10 Noyabr 2021 20:56
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Musa müəllim, tarixi Qələbənin 1 ilini qeyd etdik. 10 noyabr isə düşmənin kapitulyasiya aktına imza atdığı gündür. Bu tarixi reallığın yaratdığı situasiyanın əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Əvvəlki illərdə noyabr ayının 3 günü bayram olsa da, biz onu ürəklə, sevinc dolu qeyd edə bilmirdik. 9 noyabr Dövlət Bayrağı günü, 12 Noyabr Konstitusiya günü, 17 noyabr Milli Dirçəliş günü olsa da son 30 ilə yaxın bir dövrdə biz bu tarixi günləri tam dolğun bir sevinclə qeyd edə bilməmişik. Amma Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında formalaşan Azərbaycan gəncliyi, güclü Ordumuz düşmən üzərində tarixi qələbə qazandı. Artıq neçə gündür ki, xalqımız bu tarixi günləri necə çoşqu ilə qeyd etməsini müşahidə edirik. Biz bununla da necə bir qürurlu xalq olduğumuzu yenidən dünyaya bəyan etdik. Bütün dünyaya bəyan edildi ki, Azərbaycan xalqını heç vaxt məğlub etmək olmaz. Azərbaycan xalqı hər zaman öz haqqına çatacaq və onu qorumağa qadirdir.

- Tarixi qələbəni şərtləndirən başlıca amillər hansılar idi?

- Preizdent İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti son dərəcə gücləndi. Bu tarixi qələbənin də xalqımıza bəxş olunmasının əsas şərtlərindən biri də məhz dövlətimizin iqtisadi gücünün təminatı idi. 90-cı illərin əvvələrində Azərbaycanın iqtisadi gücü mövcud olmadığına görə, lazımi səviyyədə ölkənin müdafiəsıni təşkil edəcək ordunu qurmaq mümkün deyildi. Bununla da torpaqlarımızın mümkün müdafiəsini təşkil etmək imkanı olmadı. Eyni zamanda o zaman xalqın iradəsini ifadə edəcək siyasi rəhbərliyin olmaması da torpaqlarımızın işğalına imkan yaradan amillərdən idi. Məhz 1993-cü ilin 15 iyununda xalqımızın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev hakimiyyətə dəvət edildi. Onun xilaskarlıq missiyası nəticəsində milli dövlətçiliyimiz dağılmaq təhlükəsindən, ölkə vətəndaş müharibəsindən xilas oldu. Eyni zamanda Ermənistanın işğalçılıq siyasəti dayandırıldı. Bundan sonra atılan addımlar Azərbaycanda bütün sahələrdə mümkün inkişafa nail olundu. Bu prinsipial qərarlardan sonra azərbaycançılıq ideyası ətrafında xalqın ümumi birliyi təmin edildi.

- Zəfərə aparan yolun məntiqi xronologiyasını necə şərh etmək olar?

- Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev siyasətini böyük uğurla davam etdirərək Azərbaycanın haqq işini beynəlxalq miqyasda tanıtmağa nail oldu. Əslində Azərbaycanın 44 günlük müharibədəki qələbənin əsasında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən hesablanan yolun məntiqi ardıcıllığı dururdu. Xalqımız da bunun uğurlu nəticəsini gördü. Bütövlükdə xalqımız düşmənə qarşı mübarizədə Dəmir Yumruq ətrafında birləşdi. Bu əslində Azərbaycan Prezidentinin Dəmir iradəsinin maddilləşmiş simvolu idi. Məhz bu dəmir iradənin sayəsində Azərbaycan Prezidenti müxtəlif istiqamətlərdən olan bütün təzyiqlərin qarşısında mərdiklə dayandı. Bununla da ermənipərəst qüvvələrin bütün niyyətləri puça çıxarıldı.

- Azərbaycanın haqq mübarizəsində dost və tərəfdaşlarının mövqeyi prosesə nə dərəcədə təsirli oldu?

- Qardaş Türkiyə və Pakistanın eləcə də Azərbaycanın haqq işini dəstəkləyən digər dövlətlərin də mənəvi, siyasi dəstəyi ilə bu tarixi qələbə təmin olundu. Ermənilər 30 il ərzində o torpaqları işğalda saxladılar. Amma bu 10 illiklərdə ermənilər orada daşı-daş üstünə qoymadılar. Bu əraziləri düşmən işğalda saxlasa da, o torpaqların səmasına sahib ola bilmədi. Bir dəfə də olsun düşmən hansısa bir təyyarə ilə o ərazilərə gəlmədi. Amma Azərbaycan Qələbənin bir ili tamam olmamış Füzulidə Beynəlxalq Hava Limanının açılışını etdi. Qardaş Türkiyə prezidentinin təyyarəsi bir il öncəyə qədər işğalda olan əraziyə, Füzuli hava limanına eniş etdi. Hazırda işğaldan azad edilmiş ərazilərdə çox böyük quruculuq-abadlıq işləri gedir. Xalqımız da, böyük sevinc hiss ilə məcburi köçkünlərimizin o ərazilərə köçəcəyi günü gözləyir. O gün də uzaqda deyil. Bundan sonra təkcə Azərbaycanı deyil, bütövlükdə bölgəni işıqlı, fərəhli günlər gözləyir. Bu tərəqinin, işıqlı günlərin də memarı Prezident İlham Əliyevdir.

- 10 noyabr 2020-ci il tarixi Azərbaycan və bölgə üçün hansı reallıqlar yaratdı. Bu tarixdən sonra hansı dəyişikliklər baş verdi?

- Bu tarixdən sonra təkcə Azərbaycan və bölgə deyil, bütün dünya bir həqiqəti gördü ki, haqq nazilər, amma üzülməz. Bu həqiqət bir daha təsdiq olundu ki, Azərbaycan xalqının iradəsinə qalib gəlmək mümkün deyil. Eyni zamanda ədalət gec-tez öz yerini tapmalıdır. Dövlət başçısı da müsahibələrinin birində də vurğulamışdı ki, ədalətsizliyə görə, biz hətta ümidsizliyə düçar olurduq. Amma 44 gündən sonra subut olundu ki, dünyada ədələt onun uğrunda ardıcıl mübarizə aparanda bərqərar olur. Bu mənada 10 noyabr 2020-ci il artıq bölgədə davamlı sülhün gələcəyinin müjdəçisi idi. Artıq Azərbaycanın ərazi bütövlüyü təmin olundu. İşğal faktına son qoyuldu. Azərbaycan və Türkiyə mərkəzdə olmaqla bölgədə böyük iqtisadi inteqrasiya prosesi başlayacaq. Sərhədlərin delimitasiyasi və demarkasiyasından prosesi başa çatdıqdan və Zəngəzur dəhlizi açıldıqdan sonra 6 dövlətin iştirakı ilə yeni bir platformanın yaranması təklif edilir. Qədim İpək Yolunun alternativi bir qolu olaraq Bakı-Zəngilan-Zəngəzur koridorundan keçməklə Naxçıvan-İqdır-Qarsla Avropaya bir dəmir yolu xətti açıla bilər. Ümumiyyətlə Bölgədə turizmin inteqrasiyası, əlaqələrin güclənməsi bölgə dövlətlərinə səmərə gətirə bilər. Bütövlükdə dünyaya bir daha sübüt olundu ki, Azərbaycan güclü, qüdrətli dövlət olaraq öz haqqını tələb edən bir ölkədir. İndi 30 ildən çox davam edən ciddi bir münaqişənin, millətlərarası düşmənçiliyin sona çatdığı bir dövrdür. Azərbaycan hüquqi, demokratik bir dövlət olaraq bölgədə digər dövlətlərin haqqlarını, hüquqlarını tanıyır. Başlıca şərt oldur ki, Azərbaycanın haqq və hüquqları da digərləri tərəfindən qəbul edilsin.


Müəllif: Tapdıq Qurbanlı