29 Oktyabr 2021 14:28
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri mühüm tarixi əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü idi. İki qardaş ölkə arasındakı əməkdaşlığın, qardaşlığın regional və dünya miqyasında önəmi bir daha nümayiş olundu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun fikrincə, Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqliyin rəmzinə çevrilib: “Dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır. Bu amil iki qardaş prezident İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın dostluğu və liderliyini fonunda baş verir. Hər iki lider öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirir. Bu gün öz liderləri sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə etmiş, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi qəbul olunur”.

Millət vəkili hesab edir ki, həyata keçirilən müstəqil və qətiyyətli siyasət nəticəsində Türkiyə qlobal güc amilinə çevrilib: “Bu mənada qardaş ölkənin Azərbaycanla olan sıx münasibətləri sözsüz ki, güc və imkanlarımızı daha da artırır. Qısa zamanda tikintisi yekunlaşan Füzuli Beynəlxalq Hava Limanına qardaş Türkiyə Prezidentinin təyyarəsinin enməsi də işğaldan azad olunmuş ərazilərimizin strateji əhəmiyyətini bir daha gündəmə gətirib. Sözsüz ki, Füzulidə istifadəyə verilmiş, Zəngilan və Laçında tikintisi nəzərdə tutulan hava limanlarının regionun inkişafında rolu olduqca böyükdür. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin yaxından iştirakı ilə görülmüş işlər post-müharibə dövründə də iki ölkənin bütün sahələrdə birgə addım atdığının əyani təzühürüdür”.

Vüqar İskəndərov hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə Ermənistanın dağıdıcılıq siyasəti fonunda Azərbaycanın quruculuq missiyasını bütün dünya görür: “Azərbaycanın bu torpaqların əsl sahibi kimi bölgəyə sülh, inkişaf və tərəqqi gətirir”.


Müəllif: Tapdıq Qurbanlı