Xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının Milli Konqresinin Senatının üzvü, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri senator Antonio Anastasia ilə görüşüb.
Bu barədə Teleqraf.com-a XİN-dən məlumat verilib.
C.Bayramov Braziliya senatorunu səmimiyyətlə salamlayıb, Azərbaycanın Braziliya ilə münasibətlərinin inkişafına əhəmiyyət verdiyini qeyd edib. Parlament müstəvisində münasibətlərin inkişafının bilavasitə insanlar arasında əlaqələrin qurulmasına müsbət təsir göstərdiyi qeyd edilib. Nazir, senatorun həyata keçirdiyi səfərin və səfər çərçivəsində baş tutmuş çoxsaylı görüşlərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyindən əminlik ifadə edib. O, ölkələrimiz arasında mövcud olan siyasi dialoqdan məmnunluq ifadə edərək, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi, habelə humanitar, mədəniyyət, təhsil və s. sahələrdə əlaqələrin genişləndiriləsində maraqlı olduğumuzu bildirib.
Nazir, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, doğurduğu ağır fəsadlar, 44 günlük müharibədən sonra bölgədə mövcud olan cari vəziyyət, post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə qarşı tərəfə məlumat verib. O, üçtərəfli bəyanatların icrası ilə bağlı, o cümlədən iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən görülən tədbirlər haqqında danışıb. Azərbaycanın bölgədə uzunmüddətli sülh və əminamanlığın təmin olunması mövqeyindən çıxış etdiyi vurğulanıb.
Senator Antonio Anastasia Azərbaycana səfəri və bu çərçivədə baş tutmuş görüşlər ilə bağlı məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında coğrafi məsafənin olmasına baxmayaraq, xalqlarımızın bir-birinə yaxın olduğunu vurğulayan senator, bu amilin ikitərəfli münasibətlərin inkişafı üçün böyük önəm kəsb etdiyini söyləyib. Bölgədə cərəyan edən son hadisələrdən xəbərdar olduğunu qeyd edən Antonio Anastasia Braziliyanın hər zaman sülhün təmin olunması və BMT qətnamələrinin yerinə yetirilməsinin vacibliyi mövqeyindən çıxış etdiyini vurğulayıb. Səfər çərçivəsində Ağdam şəhərində olduğunu qeyd edən senator, oradakı dağıntılarla öz gözləri ilə tanış olduğunu bildirib. O, ölkəsinin bölgədə dayanıqlı sülhün təmin olması və münasibətlərin normallaşması gözləntisinin olduğunu bildirib.
Görüşdə tərəflər, həmçinin ikitərəfli gündəliyin bəzi məsələləri üzrə fikir mübadiləsi aparıblar.