27 Oktyabr 16:18
228

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana tarixi səfərinin əhəmiyyəti olduqca böyükdür. Bu, eyni zamanda Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü idi. Sözsüz ki, bu gün regional və dünya miqyasında Türkiyə ilə Azərbaycanın gördüyü işlərin miqyası, önəmi mühüm əhəmiyyət kəsb edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Azərbaycan-Türkiyə birliyi, dostluq, qardaşlıq və müttəfiqliyin rəmzinə çevrilib: “Sözsüz kmi, dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələr mövcuddur. Amma Azərbaycan-Türkiyə birliyi bütün dünya üçün nümunəvi xarakter daşıyır. Eyni zamanda iki ölkə rəhbəri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğanın dostluğu və liderlik fenomeni burada mühüm önəm kəsb edir. Çünki iki Lider öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirir. Bu gün öz Liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə edir. Ona görə də, bu gün bütün dünyada iki qardaş ölkə prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən dövlətlər kimi tanınır və qəbul edilir”.

Azər Badamovun fikrincə, Azərbaycan və Türkiyənin türk dünyasında liderliyi, Türk Şurasına rəhbərliyi dövründə gördükləri mühüm işlər tarixi önəmə malikdir: “Azərbaycan da Türk Şurasına sədrliyi dövründə məhsuldar fəaliyyəti ilə yadda qalıb. Ölkəmizin irəli sürdüyü dəyərli təşəbbüslər böyük maraqla qarşılanıb. Bu mənada həyata keçirilən müstəqil və qətiyyətli siyasət nəticəsində Türkiyənin qlobal güc amilinə çevrilməsi də bütün dünyanın diqqət mərkəzindədir”.

Millət vəkili hesab edir ki, qısa zamanda Füzuli Beynəlxalq Hava Limanının tikilməsi mühüm tarixi bir hadisə idi: “Eyni zamanda qardaş Türkiyə prezidentinin təyyarəsinin Füzuli hava limanına enməsi işğaldan azad olunmuş ərazilərin strateji əhəmiyyətini bir daha gündəmə gətirmiş olub. Bu həmçinin Füzulidə istifadəyə verilmiş, Zəngilan və Laçında tikintisi nəzərdə tutulan hava limanlarının regionun inkişafındakı rolunu da bir daha gündəmə gətirir”.


Müəllif: Tapdıq Qurbanlı