“Ermənistanın başqa çıxış yolu qalmayıb. İranla nəzərdə tutduğu layihələri həyata keçirə bilmədi. Çünki İranın özünün vəziyyəti faciəlidir, Rusiyadan da pis gündədir. Buna görə də, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına inanıram. Çünki Ermənistan müharibədən sonra kapitulyasiya aktını imzalayıb. İndi Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Yəqin ki, bu məsələlər 1920-ci ilin xəritəsi üzərində həllini tapacaq. Əgər 1920-ci ilin xəritəsi olsa, Azərbaycanın indiki əraziləri bir qədər də genişlənəcək”.
Politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Azərbaycan və Ermənistan cəmiyyətinin gözləntisi var ki, yaxın günlərdə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı sənəd imzalana bilər. Bununla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçiriləcəyinə dair iddianı Kreml nə təsdiq, nə də təkzib etdi. Sizin gözləntiniz nədir?
- Əslində, bu, çoxdan olmalıydı. Ötən il noyabrın 10-da müharibənin bitməsinə dair üçtərəfli bəyanat imzalandı. Bu sənədin imzalanmasından ötən altı ay ərzində Ermənistan sülh müqaviləsini təqdim etməli idi. Azərbaycan tərəfi dəfələrlə bunu gündəmə gətirib. Amma buna gah Fransa, gah da İran mane olmağa çalışdı. Artıq bu maneələr aradan qaldırılmaq üzrədir. Çünki Ermənistan siyasi, iqtisadi və mənəvi olaraq çökür. Paşinyan hazırda Ermənistanı xilas etməyə çalışır. Əks halda, bir dövlət kimi Ermənistanın üstündən xətt çəkilə bilər.
Rusiyanın da burada maraqları var. Çünki Rusiyaya qarşı beynəlxalq sanksiyalar güclənir. G-20-nin Romada keçirilən son sammiti göstərdi ki, ABŞ-İngiltərə tandemi Çin-Rusiya ikilisinə qarşı çox güclü sanksiyalar tətbiq edəcək. Yəni hər ikisini iqtisadi sanksiyalarla çökdürməyə çalışacaqlar.
Rusiyanın Avropaya çıxışı problemlidir. Amma Türkiyə ilə münasibətlərdə istiləşmə var. Rusiya Gürcüstan üzərindən çıxa bilmir, onun yeganə ən rahat yolu Şimal-Cənub dəhlizidir. Bu dəhliz də Azərbaycanla yanaşı, Ermənistan üzərindən də keçməlidir. Bunun baş verməsi üçünsə Zəngəzur dəhlizi açılmalıdır.
Ermənistanın başqa çıxış yolu qalmayıb. İranla nəzərdə tutduğu layihələri həyata keçirə bilmədi. Çünki İranın özünün vəziyyəti faciəlidir, Rusiyadan da pis gündədir. Buna görə də, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına inanıram. Çünki Ermənistan müharibədən sonra kapitulyasiya aktını imzalayıb. İndi Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Yəqin ki, bu məsələlər 1920-ci ilin xəritəsi üzərində həllini tapacaq. Əgər 1920-ci ilin xəritəsi olsa, Azərbaycanın indiki əraziləri bir qədər də genişlənəcək.
1923-cü ilin xəritəsi olsa, indiki sərhədlərimiz bir qədər dəyişəcək. Qazax rayonunun bir neçə kəndi işğal altındadır, bu məsələnin həlli gündəmə gələcək. Bütün hallarda imzalanacaq yeni sülh müqaviləsi Azərbaycanın maraqları çərçivəsindədir. Noyabrın 9 və ya 10-da belə bir üçtərəfli müqavilənin imzalanacağına ehtimalım çoxdur. Bu, artıq Azərbaycanın tam qələbəsi olacaq.
- Niyə məhz 1920-ci illərin xəritələri müzakirə olunur?
- Əslində, Ermənistan 1923-cü ilin xəritəsini gündəmə gətirir. 1920-ci ilin xəritələri olsa, indiki Mehrinin müəyyən hissəsi Azərbaycana qaytarılacaq. Bu, Naxçıvan ətrafındakı ərazilərə də aiddir. Çünki 1929-cu ildə Naxçıvanın 8 kəndi Mehriyə birləşdirilib. Bu, tarixi faktdır, danmaq mümkün deyil. Eyni zamanda, Nüvədi kəndi sonradan alınaraq Ermənistana verilib.
Əslində, Rusiya bu məsələlərin həmin xəritələr əsasında həllində maraqlıdır. Putin buna görə 1920-ci ilin xəritəsini gündəmə gətirir. İndi Zəngəzurun 40 kilometri birbaşa Ermənistanın nüfuz dairəsindədirsə, 1920-ci ilin xəritəsinə görə, bu, 20 kilometr azalmalıdır.
Bundan başqa, Göyçənin Yuxarı Şorca və Aşağı Şorca kəndələri Azərbaycana qaytarıla bilər. Bu, Azərbaycanın Göyçə gölünün sərhədlərinə qədər yaxınlaşması deməkdir. 1920-ci ilin xəritəsində bizim sərhədlərimiz Göyçə gölündən keçirdi. Buna görə deyirəm ki, məsələ 1920-ci ilin xəritəsi ilə həll olunsa, çox şey dəyişəcək.
- Ötən həftə “Valday” klubunda çıxış edən Vladimir Putin bildirdi ki, Ermənistan və Azərbaycan sərhədlərinin dəqiq xəritəsi Rusiya Baş Qərargahında var. Sizcə, onun bu mesajı kimə ünvanlanıb?
- Mən o vaxt bir müddət SSRİ Nazirlər Soveti yanında Dövlət Goedeziya və Kartoqrafiya Komitəsində işləmişəm. Həmin topoqrafik xəritələrdə Azərbaycan ərazilərinin sərhədləri göstərilib. Əslində, topoqrafik xəritələr iki istiqamətdə hazırlanır: bir hərbi, digəri sərhədlərin dəqiqləşdirilməsi məqsədilə.
Hərbi məqsədlər üçün hazırlanan xəritələrdə koordinatlar çox dəqiqdir. Sərhədlərlə bağlı olan digər xəritələrdə bu, saniyənin yüzdə birinə qədər dəqiqləşdirilmir. Amma bunlar topoqrafik xəritələrdə çox dəqiqdir. Hərbi qərargahdakı xəritələr daha dəqiq olduğuna görə, Putin mesajı Ermənistana verir. Çünki Rusiya Daşnaksütyun və digər siyasi qüvvələrin 1923-cü ilin xəritələrini gündəmə gətirdiyini bilir.
Putini daha çox Zəngəzur dəhlizi ilə bağlı məsələlər maraqlandırır. Həmin məsələ ilə bağlı xəritələr də Azərbaycanın xeyrinədir. Bu xəritələr Azərbaycanda da var. Eyni zamanda, bizim bu sahədə peşəkar mütəxəssislərimiz də mövcuddur. İnanıram ki, Azərbaycan tərəfi 1920-ci ilin xəritəsini gündəmə gətirəcək. Digər xəritələr olsa belə, bu, Ermənistanın Qarabağa olan ümidlərinin tamamilə gündəmdən çıxması deməkdir. Burada statusdan söhbət getmir, Azərbaycanın ərazi bütövlüyü tanınır.