10 Noyabr 2021 11:34
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT PA-nın nümayəndə heyəti olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla Ankarada keçirdiyimiz görüşdə çox mühüm məsələləri müzakirə etdik. Görüşdə Türkiyənin son illər üzləşdiyi qaçqın köçü və qanunsuz miqrasiya, terrorla mücadilə, ikili standartlar və selektiv yanaşmalar, islamafobiya və digər təhdidlərlə bağlı mövzular diqqət mərkəzində oldu. Bildirildi ki, Suriya və digər ölkələrdən gələn 4,5 milyon qaçqın və qanunsuz miqranta Türkiyə son 10 ildə 40 milyard dollar xərclədiyi halda, Avropa Birliyi və digər beynəlxalq təşkilatlardan söz verilən dəstək təmin olunmayıb.

Bunu Telerqaf.com-a Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev deyib.

O qeyd edib ki, Türkiyənin təkbaşına bu qədər ağır yükün öhdəsindən gələ bilməz və müvafiq beynəlxalq təşkilatlar və ölkələr bu problemin həllində rəsmi Ankaraya yardım etməlidir:

“Müzakirələr zamanı İkinci Qarabağ savaşından sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi, regionda qalıcı sülh və barış üçün yeni imkanlar yarandığı, Ermənistanın hazırkı reallıqlar əsasında Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırmasının vacibliyi vurğulandı”.

Azay Quliyev bildirib ki, ATƏT PA ilə Türkiyənin ən müxtəlif mövzularda əməkdaşlıq etməsinin, fərqli yanaşmaların dialoq və anlaşma çərçivəsində həllinin vacibliyi qeyd olundu: “Səfər proqramına uyğun olaraq Türkiyənin və beynəlxalq təşkilatların rəsmiləri ilə nəzərdə tutulan görüşlərimiz davam edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər