4 Noyabr 2021 09:14
2 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ bölgədəki proseslərin nəzarətindən qaçmamasına çalışır. Amerikalılar başa düşürlər ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Hətta bir sıra bəyanatlarında bunu bildiriblər. Amma onlar həm də Ermənistanın “ziyan” çəkməməsinə çalışırlar, yəni ermənilərin də “maraqlar”ı nəzərə alınsın və müəyyən bir “kompromis” əldə olunsun. Amma biz onların ötən otuz il ərzində həmin “kompromis”in əldə edilməsi yönündə atdıqları addımları görmüşük”.

Sabiq diplomat, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib. O, bundan əvvəl erməni həmkarı Ararat Mirzoyanla da danışıb. Tərəflər üçtərəfli bəyanatların icrası, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı müzakirələr aparıb. Sizcə, Rusiyanın baş diplomatı nəyi dəqiqləşdirməyə çalışır?

- Həqiqətən bir axtarış gedir. Təbii ki, Lavrov tərəfləri bir araya gətirməyə və yaxınlaşdırmağa çalışır. Amma bu, asan məsələ deyil. Çünki Ermənistanın “şərtlər”i və “tələblər”i var, yaxud Rusiya ilə öz arasında “yeni dəhliz” açmaq istəyir. Azərbaycandan “hərbi əsirlər”i istəyir. Halbuki onlar hərbi əsirlər yox, müqavilə imzalandıqdan sonra ərazilərimizə soxulmağa çalışmış diversantlardır. Üstəgəl, onlar soydaşlarımızın qətlində iştirak ediblər. Yəni ortada incə məqamların sayı çoxdur.

Lavrov da tərəflər arasında vasitəçi olaraq rol oynayan bir ölkənin rəsmi nümayəndəsi kimi, bizi yaxınlaşdırmağa çalışır. Amma yaxşı olardı, bunun üçün Ermənistana təzyiq göstərsinlər ki, sağlam düşüncəli mövqe nümayiş etdirə bilsin.

- Rusiya xarici işlər nazirinin bu zənglərinə həm də liderlərin növbəti üçtərəfli görüşünə hazırlıq kimi də baxmaq olarmı?

- Bu, birmənalıdır. Gündəlik hazırlanır və buna uyğun olaraq konkret məsələlər müzakirə olunmalıdır. Lavrov Rusiyanın xarici işlər naziri kimi çalışır ki, bu görüş effektli keçsin və tərəflər hansısa sənədə imza atmağa hazır olsunlar. Biz dəfələrlə bəyan etmişik ki, sülh müqaviləsini imzalama hazırıq və bunun tərəfdarıyıq. Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin yaranmasında maraqlıdır. Amma bu o demək deyil ki, biz bunu öz maraqlarımızdan imtina hesabına edəcəyik.

Qənaətimə görə, bu zənglər onu göstərir ki, gündəlik hazırlanır. Amma bir sıra məsələlər indiyədək həll olunmayıb, hələ də açıq vəziyyət qalır. Biz müharibədə qələbə qazanmış ölkə kimi heç vaxt Ermənistanın hansısa tələblərini və əsassız şərtlərini qəbul etməyəcəyik.

- Belə bir iddia da var ki, liderlərin üçtərəfli görüşündə sərhədlərin müəyyənləşdirilməsi və nəqliyyat dəhlizləri ilə bağlı müqavilə imzalana bilər. Bu mümkündürmü?

- Ola bilər ki, hansısa bir saziş imzalansın və ya birgə bəyanat qəbul edilsin. Amma inanmıram ki, bütün məsələlərin həlli yolunda belə irimiqyaslı sənəd imzalanacaq. Çünki hələ də bir sıra problemlər həllini tapmayıb. Bütün məsələlərin bir görüşlə həll olunacağına əmin deyiləm. Çünki burada sərhədlərin delimitasiya və demarkasiyasının aparılması, eləcə də sülh müqaviləsinin imzalanmasından əlavə məsələlər var. Məsələn, Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddialarından geri çəkilmir. İndi də Azərbaycana qarşı bu iddialarla çıxış edirlər. Söhbət təkcə Qarabağdan getmir, bura həm də Naxçıvan, Qazax və Tovuz rayonlarının ərazilərinə olan əsassız iddialar da daxildir. Ermənilər bizim bu rayonlarımıza da göz dikiblər. Hətta onların siyasi qüvvələrinin proqramlarında da qeyd olunub ki, “Bu ərazilər Ermənistana məxsusdur”.

Belə bir situasiyada Ermənistanın irimiqyaslı sənədə imza atacağına şübhə ilə baxıram. Bəlkə də o, (Paşinyan) buna imza atar, amma Ermənistan daxilində ona qarşı olan kifayət qədər siyasi qüvvə var. “Qarabağ klanı”, bir sıra digər müxalif partiyalar və militarist-revanşist qüvvələr onu sıxışdırmağa çalışırlar. Real vəziyyət belədir.

- Xankəndi və İrəvanda pulsuz Azərbaycan dili kursları başlayıb. İddia var ki, bu, böyük barışığa hazırlığın tərkib hissəsidir. Siz bu haqda nə düşünürsünüz?

- İnanmıram ki, bu kurslar onların Azərbaycan dilinə qarşı böyük sevgisinin nümayişidir. Çünki bizdə də erməni dili kursları açılır, biz də o dili öyrənirik. Bu kurslar intensiv şəkildə keçirilir. Yəni bəlkə də Ermənistan hakimiyyəti bunu ona görə təşkil edir ki, Azərbaycanda gedən prosesləri daha yaxından izləyə bilsinlər və bunlara diqqətlə yanaşsınlar. Bununla siyasi informasiya toplamaq imkanlarını genişləndirməyə çalışdıqlarını düşünürəm. Bunu belə başa düşürəm.

Eyni zamanda, Ermənistanın sağlam düşüncəli insanları onu da başa düşürlər ki, gec-tez Azərbaycana inteqrasiya olunmalıdırlar. Bunun üçün də Azərbaycan dilini bilmək vacibdir. Yəni bunun bölgədə dayanıqlı sülhün təmin olunması üçün bilmələrinin vacib olduğunu anlayırlar.

- ABŞ tez-tez yüksək vəzifəli diplomatlarını Azərbaycan və bölgənin digər dövlətlərinə göndərir. ABŞ Dövlət Departamentinin rəsmisi Erika Olson hazırda bölgədə səfərdədir. Sizcə, bu səfərlərdə məqsəd nədir?

- ABŞ bölgədəki proseslərin nəzarətindən qaçmamasına çalışır. Amerikalılar başa düşürlər ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Hətta bir sıra bəyanatlarında bunu bildiriblər. Amma onlar həm də Ermənistanın “ziyan” çəkməməsinə də çalışırlar, yəni ermənilərin də “maraqlar”ı nəzərə alınsın və müəyyən bir “kompromis” əldə olunsun. Amma biz onların ötən otuz il ərzində həmin “kompromis”in əldə edilməsi yönündə atdıqları addımları görmüşük.

Əslində, amerikalılar Ermənistanı sağlam düşüncəli mövqe tutmağa vadar etməlidirlər. Bunun üçün ona təzyiq olunmalıdır. Çünki biz ərazi bütövlüyümüzü təmin etmişik, danışıqlara da qatılırıq. Heç bir kompromisdən imtina etmirik. Amma ABŞ başa düşməlidir ki, biz öz maraqlarımız hesabına Ermənistanla kompromisə getməyəcəyik.

Təbii ki, ABŞ-ın bölgədə enerji maraqları var. Bu baxımdan, onları düşündürən əsas məqam da budur ki, Ermənistan və Azərbaycan arasında imzalanacaq sənəddə maraqları nə qədər nəzərə alınacaq.


Müəllif: Mənsur Rəğbətoğlu