26 Oktyabr 2021 13:22
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dövləti hər zaman bölgədə sülhün, təhlükəsizliyin təminatı üçün çalışıb. 30 ilə yaxın mövcud olan Qarabağ münaqişəsinin də məhz sülh və danışıqlar yolu ilə həlli üçün dövlətimizin mövqeyi ortada olub. Amma heç bir beynəlxalq hüquqa, prinsip və tövsiyyələrə əməl etməyən Ermənistan hər zaman bölgə üçün öz işğalçılıq siyasəti ilə böyük təhlükə yaradıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn ona verdiyi prinsiplərdən çıxış edərək ərazi bütövlüyünü təmin edib: “Bölgədə bölücülüyə, separatizmə sarsıdıcı zərbə vurulub. Azərbaycan BMT-nin verdiyi qərarları təkbaşına icra edib. Bununla da ölkəmiz beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən sərhədlərini təmin edib”.

Millət vəkili hesab edir ki, artıq post-müharibə dövrünün yaratmış olduğu reallıqlar əməkdaşlığı, daimi sülhün olmasını zəruri edib: “Azərbaycan bütün bölgə dövlətlərinin də iştirakı ilə reallaşacaq mühüm layihələrin həyata keçirilməsində maraqlıdır. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizinə sahib olan bir ölkənin atdığı addımlar məhz inkişafa, tərəqqiyə yol açır”.

Aqil Məmmədova görə, hazırda azad edilmiş ərazilərdə mühüm quruculuq-bərpa işlərinin icrası, yaranacaq mühüm infrastruktur və kommunikasiya bütövlükdə bölgənin inkişafına, mümkün əlaqələrin yaranmasına xidmət edir: “Bu gün Azərbaycan ərazisində çoxlu sayda xalqlar dostluq-qardaşlıq şəraitində yaşayır. Azərbaycan bütün dünyada multikultralizmin açıq nümunəsi kimi tanınır. Bu mənada erməni əsilli Azərbaycan vətəndaşları da ölkə qanunlarına uyğun yaşamaq, ümumi inkişafdan faydalanmaq imkanı əldə edə biləcək.

Sözsüz ki, Azərbaycan qanunları ilə heç bir cinayətdə iştirak etməyən və ölkə konstitusiyasını, hüdudlarını qəbul edən erməni əsilli vətəndaşların da mühüm inkişafdan yararlanaraq öz normal yaşayışını təmin etmək imkanı qazanması mümkündür. Azərbaycan dövlətinin də başlıca məqsədi ölkə hüdudları daxilində yaşayan müxtəlif xalqların qanunlara və dövlət atributlarına sərhədlərinə olan hörməti müqabilində normal yaşayışını təmin etməkdir. Məhz müharibədən sonra Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşların da re-inteqrasiyasi, birgəyaşayışın mümkünlüyünü təmin etmək üçün proqram xarakterli işlər görülür”.


Müəllif: Tapdıq Qurbanlı