27 Oktyabr 2021 10:10
3 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən bir vətəndaş kimi hesab edirəm ki, sərhədlərin delimitasiya və demarkasiya prosesi getməlidir. Biz bu zaman tarixi reallıqlara əsaslanmalıyıq. Bu prosesdə Azərbaycanın maraqları Türkiyənin real köməyi və dəstəyi ilə qorunacaq. Ermənistan fakt qarşısında qalaraq hər şeyi qəbul etməyə məcbur qalacaq”.

Bunu Teleqraf.com-a politoloq Rüstəm Məmmədov deyib.

Hüquqşünas əlavə edib ki, Azərbaycan sərhədlərin müəyyənləşməsi zamanı tarixən mövcud olan reallıqlara istinad etməlidir. Onun sözlərinə görə, əgər mümkünsə, sovet ittifaqından əvvəl mövcud olan sərhədlər və xəritələrə istinad etmək daha münasib olardı. Əlbəttə, biz bunu vətənsevər kimi deyirik, amma siyasət bir qədər fərqli ola bilər. Amma aydındır ki, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya baş tutmalıdır, bunun başqa yolu yoxdur”.

Rüstəm Məmmədovun fikrincə, məsələyə tarixi aspektdən yanaşsaq, bu zaman ortaya çıxacaq ki, bütövlükdə indiki Ermənistan Azərbaycan əraziləridir: “Məncə, proses yavaş-yavaş gedəcək, əsas odur ki, xeyrimizə olsun. Birdən-birə irəli getmək düzgün deyil. Əlbəttə, sərhədlər məsələsində düşünürəm ki, biz 1920-ci ilin sərhədlərinə qədər gedib çıxa biləcəyik. Səbrli davranmaq lazımdır. İnşallah bu, baş verəcək”.

Politoloq indi baş verən proseslərin Ermənistanda daxili ictimai-siyasi vəziyyətə təsir etdini bildirib, eyni zamanda qeyd edib ki, seçim erməni siyasətçilərin özündədir: “Ermənistan bu prosesə hazır deyil, amma bizim şərtlərimizi qəbul edəcəklər. Bu gün də paramentdə bir-birlərini qırıblar. Yaxşı da ediblər. Bu cür davam etsinlər. Amma Paşinyana qarşı hansısa proses başlatmaları, cəmiyyəti guya ayağa qaldırmaqları boş söhbətdir. İndi Rusiyanın da maraqları tələb edir ki, bölgədə mövcud problemlərin vacib hissəsi olan sərhəd və kommunikasiya xətlərinə dair irəliləyişlər əldə edilsin”.


Müəllif: Nemət