27 Oktyabr 2021 18:40
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana - işğaldan azad edilən Füzuli və Zəngilan rayonlarına səfəri olduqca əhəmiyyətə malikdir. Bunu işgüzar və ya işçi səviyyəsində səfər kimi qiymətləndirmək yanlışlıq olardı. Hesab edirəm ki, bu səfərdə bir neçə məqama xüsusi diqqət yetirmək vacibdir”.

Bu fikirləri Teleqraf.com-a analitik Oqtay Qasımov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Prezident İlham Əliyevlə birlikdə işğaldan azad edilən rayonlarımızda hava limanı daxil olmaqla bəzi obyektlərin açılışında iştirak etməsini şərh edərkən deyib.

Oqtay Qasımov qeyd edib ki, dünən Azərbaycan cəmiyyətinin izlədiyi ilk olaraq Azərbaycan və Türkiyə ittifaqının daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti və effektiv addımdır:

“İkincisi, Füzuli Hava Limanına ilk rəsmi səfəri Türkiyə dövlətinin prezidenti təyyarəsi ilə etdi. Bu da simvolik anlam daşıyır.

Üçüncüsü, Türkiyə Azərbaycanı təhdid etmək niyyətində olan qüvvələrə mesaj verdi, göstərdi ki, Azərbaycana qarşı tədidlərin qarşısında Bakı ilə yanaşı Ankara da var. Türkiyə bölgədə əməkdaşlıq və barış üçün konkret addımlar atmaqda maraqlı olduğunu və bunu Azərbaycanla birlikdə etdiyini göstərdi. Məncə, dünən Zəngilanda verilən mesajlar bu aspektdə idi”.

Analitik qeyd edib ki, dünən Azərbaycan və Türkiyə bölgədə bütün kommunikasiyaların açılmasına tərəfdar olduğunu dünyaya göstərib: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun təməlinin qoyulması, Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu nümayiş etdirdi. Məncə, buna Şuşa Bəyannaməsinin davamı kimi baxmaq lazımdır. Bu, adi səfər yox, böyük əhəmiyyətə malik səfər idi. Zəngəzur dəhlizinin açılması Çinin “Bir kəmər, bir yol” layihəsinin şaxələndirilməsi və Avropa-Asiya arasında ticarət əlaqələrinin artması, yükdaşımaların həcminin keyfiyyət baxımından ciddi dəyişəcəyini göstərir. Bu daşımalarda zaman məsələsi əhəmiyyətli olacaq. Bu yolda yükdaşıma qabiliyyəti, zaman və keyfiyyət baxımından müsbət dəyərlər gətirəcəyini göstərəcək. Bu mənada Prezident Ərdoğanın səfəri olduqca əhəmiyyətə malikdir. Ən önəmlisi isə bölgədə sülhün, sabitliyin və əməkdaşlığın formalaşmasına qarşı olan qüvvələrə mesaj idi. Xüsusilə, Türkiyə və Azərbaycan dövlət başçılarının Zəngilanın Ağalı kəndinə səfəri, orada görülən işlərlə tanış olmaları və oradan verilən mesajlar bu cür oxunmalı idi. Diqqət etsəniz görərsiniz ki, orada Ərdoğan Türkiyə və Ermənistan münasibətlərinin qaydaya düşməsinin şərtlərini açıqladı. Bu, Azərbaycana sərhədlərin demarkasiyası və qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması şərti idi. Türkiyə dövlət başçısının mesajları həm də İrana yönəlikdir. Nəzərə alınmalıdır ki, Ağalı kəndi İranla sərhədin 10 kilometrliyindədir. Bu da xeyli zamandan bu yana Azərbaycana təhdid münasibəti sərgiləyən İrana mesaj idi. Yəni Türkiyə Azərbaycanın yanındadır və heç bir təhdid qəbul edilmir. Azərbaycan öz sərhədlərini bərpa edib və bundan sonra da rolunu artıracaq, bütün ərazilərində suveren hüquqlarını təmin edəcək.

Ən önəmlisi budur ki, 44 günlük müharibədən sonra Türkiyə prezidentinin Azərbaycana hər üç səfərində verilən mesajlar Cənubi Qafqazda sülh və əməkdaşlıq yönündədir. Bu da olduqca əhəmiyyətli mesajlardır”.


Müəllif: Nemət