Zəngəzur dəhlizi Ermənistan üçün böyük fürsətdir, çünki dəhliz tam fəaliyyətə başladıqdan sonra 10 noyabr atəşkəs bəyanatının son bəndində qeyd edildiyi kimi, bütün nəqliyyat dəhlizləri regionda yenidən açılacaq. O zaman bu dəhliz investorları cəlb etmək və ilk növbədə nəqliyyat layihələrində iqtisadi artımı stimullaşdırmaq üçün bir yol açacaq.
Bu sözləri Teleqraf.com-a açıqlamasında ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.
Onun fikrincə, eyni zamanda kommunikasiya xətti boyunca təbii qaz kəməri də çəkilə bilər: "Sənaye sahəsində investisiyalar vasitəsilə təbii qazın regiona əlçatanlığından istifadə edərək yeni iş yerləri yaradılacaq, dəhliz boyu bütün ölkələr üçün iqtisadi artım olacaq, sərvət axacaq. Bundan Azərbaycan, Ermənistan, Türkiyə, eləcə də Gürcüstan faydalanacaq".
Metyu Brayza hesab edir ki, bu düzənin reallaşması üçün Ermənistanın siyasəti sabitləşməlidir: "Ermənistanda Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıq etmək istəyən siyasi liderlərə yönəlik qeyri-vətənpərvər və ya satqın ittihamları səsləndirilməməlidir. Ermənistanda ötən ilin iyununda keçirilən parlament seçkilərindən sonra baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıq etmək istəyi ilə razılaşan ermənilərin sayı artmaqdadır.
Getdikcə daha çox erməni onun perspektivi ilə razılaşır və buna görə də Zəngəzur dəhlizinin tezliklə reallaşacağını görəcəyik".