28 Oktyabr 2021 19:58
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Musa müəllim, Qarabağda qardaş Türkiyənin mənəvi, siyasi dəstəyi ilə qazanılan Zəfərin ardınca sürətli quruculuq-abadlıq prosesində də birlikdə addım atılır. Prosesləri necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, Qarabağ bütün türk dünyasıdır. Gərək bütün türk dünyası da bu mesaja uyğunlaşsın. Qarabağ bütövlükdə türk dünyasını birləşdirən bir simvola çevriləcək. Bu çox vacib bir yanaşmadır. Çünki indiyə qədər Qarabağ Azərbaycandır deyirdik, indi isə Qarabağ həm də Türkiyədir deyimi var. Bu ərazilər türk dünyasını birləşdirən başlıca amil olmalıdır. Eyni zamanda Qarabağ ədalət, haqq, zəfərin təntənəsi, dəmir yumruqdur və Azərbaycan xalqının birliyidir. Bütün bunların hamısı həyatımızda, fəaliyyətimizdə önəmli bir çağırışlar olmalıdır. 44 günlük Vətən müharibəsi də göstərdi ki, xalqımızın birliyi Ali Baş Komandanın rəhbərliyi altında daha da möhkəmlənib. Bu birlik artıq bizim dostlarımıza, düşmənlərimizə də məlumdur. Amma çox təəssüf ki, bu birliyi sarsıtmaq istəyən qüvvələr var. Qələbəmizi həzm etmək istəməyən qüvvələr aşkar və gizlin şəkildə özlərini biruzə verməyə çalışırlar. Ona görə də, bu birliyi təkcə sözlərlə deyil, həm də işə çevirməkdən ötrü əməli işlərimizi görməliyik.

- Digər türk dövlət liderlərinin Qarabağa səfəri haqqında nə demək olar?

- Cənab Rəcəb Tayyib Ərdoğanın Füzulu Beynəlxalq Hava Limanının açılışında iştirakı artıq xarici bir dövlətin təyyarəsinin Qarabağ səmasında görünməsi və Qarabağ torpağına eniş etməsi idi. Biz çox arzu edərdik ki, digər türk dövlətlərinin liderləri də Qarabağa gəlsin. Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın da təyyarələri, liderləri, ictimai-siyasi xadimlərinin Qarabağa gəlməsi daha yaxşı olar. Arzumuz da odur ki, Füzuli, Zəngilan, Laçın hava limanında biz onların da enişlərini görək. Çünki Qarabağda qazanılan qələbə çox tarixi bir zəfərdir. Bu, həm də türk dünyasının uzun illər arzuladığı qələbədir.

- Qarabağda qazanılan zəfər ümumtürk birliyi üçün hansı önəmə malikdir?

- Sözsüz ki, bu qələbədən sonra böyük bir yüksəliş başlayacaq. Prezident İlham Əliyevlə cənab Ərdoğanın Zəngilanda dostluq bağının salınmasında iştirakı, birgə çinar əkmələri birliyimizin tarixləşən simvolu olacaq. Nə qədər ki, o bağlar böyüyəcək, meyvələr gətirib, bar verəcək, bu təkcə ağacların yetişdirdiyi meyvələr olmayacaq. Bu, həm də bizi birləşdirən dəyərlər və gənc nəslə nümunə olacaq. Məhz bu səbəbdən də, Füzuli aeroportunun açılışı və Ərdoğanın orada iştirakı çox böyük mənada bir tarixi hadisə idi. Bundan sonra zəfər günlərini ondan sonrakı yeni perspekivləri də Qarabağda böyük təntənə ilə qeyd edəcəyik.

- Azərbaycan dövlətinin Qarabağda, Şərqi Zəngəzurda qısa zamanda həyata keçirdiyi layihələrin önəmini necə qiymətləndirmək olar?

- Dövlət büdcəsində Qarabağın və Şərqi Zəngəzurun abadlaşdırılması üçün 2 milyard, 200 milyon manat vəsait nəzərdə tutulur. Yəqin ki, büdcədən kənar fondlar da bu prosesə cəlb ediləcək. Eyni zamanda Azərbaycanın dostları, xaricdəki tərəfdaşları da Qarabağ və Şərqi Zəngəzurda quruculuq-abadlıq işlərinə qoşulacaq. Ölkə Prezidenti də Zəngilanda, Füzulidə insanlarla görüşündə və mətbuata açıqlamalarında bu məsələ ilə bağlı fikirlərini bölüşüb. Ona görə də, biz bütövlükdə bütün gücümüzü ortaya qoyaraq Qarabağ və Şərqi Zəngəzuru qısa müddətdə abad bir diyara çevirməliyik.

- Erməni tərəfinin Azərbaycanın Qarabağda sürətli quruculuq-abadlıq işlərinə reaksiyasını necə xarakterizə edirsiniz?

- Erməni saytlarında, sosial şəbəkələrin erməni seqmentində görünən mənzərə odur ki, ermənilər artıq Azərbaycana qibtə hissi ilə baxmağa başlayıb. Sözsüz ki, düşmənin paxıllığı, düşmənçiliyi öz yerində, amma onlar etiraf edirlər ki, “biz 30 ildə o ərazilərdə bir dənə ev tikib, yol çəkmədik. Azərbaycanlılar isə ərazilər azad olunmasının bir ili tamam olmamış orada hava limanı açıblar. Qarabağın quru və hava yolu artıq təmin edilib”. Bu da bir sübutdur ki, kim öz torpağına qayıdırsa, qurub-yaratmaqla məşğuldur. Biz qalib xalq kimi böyük həvəs və istəklə bu prosesləri davam etdirməliyik.

- Sizcə, yaxın dövr üçün Zəngəzur dəhlizi ilə Naxçıvana, Türkiyə getmək mümkün olacaqmı?

- İki ölkə liderinin Zəngilanda Zəngəzur dəhlizinin əsasını qoyması tarixi bir hadisə idi. Çox qısa zamanda bu dəhliz işə düşəcək. Cənab Ərdoğanın söylədiyi kimi “biz bu dəhlizlə Qarsa, İğdıra, Ankaraya, İstanbula gedəcəyik. Bu yol həm də bizi Avropaya aparacaq. Eyni zamanda bu dəhliz Avropanı da Azərbaycana gətirəcək. Bu yolun böyük mənəvi, tarixi, iqtisadi, mədəni əhəmiyyəti var. Artıq ermənilər də etiraf edirlər ki, Zəngəzur dəhlizi açılandan sonra Zəngəzur da azərbaycanlıların olacaq. Amma Azərbaycan heç bir dövlətə qarşı ərazi iddiasında deyil. Baxmayaraq ki, o torpaqlar da bizim tarixi ərazilərimizdir. Eyni zamanda o ərazilərə dönüşün də müxtəlif yolları var. Prezident İlham Əliyev də vurğuladı ki, biz ora qatarla, avtomobillə, təyyarə ilə gedəcəyik.


Müəllif: Tapdıq Qurbanlı