28 Oktyabr 2021 15:30
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana növbəti səfəri tarixi əhəmiyyətə malikdir. Bu, eyni zamanda Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürüdür. İki ölkə arasındakı əməkdaşlıq, qardaşlıq regional və dünya miqyasında önəmli amilə çevrilib. Bu birlik həmçinin dostluq, qardaşlıq və müttəfiqliyin rəmzi kimi xarakterizə olunur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, iki qardaş ölkənin lideri öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirir: “Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə edir. Eyni zamanda iki dövlət bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilir”.

Professor hesab edir ki, Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması tarixi əhəmiyyət daşıyır: “Bununla Bakıdan İstanbula avtomobil və dəmir yolu dəhlizi yaranacaq. Eyni zamanda Zəngəzur dəhlizi regionda kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm vasitə olacaq. Sözsüz ki, bütün iştirakçı ölkələr Zəngəzur dəhlizindən yararlanmaq imkanı qazana bilər”.

Eldar Quliyevin fikrincə, qısa zamanda Füzuli Beynəlxalq Hava Limanının tikilməsi Azərbaycan dövlətinin malik olduğu imkanları bir daha nümayiş etdirdi: “Eyni zamanda qardaş Türkiyə prezidentinin təyyarəsinin Füzuli hava limanına enməsi işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətə malik kommunikasiya və infrastrukturun formalaşdırılmasının zəruriliyini də gündəmə gətirib. Sözsüz ki, Füzulidə istifadəyə verilmiş, Zəngilan və Laçında tikintisi nəzərdə tutulan hava limanlarının regionun inkişafında mühüm rolu olacaq”.

Millət vəkilinə görə, işğaldan azad olunmuş ərazilərdə qardaş Türkiyə şirkətlərinin yaxından iştirakı xüsusi önəm kəsb edir: “Azad olunmuş ərazilərdə yol-nəqliyyat, enerji təminatı, kənd təsərrüfatı, sənaye obyektlərinin tikintisi bölgənin inkişafı baxımından əhəmiyyətlidir. Bu amil işğaldan azad olunmuş ərazilərdə Ermənistanın dağıdıcılıq siyasəti fonunda Azərbaycanın quruculuq missiyasını dünyaya bir daha açıq şəkildə nümayiş etdirir”.


Müəllif: Tapdıq Qurbanlı