29 Oktyabr 2021 09:33
657

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə son səfəri zamanı Prezident İlham Əliyevlə bir saatdan çox konfidensial görüş keçirilib. Əslində bu görüşdə nələrin müzakirə olunmasına dair müəyyən ehtimallar irəli sürmək mümkündür”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

O xatırladıb ki, bundan öncə Prezident Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb:

“Nəzərə almaq lazımdır ki, Soçidə Ərdoğan-Putin müzakirəsi zamanı Qarabağla bağlı tərəflər arasında nələrin müzakirə edildiyi, hansı məsələlərə dair razılıq əldə olunduğunu biz bilmirik. Ehtimal edirəm ki, konfidensial görüş zamanı Əliyev və Ərdoğan arasında fikir bölüşdürülməsi aparılıb.

İkincisi, təsdiqlənməyəm məlumata görə, noyabrın ilk on günlüyündə Moskvada Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin iştirakı ilə növbəti görüş keçirilə bilər. Burada sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılmasına dair məsələlər gündəmə gələcək. Noyabrın 12-də isə Prezident İlham Əliyev rəsmi səfərlə Türkiyəyə yollanacaq. Məncə, bunlar əslində bir-birilə bağlı olan diplomatik zəncirlərdir. Onun halqasına baxdıqda görünür ki, Azərbaycan və Türkiyə Qarabağ məsələsində birgə çalışır və nəaliyyətlər əldə edirlər. Gələcəkdə də bu strategiya davam edəcək”.

Mütəxəssis əlavə edib ki, Ərdoğanın gəlişinin bir deyil, bir neçə səbəbi var:

“Öncə nəzərə alınmalıdır ki, Füzuli hava limanı beynəlxalq status aldıqdan sonra ora ilk səfəri G-20 üzvü olan dövlətin prezidentinin təyyarəsi bura enib. İstər-istəməz Azərbaycan dövləti artıq Füzulidə də xarici qonağı qarşılaya bilər. İşğaldan əvvəl Xocalıda, Ağdamda hava limanı olub. İşğaldan sonra Füzilidə belə müasir hava limanının qısa müddətə tikilməsi və açılışı Azərbaycanın gücünü göstərdi, əsəblərimizlə oynayan qonşulara da mesaj oldu. Qısacası, Ərdoğan Azərbaycanın tək olmadığını, Türkiyənin onun yanında olduğunu açıq mesajla ifadə etdi”.


Müəllif: Nemət