27 Oktyabr 2021 14:43
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Türkiyə Prezidentlərinin Füzuli və Zəngilanda açılışlarını etdikləri obyektlərin xüsusi əhəmiyyəti var. Öncə nəzərə almaq lazımdır ki, qısa müddətə inşa edilən Füzuli Hava Limanı Beynəlxalq aeroport statusundadır. Bu hava limanı həm də Qarabağın qapısı olacaq. Bu qapı Qarabağa çox sayda turistin gəlməsinə səbəb olacaq. Bunun hesabına Azərbaycan Qarabağı dünyaya tanıdacaq. Hava limanının qısa müddətə tikilişi və açılışı onu göstərir ki, Azərbaycan hər şey edir ki, işğaldan azad edilən rayonlarımızda nəzərdə tutduğu planları tez bir vaxtda həyata keçirsin”.

Bu sözləri Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Siyasətçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Füzuli şəhərlərinə səfərinin də xüsusi əhəmiyyət kəsb etdiyinə qeyd edib.

Onun sözlərinə görə, bu səfər ilk olaraq Azərbaycan və Türkiyə qardaşlığını bir daha ortaya qoymuş oldu: “Əlbəttə, Türkiyə bizə yardım edir, dəstək göstərir. Söhbət türk mütəxəssisləri, inşaatçıları və şirkətlərindən gedir. Onlar da Qarabağda infrastrukturun yaradılması prosesində fəal iştirak edirlər. Bu onu göstərir ki, Azərbaycan və Türkiyə birlikdə ciddi qətiyyətli mövqe ortaya qoyub. Bu sözsüz ki, bölgəmiz üçün də əhəmiyyətə malikdir. Bölgəmiz yenidən qurulur. Burada Türkiyədə fəal rol oynayır".

Araz Əlizadə əlavə edib ki, son addımlar Azərbaycan və Türkiyə arasında əməkdaşlığı və əlaqələri daha da artıracaq.


Müəllif: Nemət