Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu bölgədə çəkilən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu və digər beynəlxalq xətlərin önəmindən danışıb.
Teleqraf.com xəbər verir ki, nazir Türkiyə, Azərbaycan və bölgənin digər ölkələrinin ixracatına böyük töhfə verəcək BTQ dəmir yolu xətti və “Dəmir İpək Yolu” adlandırılan Mərkəzi Dəhlizin əhəmiyyətinə diqqət çəkib:
“Beləliklə, bu Mərkəzi Dəhliz, Bakı-Tiflis-Qars və Mərmərə xətləri həqiqətən də dünyada logistik tarazlıqları dəyişdi. Bu Mərkəzi Dəhliz niyə vacibdir? Çünki Şimal dəhlizi Çindən Avropaya, yəni uzaq Asiyadan Avropaya 25 günə gedir.
Dənizlə getdiyiniz zaman 45 gün çəkən bir daşıma vaxtı var. Mərkəzi Dəhliz burada ən səmərəli xətdir. Çünki biz 12 günə uzaq Asiyadan Avropaya getmək imkanı yaratdıq. Bütün bunlar böyük investisiyalar sayəsində baş verdi”.