6 Noyabr 2021 16:24
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər Milli Məclisin sədri Sahibə Qafarovaya 8 noyabr - Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə Teleqraf.com-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda Pakistan Parlamentinin Milli Assambleyasının spikeri 44 günlük Vətən müharibəsinin birinci ildönümü münasibətilə təbriklərini ifadə edib, ötənilki müharibədə Azərbaycanın qələbəsini əlamətdar nailiyyət kimi qiymətləndirib.

Əsəd Qeysər Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin Pakistanda da qeyd olunduğunu vurğulayıb. Bildirib ki, bu nailiyyətə görə Azərbaycan rəhbərliyi, silahlı qüvvələri və xalqı hörmətə və alqışa layiqdir.

Spiker məktubunda Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsində yüksək peşəkarlıq və şücaət göstərmiş Vətən müharibəsi şəhidlərinə öz ehtiramını bildirib. Diqqətə çatdırıb ki, Pakistan hökuməti, parlamenti və xalqı hər zaman BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində Azərbaycanı bundan sonra da dəstəkləyəcək.

Pakistan Milli Assambleyasının sədri qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzularını ifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər