25 Oktyabr 2021 19:51
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, sizcə, hazırda sülh prosesi ətrafında müəyyən polemikalar fonunda Azərbaycan hansı addımlar atacaq?

- İstənilən məsələdə masada müzakirə apararaq hansısa bir nəticəyə gəlmək mümkün olur. Burada da hansısa bir variantın obyektivliyi və mümkünlüyü barədə qənaətə gəlmək olar. Hazırda Azərbaycanın əlində güclü arqumentlər var. Üstünlük bizim tərəfdədir. Ona görə də, burada proseslər doğru dəyərləndirilməlidir. Erməni tərəfinin də müəyən məsələlərdə hansısa cığallığına imkan vermək olmaz. Çünki ermənilər özləri də artıq başqa bir vəziyyətdədir. Onların ortaya mövqe qoymağa gücləri yoxdur. Ona görə də, bu məsələlərdə biz daha fərqli bir siyasət izləməliyik. Bizim imkanların daha geniş olduğu nümayiş olunmalıdır. Biz bu məsələdə də uğur qazanmaq imkanına sahibik.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Füzuli aeroportunun da açılışında iştirakı planlaşdırılıb. Qardaş ölkə rəhbərinin indiki şəraitdə belə bir proqramla Azərbaycanda iştirakının əhəmiyyətini necə dəyərləndirmək olar?

- Bu səfərdə də biz daha çox öz mövqeyimizə baxmalıyıq. Çünki Türkiyənin bölgədəki varlığı əvvəl-axır Ermənistanla olan məsələlərin müəyyən mənada fərdi qaydada iki ölkə arasındakı müzakirəsinə gətirib çıxarmalıdır. Çünki Ermənistanın Azərbaycanla olan problemindən başqa Türkiyə ilə də ciddi problemləri var. Bu problemlərin də həlli istiqamətində mütləq qaydada ciddi danışıqlar aparılmalıdır. Türkiyə ilə məsələlərin düzəlməsi istiqamətində erməni tərəfi addımlar atmalıdır. Ermənistanın Tükiyəyə qarşı ərazi iddiaları var. Bu iddialardan hələ də imtina edilməyib.

Sözsüz ki, bunlar boş, mənassız iddialardır. Amma hər halda düşmənçilik münasibətindən imtinadan söhbət gedirsə, bu kimi məsələlərdə Ermənistan daha diqqətli olmalıdır. Hər hansı bir şəkildə məsələnin gərginləşməsini ortadan qaldırmağa hesablanmış addımlar atılmalıdır. Bu mənada Füzuli aeroportuna hörmətli Rəcəb Tayyib Ərdoğanın gəlişi Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərinin bir daha nümayişidir. Bunu da qarşı tərəf yaxşı bilir. Bu münasibətlər bundan sonra da irəliləyən səviyyədə davam edəcək. Ona görə də, bununla bağlı bölgə ölkələrindən kiminsə narahatlığı qətiyyən bizi düşündürmür. Əslində digərləri də bu nümunəyə baxıb bizimlə dost olmağa çalışmalıdırlar. Çünki bu müttəfiqliyin nə dərəcədə effekli olduğunu hər kəs gördü. Məsələnin əsas məğzi də məhz budur. Eyni zamanda Ermənistanın Türkiyə ilə münasibətlərinin yeni bir məcrada qaydaya salınması Azərbaycanın maraqlarına uyğundur.

- Müharibənin ilk ilinin tamam olduğu bir dövrdə Minsk Qrupu və bəzi təşkilatların siyasi fəallığını necə xarakterizə edirsiniz?

- Artıq Minsk Qrupu bu məsələlərdə fəallaşa da bilməz. Çünki faktiki olaraq onlar bu sahədə yoxdur. Kənardan hansısa təzyiq xarakterli tövsiyələr isə heç bir əhəmiyyət kəsb etmir. Eyni zamanda biz Avropa məkanında olan münasibətlərin də neytrallaşdırılmasına çalışmalıyıq. Amma bu, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən məsələ də deyil. Bunu Rusiyanın da addımlarında müşahidə etmək olar. Lakin ümumilikdə bu kimi məsələlərdə narahatlıq yaradacaq heç bir prinsip yoxdur. Biz öz işimizi görürük. Hansı real variantlar uyğun gəlirsə, ona uyğun da addım atacağıq.

- Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri nəzərdə tutulsa da bu, reallaşmır. Bu hansısa siyasi korrektələrlə əlaqədardır?

- Azərbaycanla Fransa arasında kəskinləşən məqamlar bir qədər yumşalmağa başlayıb. Bu da öz təsirini müəyyyən məsələlərdə göstərir. Azərbaycan haqlı olaraq anlada bildi ki, bizimlə təzyiq dilində danışmaq olmaz. Çünki Qarabağ və hansısa bir “müstəqilliklə” bağlı məsələlərdə bizə qarşı addım atmaq əslində Fransanın Azərbaycana qarşı ittihamı idi. Amma bu, ikili münasibətlərə zərbə vuran addımlar oldu. Bundan da zərərli çıxan Azərbaycan olmayacaq. Azərbaycan onsuz da bu məsələdə zərərli idi. Çünki ərazisi işğal edilmişdi və Fransa kimi dövlətlər bunun müqabilində Ermənistanı dəstəkləyirdi. Amma indiki Azərbaycan prosesdən daha da güclü formada çıxdı. Ona görə də, Fransanın Azərbaycanla münasibətlərinin yenidən normallaşdırması onların da faydasınadır. Cənubi Qafqazda reallaşacaq layihələrdə Fransanın ləngiməməsi üçün məhz Azərbaycanla normal münasibətlər qurmalıdır. Azərbaycan daha çox dost ölkələr, bölgənin yenidən dizayn edilməsində maraqlı dövlətlərlə müştərək iş görməyə çalışır. Fransa isə bu məsələlərdə kənarda qalıb. Hətta Avropa İttifaqının bəzi dövlətləri də Azərbaycanla birgə hərəkət etmək niyyətindədir. Prosesdə reallığı qəbul edib Azərbaycanla birgə addım atmaqla Fransa ilə ölkəmiz arasında da heç bir problem qalmayacaq. Eyni zamanda Makronun Ermənistana nəzərdə tutulacaq səfəri əslində bir vəd idi. Onlar gəlib ermənilərə nəyi vəd verə bilərdilər? Fransa vəd verəcəkdi ki, Azərbaycan Qarabağı boşaldacaq? Belə bir sərsəm fikirləri Ermənistanda hansı ciddi siyasətçi söyləyə bilər? Artıq Fransa belə bir vəd verə bilməz. Müharibənin gedişində edilən hay-küylərə də fikir vermək lazım deyil. Bir il keçəndən sonra gördülər ki, Azərbaycanın iradəsini sındırmaq mümkün deyil. Azərbaycan haqlı bildiyi prosesi davam etdirəcək. Ona görə də, Fransa tərəfindən də geri çəkilmə hiss olunur və bu da davam edəcək.


Müəllif: Tapdıq Qurbanlı