27 Oktyabr 2021 14:10
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev uzun illərdir ki, Ermənistana sülh, əməkdaşlıqla bağlı çağırışlar edir, mesajlar verir. Bu da bölgədə sülhə, qonşu dövlətlər arasında mehriban münasibətlərin olmasına, əməkdaşlığa yönəlib. Amma qarşı tərəf bunu eşitmək istəmirdi. Sözsüz ki, 44 günlük müharibə erməni tərəfinə yaxşı bir “dərs” oldu. Ona görə də, Ermənistanda olan müəyyən dairələr də artıq Nikol Paşinyana bu istiqamətdə dəstək verməyə çalışır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, Paşinyan da bölgədə kommunikasiyaların açılması ilə bağlı müsbət yanaşmalar sərgiləməyə başlayıb: “Biz nə qədər onun sözünə etibar etməsək də, bu, bir reallıqdır. Eyni zamanda Azərbaycanda, Qarabağda yaşayan ermənilərin bəlli bir hissəsi, orada olan yaşlı nəslin təmsilçiləri 1988-ci ilə qədər azərbaycanlılarla Azərbaycan vətəndaşı olaraq yaxşı yaşamasından bəhs edir. Dolanışıqları da çox yüksək səviyyədə idi. Azərbaycanın digər bölgələrinə nisbətən Qarabağda yaşayan əhali, o cümlədən ermənilər yüksək sosial rifaha malik olub. Yəqin ki, indi ermənilərin bəziləri bunu yada sala bilir. Ona görə də, proseslərdən nəticə çıxarmaq məhz onların öz əllərindədir”.

Millət vəkili hesab edir ki, dünya erməniliyinin də bu istiqamətdə fikirləri tədricən dəyişəcək: “Ermənistana və ermənilərə səhv yol göstərən tarix boyu olub, indi də var. Onlardan bu bölgədə alət kimi istifadə edənlər dünən olub, bu gün də qalmaqdadır. Amma ermənilər də gərək belə qüvvələrin yedəyində getməsin”.

Elman Məmmədova görə, bölgədə mümkün inkişaf üçün başlıca olaraq sülh lazımdır: “Ermənilər də bunu açıq şəkildə dərk etməlidir. Düşmənçilik, ərazi iddialarından imtina etməklə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla doğru yolda inkişafa nail olmaq olar. Azərbaycan və Türkiyə Ermənistan və ermənilər olmadan da bölgədə inkişafa nail olublar və bundan sonra da olacaqlar. Ona görə də, ermənilər üçün yeganə çıxış yolu məhz təklif edilən sülh prosesinə qoşulmaqdır”.


Müəllif: Tapdıq Qurbanlı