3 Noyabr 2021 14:17
4 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elman müəllim, hazırkı mərhələdə Azərbaycanla Ermənistan arasında sülh üçün edilən gedişləri necə qiymətləndirmək olar?

- Rusiya Prezidenti Vladimir Putin Valday toplantısında Azərbaycanla Ermənistan arasındakı mühüm müzakirələrdən, əldə olunacaq razılaşmaların istiqamətlərindən bəhs etdi. Sözsüz ki, Azərbaycan da hər zaman sülh çağırışları edir. Amma qarşı tərəf hələ də öz hərəkətləri ilə bütün bu proseslərə maneçilik törədir. İlk növbədə sülh sazişinin imzalanması üçün hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Azərbaycan öz növbəsində bütün qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşır. Ancaq Ermənistan tərəfi hələ də qonşularına qarşı ərazi məsələsində iddialarla çıxış edir. Növbəti dəfə müşahidə edilən odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir.

- Bu günlərdə Ermənistan hakimiyyətinin Qarabağdakı separatçılara növbəti maliyyə yardımı da bu təxribatların davamı kimi izah oluna bilərmi?

- Sözsüz ki, Ermənistan hakimiyyətinin separatçılara maliyyə yardımı ayırması, onlara bu və ya digər formada edilən hər bir dəstək cəhdi öz növbəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təhdiddir. Belə faktların ortada olduğu bir müddətdə hansısa bir sülhdən danışmaq belə şübhəli görünür. Əsas tələb odur ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən birmənalı olaraq tanınmalıdır. Azərbaycan ərazisində Ermənistana və separatçılara aid olan bütün qruplaşmalar çıxarılmalıdır. Bundan sonra sərhədlərlə bağlı məsələlər həll olunmalıdır. Bütün bunlar təmin edildikdən sonra sülhlə bağlı nəsə danışmaq olar. Amma Azərbaycan ərazisində hansısa bir separatçı quruma maliyyə yardımı etmək açıq təxribatdır. Bu, ölkə qanunlarını pozmaq deməkdir.

- Problemlərin həllini nədə görürsünüz?

- Bu problemlər növbəli formada öz həllini tapmalıdır. Ermənilərin kommunikasiyaların açılması ilə bağlı səsləndirdiyi fikirlərə də səmimi yanaşmaq olmaz. Çünki Azərbaycanın ərazi bütövlüyünü tanımayan bir dövlətlə hansı kommunikasiya xətlərinin işlənməsindən danışmaq olar? Eyni zamanda ardıcıl olaraq Azərbaycan ərazisində hələ də qalmaqda olan separatçılara edilən yardımlar dayandırılmalıdır. Müəyyən sayda silahlı qüvvələrin hələ də bu ərazilərdə qalması fonunda bu cür məsələlərin həlli ilə bağlı Ermənistandan hansısa bir adekvat addım gözləmək də inandırıcı deyil. Belə olan halda Ermənistan öz xeyrinə olacaq hər hansı bir məsələ ilə bağlı da düşüncə formalaşdıra bilməz.

- Zəngəzur dəhlizi ilə bağlı mövcud situasiyada nə dərəcədə ümidli danışmaq olar?

- Ermənistan sözsüz ki, növbəti dəfə özünün dağıdıcı mövqeyi ilə prosesləri mümkün qədər əngəlləməyə çalışır. Zəngəzur dəhlizi ilə bağlı məsələdə də adekvat münasibət var. Ona görə də Azərbaycan Laçın dəhlizi ilə bağlı məsələni gündəmə gətirməkdə tam əsasa malikdir. Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına hansısa bir problem yaradacaqsa, bunu qarşılığında Laçın dəhlizində eyni aqibəti də özləri görəcək. Orada hər hansı bir problem olacaqsa, Azərbaycan da Laçın dəhlizində problem yarada bilər.

Azərbaycan hər zaman sülh tərəfdarıdır. Ölkəmiz ərazi bütövlüyü və digər məsələlərdə qarşılıqlı müstəvidə bütün danışıqlara və müzakirələrə açıqdır. Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Çünki dövlətimizin siyasi mövqeyi odur ki, bizim heç bir ölkənin ərazisinə maraq göstərmir. Ermənistanla olan sərhədlər də sovet dövründə mövcud olmuş inzibati bölgüyə, xəritələrə uyğun həlli oluna bilər. indiki halda bu daha daha məqbuldur. Amma Ermənistan öz növbəsində bu məsələlərdən də boyun qaçırır. Bu dövlət mənasız addımlar atır. 2022-ci il üçün Ermənistan büdcəsindən separatçılara maliyyə yardımı nəzərdə tutan vəsaitin ayrılması növbəti təxribatdır. Ermənistan bununla Azərbaycanın ərazi bütövlüyü daxilində separatçı bir qrum saxlamaq niyyətində olduğunu nümayiş etdirir. Belə olan tərzdə sülhlə bağlı məsələlər də bir qədər sual altına düşə bilər.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər