“Azərbaycan Rusiyanın bölgədə yeganə hegemon olmasını əngəlləmək üçün ABŞ-la münasibətlərindən istifadə etməyi bacarmalıdır. Bu, çox qəliz gediş və diplomatik oyundur, amma başqa yolumuz da yoxdur. Elə etməliyik ki, ABŞ və Azərbaycanın bir sıra maraqları uzlaşsın və bunun nəticəsində Rusiyanın yeganə moderator rolu yavaş-yavaş arxa plana keçsin. Çünki məsələlərin həllində təkcə Rusiya moderator olacaqsa, bu, gələcəkdə ciddi problemlərin üzə çıxmasına səbəb ola bilər”.
ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- “Altılıq” platforması haqda açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyənin bu təşəbbüsünü dəstəklədiklərini bildirib. O, eyni zamanda, bölgədəki kommunikasiyaların açılmasında da maraqlı olduqlarını dilə gətirib. Rusiyadan bu və digər yönlərdə verilən mesajlar kifayət qədər müsbət olsa, irəliyə doğru addımın atıldığını görmürük. Sanki Rusiya vaxt uzadır, prosesi yubadır. Sizcə, bu belədirmi?
- Əslində, kommunikasiyaların tezliklə açılması Rusiyanın maraqlarına uyğundur. Çünki Ermənistanla yerüstü əlaqə yalnız Gürcüstan üzərindən həyata keçirilir. Bu yöndə isə ciddi problemlər var. Məsələn, qış aylarında Yuxarı Lars keçid məntəqəsində problemlər yaşanır, yollarda buzlaşma və qar uçqunları olur. Digər yandan da, Rusiya-Gürcüstan siyasi münasibətləri də o qədər xoş deyil. Buna görə də, zaman-zaman sərhəd-keçid məntəqələrində yüklərin daşınması ilə bağlı problemlər ortaya çıxır. Buna görə də, bölgədəki kommunikasiya xətlərinin tezliklə açılması Rusiya üçün maraqlıdır. Onsuz da, Ermənistan sərhədlərinə nəzarət də tamamilə Rusiyanın əlindədir. Bu baxımdan, açılacaq kommunikasiyalara nəzarət də Rusiyanın əlində olacaq.
Mənə elə gəlir ki, Rusiya və Ermənistanın Azərbaycanla fikir ayrılıqları var. Azərbaycan haqlı olaraq istəyir ki, birdəfəlik sülh müqaviləsi bağlansın və bir çox məsələlər qalıcı olaraq həllini tapsın. Azərbaycan həm sərhədlərin müəyyənləşdirilməsi, həm kommunikasiyaların açılması, həm də ərazilərimizdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının, yəni erməni icmasının təhlükəsizliyi ilə bağlı zəmanət verir. Bununla da bu məsələ tamamilə gündəmdən çıxarılır, yəni status və Azərbaycanın haqlı olaraq qəbul etmədiyi digər məsələlər bir daha gündəmə gətirilmir. Azərbaycan bu məsələlərin birdəfəlik həllini istəyir.
Ermənistan və Rusiyanın isə bu üç məsələnin ayrı-ayrılıqda müzakirə edilməsində, bundan sonra müqavilələrin imzalanmasında maraqlı olduğu görünür. Qənaətimə görə, məsələlərin həlli buna görə uzanır. Rusiya isə kommunikasiyaların tez açılmasında maraqlıdır. Amma Rusiyanın marağında deyil ki, sülh müqaviləsi imzalansın, Xankəndi və ətrafında yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının taleyi birdəfəlik həllini tapsın. Çünki bu məsələlər həll olunsa, onda Rusiya sülhməramlılarının həmin ərazilərdəki varlığının bir əhəmiyyəti olmayacaq. Bir sözlə, prosesin uzanmasının başlıca səbəbi Ermənistan və Rusiyanın məsələlərin ayrı-ayrılıqda həllini istəmələridir.
- ABŞ Dövlət Departamentinin rəsmisi Erika Olson Ermənistana səfər edib. O, İrəvana səfəri çərçivəsində ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin iştirakı ilə İrəvanda iclas keçirəcək. İclasa ABŞ-ın Minsk qrupundakı həmsədr Endryu Şaffer də qatılacaq. Sizcə, bu səfər niyə İrəvandan başladı və bu toplantı niyə Tiflis və Bakıda yox, məhz Ermənistanın paytaxtında keçirilir, bundan hansı mesajları almalıyıq?
- Əslində bu, növbəlilik prinsipindən irəli gəlir. Belə görüşlər əvvəllər Bakı və Tiflisdə də olub. Yəni indi iclasın İrəvanda keçirilməsi texniki məsələ də ola bilər. Eyni zamanda, Ermənistanın bölgədə baş verən proseslərə münasibətini öyrənmək üçün görüşün orada keçirilməsi də mümkündür. Çünki Azərbaycan tərəfinin mövqeyi bəllidir, bu, dəfələrlə prezident və xarici işlər naziri tərəfindən də səsləndirilib. Amma Ermənistandan fərqli-fərqli fikirlər gəlir. Ermənistan Baş naziri Nikol Paşinyan zaman-zaman bir bəyanat verir, xarici işlər naziri və parlament fraksiyaları tamam başqa fikirlər səsləndirir. Bu baxımdan, Ermənistan tərəfinin dəqiq mövqeyini öyrənərək, bundan sonra Tiflis və Bakıya səfər edilməsi nəzərdə tutulub. Həmin nümayəndə heyəti Bakıya da gələcək, burada da rəsmi görüşlərinin keçirilməsi gözlənilir.
- Ümumiyyətlə, ABŞ-ın bölgədə fəallaşması nə vəd edir?
- Bu prosesin yeganə moderatorunun Rusiya olması Qərb dövlətləri, o cümlədən ABŞ-ın xoşuna gəlmir. Məsələlərin həlli Rusiyadan asılı qaldı. Burada Qərb dövlətlərinin günahı və fəaliyyətsizliyi də rol oynayır. Sanki öz-özlərini bilərəkdən prosesdən kənarlaşdırdılar. ATƏT-in Minsk qrupu da son 25 ildə heç nəyə lazım olmayan quruma çevrildi. Bu baxımdan, Rusiyanın yeganə moderator olması ABŞ və ya Qərbi qane etmir. Azərbaycanın da sülhməramlılar və digər məsələlərlə bağlı Rusiyaya sualları var.
Hesab edirəm ki, Azərbaycan Rusiyanın bölgədə yeganə hegemon olmasını əngəlləmək üçün ABŞ-la münasibətlərindən istifadə etməyi bacarmalıdır. Bu çox qəliz gediş və diplomatik oyundur, amma başqa yolumuz da yoxdur. Elə etməliyik ki, ABŞ və Azərbaycanın bir sıra maraqları uzlaşsın və bunun nəticəsində Rusiyanın yeganə moderator rolu yavaş-yavaş arxa plana keçsin. Çünki məsələlərin həllində təkcə Rusiya moderator olacaqsa, bu, gələcəkdə ciddi problemlərin üzə çıxmasına səbəb ola bilər.
Təbii ki, təhlükələr də var. Çünki ABŞ da. Avropa Birliyi də zaman-zaman status məsələsinin gündəmə gələ biləcəyini söyləyirlər. Ona görə də, bu məsələnin gündəmdən çıxarılması üçün ABŞ-la sıx işləmək lazımdır. ABŞ-ın onsuz da Azərbaycanda kifayət qədər ciddi maraqları var. Bura enerji və regional təhlükəsizlik kimi mühüm amillər daxildir. Yəni Azərbaycanın əlində kifayət qədər rıçaq və imkanlar var ki, bir çox məsələdə ABŞ-la uzlaşsın. Amma ABŞ-la sıx əməkdaşlıq Rusiyanı da qıcıqlandıra bilər. Ona görə də, “qızıl orta” və tarazılığın tapılmasına ehtiyac var ki, bununla həm ABŞ tərəfindən Rusiya ilə arada balans yaratmaq mümkün olsun, həm də münasibətlərin məzmunu Moskva tərəfindən əks addımlar atmasına imkan verməsin. Bu baxımdan, qəliz, amma lazımlı diplomatik oyun quruculuğuna ehtiyac var.
- Bəs Rusiyanın bölgəyə təsirlərini zəiflətmək istəyən ABŞ NATO-dakı müttəfiqi Türkiyənin regiondakı fəaliyyətlərinə hansı münasibəti sərgiləyə bilər, onunla Cənubi Qafqazda əməkdaşlıq etməsi ehtimalı nə qədərdir?
- Müzakirələr zamanı çox vaxt unuduruq, amma Türkiyə NATO dövlətidir. Türkiyə NATO-da ABŞ-dan sonra ikinci ən böyük ordu və hərbi gücə malikdir. Türkiyə və ABŞ arasında bir sıra məsələlərlə bağlı ciddi fikir ayrılığı olsa da, koordinasiyanın olduğu da böyük ehtimaldır. Ola bilməz ki, koordinasiya olmasın, istər NATO, istərsə də ikitərəfli münasibətlər çərçivəsində hansısa məsələlər uzlaşdırılmasın. Amma toqquşan maraqlar da var. Əsasən Liviya, Suriya, İraq, Kipr və Şərqi Aralıq dənizi məsələlərində fikir ayrılıqları mövcuddur. Bu yöndə maraqlarının toqquşmasına baxmayaraq, ABŞ və Türkiyə bir çox məsələlərlə bağlı əməkdaşlığa davam edirlər.
Eyni zamanda, “S-400”lərlə bağlı fikir ayrılıqlarına baxmayaraq, son təmaslar göstərir ki, ABŞ və Türkiyə uzlaşmağa yaxındır. Artıq “F-16”larla bağlı məsələnin həlli prosesi də son mərhələyə çatır. Bu yöndə anlaşmaların olacağı mümkündür. Yəni ABŞ və Türkiyə arasında fikir ayrılıqlarına baxmayaraq, əməkdaşlıq həmişə davamlıdır.