5 Noyabr 2021 23:23
2 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Ermənistan öhdəlikləri icra etmədiyi halda daha hansı təsiredici addımların atılması gözlənilir?

- Laçın dəhlizi ilə bağlı Azərbaycan özünün qəti mövqeyini ortaya qoya bilər. Çünki biz öz ərazimizdən hansısa bir məqsədlər üçün istifadəyə imkan verə bilmərik. Eyni zamanda Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanmış razılaşmaya əsasən tələbini ortaya qoyacaq. Əks halda Azərbaycan özü üçün məqbul bildiyi tədbirləri görəcək. Anti-terror əməliyyatları burada rol oynaya bilər. Azərbaycan artıq ərazidə qalmış qanunsuz silahlıları özü təmizləməli olacaq. Çünki bu problemləri həll etməmək, prosesi yubatmağa cəhdlər varsa, bunlar yolverilməzdir. Ermənistan da bu məsələdə hansısa bir şəkildə sərhəd xəttində təxribatlar yaratmağa çalışacaqsa, Azərbaycan bunun cavabını verməli olacaq. Bu məsələlər artıq yerində həll olunmalı olan məsələlərdir. Proseslər onu deməyə əsas verir ki, Azərbaycan bütün mümkün təzyiq formalarını artırmalıdır. Bütün bunlar ona gətirib çıxaracaq ki, Laçın dəhlizi də ermənilər üçün rahatlıqla Qarabağa keçəcək bir ərazi olmayacaq. Artıq ruslar da başa düşürlər ki, bunun alternativi Zəngəzur dəhlizidir. Bu olmasa Laçın dəhlizinin heç bir mənası qalmır. Azərbaycanın da əsas fəaliyyət istiqamətləri məhz bundan ibarətdir.

- Rusiyanın xəritələr və vasitəçiliklə bağlı mövqeyi Ermənistan üçün hansı mesajları ehtiva edir?

- Sözsüz ki, dövlətlər arasındakı sərhəd məsələsi mövcud xəritələr əsasında həll olunacaq. Bu kiminsə ərköyünlüyü ilə həll olunan məsələ deyil. Xəritələrdə də o məsələlər yer alır ki, bütün anklavlar, ərazilərin təhvil-təslim prosesi icra edilsin. Eyni zamanda məskunlaşma və yerdəyişmə məsələləri də həll edilməlidir. Sərhəd bölgəsində elə ərazilər var ki, orada ermənilər məskunlaşıb. Ona görə də bütün bu məsələlər məhz sovet dövrünün xəritələri əsasında öz həllini tapmalıdır.

- Qarabağdakı separatçı rejimə Ermənistandan ayrılan maliyyə dəstəyinin prosesin mümkün inkişafına təsiri nə dərəcədədir?

- Maliyyə yardımı orada yaşayan əhali reallığı ilə bağlıdır. Azərbaycana da bəllidir ki, orada yaşayan erməni əhalinin ehtiyacları qarşılanmalıdır. Amma başlıca şərt odur ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməlidir. İndi isə keçid dövrüdür. Bu hallar keçid dövrünün tələblərinə uyğun olan məsələlərdir. Azərbaycan isə indiki halda proseslərə bir qədər güzəştli yanaşır. Hətta Laçın dəhlizi ilə bağlı məsələyə də Azərbaycan tərəfindən güzəştli yanaşma var. Problem həll olunana qədər orada yaşayan insanların ehtiyacları qarşılanmalıdır. Amma bu məsələlər həll edildikdən sonra Azərbaycan özünün sərt tədbirlərini görəcək. Bununla bağlı real faktlar var. İran nümunəsində də göründü ki, Azərbaycan bu kimi məsələlərdə güzətsiz mövqe sərgiləyir.

- Azərbaycanla İran arasındakı münasibətlərin müsbət tendensiyasi necə izah oluna bilər?

- Artıq hər iki ölkənin Xarici İşlər Nazirliyi səviyyəsində işçi qruplarının yaranması və proseslərin dostcasına həlli ilə bağlı addımlar atılır. Digər məsələlərin də qarşılıqlı şəkildə həlli müsbət haldır. Rəsmi İranın da bu istiqamətdə atdığı addım konstruktiv yanaşmadır. Azərbaycan da öz növbəsində heç bir qonşu dövlətlə problem arzulamır. Dövlətimizin arzuladığı odur ki, beynəlxalq hüquq çərçivəsində, mehriban qonşuluq siyasətinə uyğun mümkün məsələlər həll olunsun.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər