttəfiqlərini seçmək, onlarla qarşılıqlı əməkdaşlıq etməkdə sərbəstdir. Sözsüz ki, burda başqa mətləblər də var. Xüsusilə də, Zəngəzur dəhlizinin açılması Türkiyə ilə əlaqələrin daha da sıxlaşması, türk dünyası ilə münasibətlərin qurulması bir çoxları üçün narahatlıq yaradır. Bu gün dünyada özünün iqtisadi resurslarına görə seçilən Çin də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Məhz Azərbaycan vasitəsi ilə bölgədə və qlobal miqyasda əlaqələr yaranacaq.

Rusiya da 10 noyabr 2020, 11 yanvar 2021-ci ildə əldə edilmiş razılaşmalarda nəzərdə tutulmuş bütün müddəaların icrasında maraqlıdır. Ona görə də, məsələlərə bir qədər daha praqmatik yanaşılmalıdır. Azərbaycan öz xarici siyasətində qonşularla, tərəfdaşlarla qarşılıqlı maraqlara xidmət edən məsələlərdə ortaq mövqedən çıxış etməyə hazır olduğunu bəyan edib.

- Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamaları fonunda müəyyən təxribat xarakterli addımlar də müşahidə edilir. Qarşıda dövr üçün bu cür hallar proseslərin inkişafına nə dərəcədə təsirli ola bilər?

- Erməni baş nazirin son açıqlamaları, proseslərə yanaşmaları ölkəsindəki acınacaqlı durumu bir daha göz önündə canlandırır. Ona görə də, N.Paşinyanın əldə edilmiş razılaşmalarda nəzərdə tutulmuş müddəaların icrası ilə bağlı reallığı qəbul etməkdən başqa yolu yoxdur. Ona son Moskva səfərində Rusiya prezidenti tərəfindən razılaşmanın müddəaları xatırladılıb. Sözsüz ki, erməni tərəfinin səsləndirdiyi məsələlərin reallığa çevrilməsi imkanları tükənib. ATƏT-in Minsk Qrupunu yenidən gündəmə gətirmək kimi açıqlamalar da əsassızdır. Çünki problem həll olunub. Bu təşkilatın yenidən hansısa bir məsələdə rol alması o qədər də real görünmür. Hazırda Ermənistanda revanşist qüvvələr və real mexalifət də Paşinyana bu cür məsələlərdə təzyiqlər edir. Amma buna baxmayaraq reallığı dəyişmək artıq mümkün deyil.

- Azərbaycan və Ermənistan arasındakı münasibətlərin tənzimlənməsində vasitəçiyə nə dərəcədə ehtiyac var?

- Sözsüz ki, iki dövlət rəhbərinin heç bir vasitəçi olmadan görüşü və qarşıdan duran məsələləri müzakirəsi mümkündür. Burada heç ATƏT-in Minsk qrupunun da vasitəçiliyinə ehtiyac yoxdur. Bir müddət öncə Azərbaycan Prezidenti də açıqlamışdı ki, Ermənistana sülh sazişinin şərtləri təqdim edilib. Amma çox təəsüf ki, Ermənistan tərəfi hələ də bu məsələ ilə bağlı konkret bir addım atmayıb. Amma buna baxmayaraq son günlər dövlət rəhbərləri görüşüb qarşıda duran məsələləri müzakirə etməyə hazır olduqlarını bəyan ediblər. Azərbaycan hər zaman sülhə, əməkdaşlığa hazır olub. Dövlətimiz tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşlar ölkə qanunlarına uyğun formada təminatla əhatə oluna bilər. Azərbaycan digər xalqların dostluq, qardaşlıq şəraitində yaşadığı, bütün dünya üçün nümunəvi dövlətdir. Erməni əsilli vətəndaşlar da burada ölkə qanunlarına uyğun şəkildə yaşamaq hüququ qazana bilər.

- Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonrakı inkişafında rolunu necə dəyərləndirmək olar?

- İndi elə bir reallıq yaranıb ki, bunu bölgədə olan hər bir dövlət qəbul edir. Rusiya sülhyaradıcı missiyanın iştirakçısıdır. Ona görə də, Azərbaycanla bağlı hətta qonşu dövlətlərdən Rusiyaya edilən şikayətlər də ciddi reaksiya ilə qarşılanmadı. Çünki Rusiya bölgədə olan bütün proseslərdə iştirakçıdır.

- Bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı indiki şəraitdə belə qərəzli mövqeyi nə ilə bağlıdır?

- Bir çox Avropa təşkilatlarında erməni lobbisinin təsirinə düşmüş, onlardan bu və ya digər formada asılı hala salınmış siyasətçilər var. Bunlar da sözsüz ki, Azərbaycanla Türkiyə ilə bağlı verilən qərarların mahiyyətində, müəyyən yanlış məsələlərin yer almasına səbəb olur. Fransada, Niderland, Belçika kimi dövlətlərdə erməni lobbisi özü üçün mühüm dayaqlar qurub. Bu mənada erməni lobbisi beynəlxalq təşkilatların verdiyi qərarlara təsir etmək üçün müxtəlif vasitələrdən istifadə edir. Amma çox təəsüf ki, bəzi beynəlxalq təşkilatlar erməni lobbisinin təsiri ilə vermiş olduqları yanlış qərarlardan özləri zərər görür. Çünki heç bir fakta əsaslanmayan qərarlar sonradan onların özləri üçün də mənfi bir imic yaradır.

- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının xətti ilə müharibədən öncə, Vətən müharibəsinin gedişində Azərbaycanla bağlı reallıqların daha çevik və operativ ötürülməsində hansı işlər görülüb?

- Bu ilin noyabr ayını sonunda Ruminiyada QDİƏT-in Parlamnet Assambleyasının iclası olacaq. Bu iclasda Azərbaycan nümayəndə heyəti olaraq Vətən müharibəsi və ondan sonra yaranmış reallıqlarla bağlı müzakirələr aparacayıq. Vətən müharibəsinin gedişində də sıx təmaslarımız olub. Təşkilatda təmsil olunan dövlətlərlə əlaqələrimiz daha intensivdir. Bu baxımdan təşkilat çərçivəsində də biz daha sıx təmasların olmasına çalışırıq.

Çünki bu təşkilatda təmsil olunan dövlətlərin böyük əksəriyyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Vətən müharibəsinin gedişində bu təşkilatda təmsil olunan Rusiya açıq şəkildə bəyan etdi ki, Azərbaycan öz ərazisində döyüş əməliyyatlarını icra edir. Bütün dünya da gördü ki, Azərbaycan BMT tərəfindən tanınan əraziləri daxilində mübarizə aparır.

Ölkəmizə tərəfdaş olan dövlətlər və təşkilatlar da əsl reallığın nədən ibarət olduğunu bilir. Bu gün Azərbaycan öz ərazilərinin bütövlüyünə nail olub. Hazırda bölgədə kommunikasiyaların açılması üçün Azərbaycan tərəfindən ciddi işlər görülür. Bu bölgədə görülən bütün işlər regional və beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Biz də təmsil olunduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı əsl həqiqətlərin təbliğində, dost, tərəfdaş ölkələrin paralament təmsilçilərinin diqətinə çatdırırıq. Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ daimi sülhün yaranması və təhlükəsizliyin təminatdır. Eyni zamanda tez bir zamanda ərazilərin minalardan təmizlənməsi və insanların öz yurd yuvalarına qayıdışını təmin etmək üçün mümkün yaşayış imkanlarının yaradılması da dövlətin prioritetlərinə daxildir. Hazırda Azərbaycan dövləti bu istiqamətdə ciddi işlər görür. Torpaqlarımızın azad edildiyi dövrdən bu günə qədər miqyassız işlər görülüb. Həyata keçirilən bu işlər sözsüz ki, qısa zamanda o bölgədə həyatın yenidən canlanmasına, o ərazilərdə yaşamış insanlarımızın əbədi olaraq öz doğma yurdlarında yaşamasına hesablanıb.


Müəllif: Tapdıq Qurbanlı