25 Oktyabr 2021 23:26
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 25-də Qubadlı rayonunda rayonh ictimaiyyəti ilə görüş zamanı Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidovla Prezident İlham Əliyev arasında maraqlı dialoq yaşanıb:

Nəriman Həmidov: Cənab Prezident, özümü xoşbəxt hiss edirəm ki, Sizinlə ikinci səfərdir, şəxsən görüşürəm. Mən Allah-Təaladan razıyam ki, Sizi Azərbaycana bəxş edib. Sizin kimi hərtərəfli sərkərdəni, şəxsiyyəti bizim Azərbaycana bəxş edib. Bizim xalqımız dövlət ətrafında yumruq kimi birləşdi və sözünü dedi. Bu hamısı Sizin rəhbərliyinizlə olmuş hadisədir, bunu hamı bilir. Siz polad sinəli, genişürəkli, əvəzsiz bir sərkərdəsiniz. Sizin keçdiyiniz yol, əldə etdiyiniz Qələbə mənim bu dediklərimə möhür vurur, təsdiq edir. Mənim uzun müddətdir qəlbimdə gəzdirdiyim bir fikrim var, onu çatdıracağam.

Mən bütün qədirbilən xalqımızdan xahiş edirəm, mənim fikrimi təsdiq etsin, alqışlasın. Bizim qanunverici orqanımız olan Milli Məclisdənxahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin.

Prezident İlham Əliyev: Mən veto qoyacağam ona, mənim belə hüququm var. Çox sağ olun, təşəkkür edirəm, sağ olun. Bu səmimi sözlərə görə minnətdaram. Ancaq mənim üçün ən böyük mükafat bax, sizin burada olmağınızdır, keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur. Budur mənim üçün ən böyük mükafat. Mən demişdim, məcburi köçkünlərlə mən dəfələrlə görüşmüşdüm. İndi təsəvvür edin, 100-dən çox qəsəbə salındı, yəni, ev yox, məcburi köçkünlər üçün qəsəbə.

Mən hər bir açılışda olmuşam, hər bir açılışda. Köçkünlərlə görüşlər zamanı, - mən onu artıq bir dəfə demişəm, bir daha demək istəyirəm, - görürdüm ki, ümidlər azalır, ümidlər tükənir. Bu da təbiidir. Çünki artıq 30 ilə yaxın vaxt keçir, məsələ də həll olunmur. Artıq hər kəs başa düşürdü ki, Ermənistan bu məsələni danışıqlar yolu ilə həll etmək istəmir. Bu, məni çox incidirdi, çox üzürdü. O görüşlər məndə bir daha o inamı gücləndirirdi ki, biz nəyin bahasına olursa-olsun torpağımıza qayıtmalıyıq. Artıq o baxışlar yoxdur, o kədərli anlar yoxdur, o xatirələr qalır arxada. Artıq keçmiş məcburi köçkünlər ümidlə yaşayırlar, qürurla yaşayırlar. Mənim üçün ən böyük mükafat budur və bundan sonra ən böyük vəzifə bu torpaqları yenidən qurmaqdır, yenidən bərpa etməkdir.


Müəllif: Teleqraf.com