26 Oktyabr 2021 09:29
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycanın SSRİ-yə daxil olduğu sərhədləri çərçivəsində hesablanmalıdır. Yəqin ki, bunlar danışıqlar və müzakirələr zamanı öz əksini tapacaq. Amma heç kimin hüquqi baxımdan bu prosesin əleyhinə çıxmaq səlahiyyəti yoxdur. Ermənistan bu prosesdə hansısa iddialarla çıxış edə bilməz. Çünki ortada heç kimin inkar edə bilməyəcəyi xəritələr var”.

Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və bölgədəki kommunikasiyaların açılması ilə bağlı müsbət gəlişmələrin olacağına dair məlumat yayılır. Sizin bu yöndəki gözləntiniz nədir?

- Bu yöndə bir sıra müsbət məqamlar nəzərə çarpır. Bu, həm MDB ölkələrinin hökumət başçılarının sammitində səsləndirilən fikirlərdən qaynaqlanır, həm də baş nazirlərin müavinlərinin Moskvadakı görüşündən sonra da müsbət mesajlar verildi. Rusiya prezidentinin “Valday” Klubundakı çıxışında da bu məqamlar qismən öz əksini tapdı. Bu baxımdan, sərhədlərin müəyyənləşdirilməsi yönündə irəliləyişlər gözləniləndir. Əslində, bunlar Ermənistan və Azərbaycan arasında həll edilməli olan məsələlərdir. Prosesə üçüncü dövlətlərin müdaxiləsi yolverilməzdir. ATƏT-in Minsk qrupu həmsdərlərinə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı hansısa status və səlahiyyət verilməyib. ATƏT sədri tərəfindən Minsk qrupuna verilən mandat 15 maddədən ibarətdir. Bu maddələrin heç birində iki dövlət arasındakı əlaqələrin hansısa formada inkişafı, sülh prosesi və s. kimi məqamlar yer almayıb. Predmet münaqişənin həlli prosesində vasitəçilik olub. Bu 15 bəndi yerinə yetirməyən Minsk qrupu bu prosesdə iştirak etmək hüququna və səlahiyyətinə malik deyil.

Sərhədlərin delimitasiya və demarkasiyasına gəlincə, Rusiya prezidenti də bildirdi ki, burada hansısa müəyyənləşdirmələrə ehtiyac yoxdur. Çünki sərhədlər Sovet İttifaqının inzibati sərhədləri çərçivəsində mövcuddur. Bəzi kütləvi informasiya vasitələrində isə “SSRİ Silahlı Qüvvələrinin 1920-ci ilə aid xəritələri” haqda müzakirələr açılıb. Bu həqiqətə uyğun gəlməyən məsələdir. Çünki SSRİ 1922-ci ilin dekabrında qurulub. Həmin və bundan sonrak dövrdə bu “SSRİ Silahlı Qüvvələri” və ya “SSRİ Baş Qərargahı” yox, “SSRİ Fəhlə və Kəndlilərin Qırmızı Ordusu” adlandırılıb. İndi bunlar önəmli məqamlar kimi nəzərə çarpmasa da, amma bir sıra vacib məqamların diqqətə çatdırılmasını önəmli hesab edirəm.

SSRİ süquta uğradıqdan sonra Sovet İttifaqının hüquqi öhdəliklərini Rusiya öz üzərinə götürdü. Belə olan təqdirdə, vaxtilə SSRİ-nin inzibati sərhədləri ilə bağlı olan hansısa fikir ayrılığı yarandıqda, hüquqi baxımdan üzərinə öhdəlik götürmüş tərəf bu prosesdə vasitəçi kimi iştirak edə bilər. Məsələnin müasir beynəlxalq hüquq müstəvisində həlli və danışılmasından asılı olmayaraq, hər halda Rusiya digərləri ilə müqayisədə həm mənəvi, həm də hüquqi baxımdan bu prosesdə reallıqları diqqətə çatdıran vasitəçi, üçüncü və ya zəmanətçi tərəf kimi iştirak etmək haqqına malikdir. Əgər diqqət SSRİ xəritələrinə çəkilirsə, o zaman bir sıra məqamlar nəzərə alınmalıdır.

- Hansı məqamlardan söhbət gedir?

- Əvvəla nəzərə alınmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra hökumətin bolşeviklərə təhvil verilməsinin şərtləri olub. Bunlar hüquqi və qanuni şərtlərdir. Bunlarda Azərbaycanın müstəqil dövlət kimi qorunub-saxlanılması və ərazi bütövlüyünün pozulmaması amilləri yer alıb. Bundan sonra Azərbaycan bu şərtlər daxilində Zaqafqaziya Federasiyasında qısa müddətli təmsil olunub, daha sonra isə federasiya SSRİ-nin tərkibinə daxil edilib. Hadisələrin sonrakı prosesində isə Azərbaycan müstəqil dövlət kimi özünün bəlli sərhədləri çərçivəsində SSRİ-nin qurucularından biri kimi çıxış edib. SSRİ konstitusiyasına uyğun olaraq, özünün müstəqil və hüquqi subyekt statusunu saxlayıb.

Bir sözlə, dəyərləndirmələr aparılarkən SSRİ-nin inzibati sərhədlərini müəyyənləşdirən xəritələrinə istinad olunmalıdır. Bu hüquqi çərçivə də bundan ibarətdir ki, vaxtilə Dağlıq Qarabağ Muxtar Respublikası adlanan, indi isə hansısa statusa malik olmayan Azərbaycanın Qarabağ iqtisadi rayonunun tərkib hissəsi olan ərazi hüquqi baxımdan da həmişə Azərbaycana aid olub. Bununla bağlı vaxtilə Ermənistan Ali Sovetinin qəbul etdiyi qərar SSRİ Ali Soveti tərəfindən ləğv edildiyi üçün bununla əlaqədar Azərbaycanın ərazi bütövlüyünə zidd sovet dövründən qalma hər hansı bir qərar yoxdur. Yəni Azərbaycan özünün mövcud qanuni sərhədləri çərçivəsində BMT-yə daxil olub. BMT-yə üzv olarkən də, mövcud sərhədlərimiz beynəlxalq birlik tərəfindən qəbul edilib.

Delimitasiya və demarkasiyası da, Azərbaycanın SSRİ-yə daxil olduğu sərhədləri çərçivəsində hesablanmalıdır. Yəqin ki, bunlar danışıqlar və müzakirələr zamanı öz əksini tapacaq. Amma heç kimin hüquqi baxımdan bu prosesin əleyhinə çıxmaq səlahiyyəti yoxdur. Ermənistan bu prosesdə hansısa iddialarla çıxış edə bilməz. Çünki ortada heç kimin inkar edə bilməyəcəyi xəritələr var. Müəyyənləşdirmə də bu xəritələr əsasında aparıla bilər. Buna görə də, üçüncü və ya dördüncü tərəflərin prosesə müdaxiləsi yolverilməzdir.

- Rusiya Prezidenti Vladimir Putin son çıxışında bildirdi ki, Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır, bu, Ermənistan qarşısında duran ən birinci vəzifələrdən biridir. Putinin bu fikirlərini necə şərh etmək olar?

- Ermənistanın qarşısında duran ən önəmli vəzifələrdən biri ona görə qeyd olunur ki, məsələnin Azərbaycan tərəfinə aid olan hissəsi öz həllini tapıb. Yəni Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Söhbət 10 noyabr və 11 yanvar bəyanatlarının prinsiplərinin həyata keçirilməsi ilə bağlıdır. Artıq Azərbaycanın qələbəsinin və bunu rəsmiləşdirən sənədin imzalanmasının bir illiyi tamamlanmaq üzrədir. Buna görə də, sənədin icrası istiqamətində təxirəsalınmaz vəzifələr yerinə yetirilməlidir. Söhbət kommunikasiyaların açılmasından gedirsə, bu, blokadanın tam mənada qaldırılması anlamına gəlir. Ola bilməz ki, biz tərəfdən blokada aradan qaldırılsın, amma qarşı tərəf saxlasın. Yaxud Ermənistanı maraqlandıran kommunikasiyaların üzərindəki blokada qaldırılsın, amma Azərbaycanın mənafeyinə xidmət edən kommunikasiyalar blokadada qalsın. Bu mümkün deyil.

İmzalanmış sənədlərdə bölgədəki kommunikasiyaların tam açılışından söhbət gedir. Orada hansı kommunikasiyaların açılması xüsusi olaraq qeyd edilib. Bu baxımdan, Azərbaycan və Naxçıvan arasındakı Zəngəzur dəhlizinin açılması da bu prosesin tərkib hissəsidir. Bu, vahid prosesdir və Ermənistan da bu prosesdə özünün mövqeyini ortaya qoymalıdır. Məsələ təxirə salınmadan öz həllini tapmalıdır.

- Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü açıqlamasında bölgədə sülh dövrünün başladığına eyham vurdu. Sizcə, Ermənistan bunun üçün lazım olan sənədə imza atacaqmı?

- Bölgədə sülhün davamlı olması üçün faktiki addımlar atılmalıdır. İndiki şəraitdə Ermənistanın buna hər kəsdən daha çox ehtiyacı var. Bu baxımdan, kommunikasiyaların açılması, Ermənistanın tranzit ölkəyə çevrilməsi deməkdir. Bu, heç bir resursu olmayan, xarici iqtisadi asılılığı olan bir ölkə üçün həyati əhəmiyyət kəsb edən amillərdən biridir. Buna görə də, sülh müqaviləsi ilə bağlı təşəbbüslər daha çox Ermənistan tərəfindən göstərilməlidir. Əks halda, Azərbaycanın vaxtilə işğalçı statusu daşıyan Ermənistanı sülhə məcbur etmək üçün kifayət qədər imkanları var. Ermənistan öhdəliklərini yerinə yetirməsə, baş verənlərə üçüncü ölkələrin müdaxilə edəcəyini düşünmürəm. Bunu da İrəvan bilməlidir. Yəni Ermənistan bu barədə ciddi şəkildə düşünməlidir.

Eyni zamanda, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin ovqatının bu istiqamətdə kökləndiyinin şahidi oluruq. Həm Ermənistanda keçirilmiş son seçkilərin nəticələri bunu sübuta yetirdi, həm də artıq revanşist qüvvələrin səsləndirdiyi fikirlər ermənilər tərəfindən ciddiyə alınmır. Həmin revanşist qüvvələr yenidən meydana qayıtmağa çalışır, amma biz onların ətrafında ciddi dəstəkçilərinin olduğunu görmürük. Azərbaycanın ciddi təzyiq rıçaqlarının olduğunu da, Gorus-Qafan yolundakı son gəlişmələrlə bir daha onların diqqətinə çatdırdıq. Bu baxımdan, sülh prosesinin birdən-birə tam şəkildə həyata keçirilməsə belə, bunun ilkin təzahürləri ilə bağlı müəyyən addımların atılacağının şahidi olacağıq.

Azərbaycanın bununla bağlı önəmli bir yanaşması var. Bu yanaşma dolayı yolla Rusiya prezidentinin çıxışında da əksini tapdı. Bu da delimitasiya və demarkasiyanın SSRİ xəritələri əsasında aparılması ilə bağlı verilən mesaj idi. Bu mesaj da ondan ibarətdir ki, hər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Buna görə də, Ermənistanın qarşısına qoyulmuş vəzifə və öhdəliklərin kifayət qədər aydın olduğunu düşünürəm. Bu istiqamətdə konkret addımlar atılmasa, Ermənistana qarşı həmişə təzyiq mexanizmləri var.

- Bəs Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan niyə Moskvaya getdi və ya çağrıldı?

- Əslində, Araik Arutyunyan əhəmiyyəsiz bir fiqur funksiyasını yerinə yetirir. Guya Moskvada iş adamları ilə görüşlərin keçirildiyi bildirildi. Düşünürəm ki, prosesin müəyyən mərhələsində iştirakçı olan Arutyunyanın nə üçün Moskvaya çağrıldığı, nə üçün bizə bəlli olmayan görüşlərdə iştirakı ilə bağlı müəyyən zaman kəsiyində aydınlıq gətiriləcək. Qarşıdakı vaxtlarda Araikin bu prosesdə hansı missiyasını yerinə yetirməsi ilə bağlı daha ətraflı məlumata malik olacağıq. Amma indiki şəraitdə bunun sülhməramlılar və orada yaşayan etnik ermənilərlə bağlı olduğunu və ya humanitar xarakter daşıdığını söyləyə bilərik.


Müəllif: Mənsur Rəğbətoğlu