28 Oktyabr 2021 11:17
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə son səfəri böyük tarixi əhəmiyyət daşıyır. Qardaş ölkə rəhbərinin bundan əvvəlki səfərində Şuşaya getməsi və 15 iyun Milli Qurtuluş Günündə iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması münasibətlərin ən yüksək səviyyədə olduğunu göstərdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Professor bildirib ki, Şuşa Bəyannaməsi ilə ilk dəfə olaraq dövlətlərimiz müttəfiqlik münasibətlərini bəyan etdilər:

“Bu səfərdə də başlıca məqsəd Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək, ikitərəfli və regional məsələləri müzakirə etmək idi. R.T.Ərdoğan Şuşaya gedən ilk xarici ölkə rəhbəri olduğu kimi, Füzuli Beynəlxalq Hava Limanına təyyarəsi enən də ilk xarici dövlət başçısı oldu”.

Deputatın fikrincə, R.T.Ərdoğanın ölkəmizin rəhbərinə saat hədiyyə etməsinin dərin rəmzi mənası var:

“Yəni hər iki ölkədə saatlar eyni cür çalışır və mövqelər eynidir. Füzuli Beynəlxalq Aeroportunun açarlarının hər iki Prezidentə verilməsi isə bir daha göstərdi ki, regionun bütün problemlərinin həllinin açarı özümüzdədir. Tarix boyu Azərbaycan və Türkiyə bərabər hərəkət etdikdə, bir-birinə qucaq açdıqda, saatlarını "ortaq düzəltdikdə", qarşılarına qoyduqları bütün məqsədlərə nail olublar”.

Musa Qasımlı hesab edir ki, müharibənin başa çatmasından heç bir il keçməmiş işğaldan azad edilmiş torpaqlarımızda görülən möhtəşəm dirçəliş işləri dövlətimizin qüdrətini və konkret planlarının olduğunu göstərir: “Bu bir daha təsdiq edir ki, millətimizin tərəqqisinin və qarşıya qoyduğu məqsədlərə çatmasının təməlində sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri amili dayanır”.


Müəllif: Tapdıq Qurbanlı